Sponsor

4.2
(27)

1️⃣ ŞUŞA ŞEİRİ
Müəllif: Rəsul Rza.

Burda nəğmə yaz çiçəyi kimidir:
Tez dayanır, tez gül açır, boy atır.
Burda səhər yuxusundan adamı
Bülbüllərin cəh-cəh səsi oyadır.

Burda hava körpə uşaq kimidir,
Gah tutulur, gah ağlayır, gah gülür.
Burda səhər buludların döşündən
Qayalara qızılgüllər tökülür.

Göylərində at oynadır şimşəklər,
Bir an olur gur yağışı, dolusu…
Əlvan çiçək xalıları yamacda
Baş qaldırır nərgiz, gözü dolu su.

Qayalarda tərlanları qıy vurur,
Dan atanda maral gəlir çeşməyə.
Qız-gəlinlər gün doğmamış oyanır;
Dəstə-dəstə bulaq üstən keçməyə.

Mən torpağın qüdrətinə heyranam,
Yüz ziynəti, yüz rəngi var hər ildə.
İnsan vaxtsız nə qocalar, nə ölər
Torpaq kimi gücü olsa könüldə.

2️⃣ ŞUŞA BIZIMDI! ŞEİRİ
Müəllif: Munis Bayram.


Yaxın, uzaq ellər bilsin,

Şuşa bizimdi, bizimdi!

Dost sevinsin, düşmən ölsün,

Şuşa bizimdi, bizimdi!

Qarabağa düşüb yolum,

Açılıbdır sağım, solum,

Mən Şuşaya qurban olum,

Şuşa bizimdi, bizimdi!

Ər Ali Baş Komandanım!

Rəcəb Tayyip Ərdoğanım!

Hər ikisi mənim canım!

Şuşa bizimdi, bizimdi!

Gözlər gülür, ruh sevinir,

Gah kövrəlir, gah sevinir,

Millətimiz çox sevinir,

Şuşa bizimdi, bizimdi!

Sorağı qədimdən gəlir,

Düşmən bağrını dəlir,

Yer də bilir, Göy də bilir,

Şuşa bizimdi, bizimdi!

3️⃣ ŞUŞA ŞEİRİ
Müəllif: Səməd Vurğun.


Qoynuna girməyə qalmışdır bir az,
Könül fərəhlənib eylədi pərvaz.
Ölməyib görəydim seyrini hər yaz,
Səndə vardır başqa lətafət,Şuşa!

Dağlarından qopar havalı yellər,
Ah,o sərin yellər,səfalı yerlər.
Dağıdıb huşumu divanə eylər,
Vüsalın hər kəsə səadət,Şuşa!

Xırdaca-xırdaca yağışın yağar,
Çən-çisək içindən günəşin doğar,
Bir ağız bir bulaq suyunu içər,
Eyləyirsən yenə qiyamət,Şuşa!

Bir əcəb gülşəndir torpağın,daşın,
Dumanlı dağlardır həyat yoldaşın.
Bir ağrı gördümü ömründə başın,
Ey fitrən xəlq olmuş təbabət,Şuşa!

4️⃣ GÖZƏL ŞUŞA ŞEİRİ
Müəllif: Zahid XƏLİL

Nə gözəldi bu şəhər,
Yaşıl paltar, ağ örpək.
Çətir tutub dumandan,
Ayaqları gül-çiçək.

Bilmirəm hansı sözlə
Vəsf edim bu şəhəri?!
Kirs başının tacıdı
Qarqar gümüş kəməri.

Azadlığa çıxıbdı,
Şuşa yenə nazlanır,
Hər gülün budağında
Bülbüllər pərvazlanır.

Onun küçələrində
Gəzir dahi xilaskar.
Əziz Şuşa qurulur,
Şuşa dirçəlir aşkar.

5️⃣ ŞUŞA ŞEİRİ
Müəllif: Səməd Vurğun.

Naləli bir fəryad qalxdı göylərə,
Bu Bülbül səsiydi, Cabbar səsiydi.
Bağrı qan olmuşdu Şuşanın bugün,
Bu səs anaların ah-naləsiydi.

Gözündən qan yaşlar tökdü torpağım,
Köksünə dəymişdi düşmən ayağı.
Natəvan dözmürdü daşların altda,
Dünyaya düşmüşdü onun harayı.

Xan baba, Seyid də nalə çəkirdi,
Güllələr torpağı dəlib deşirdi.
Çöldə tənha qalan Xarı bülbülü,
Düşmən ayaqlayıb basıb keçirdi.

sponsor 3

İntiqam hissiylə coşurdu Şuşa,
Bu döyüş deyildi, adi tamaşa.
Düşmənin qurduğu hiylə torunda,
Son dəfə canını tapşırdı Şuşa.

Əymə sən başını, başımın tacı,
Nəhayət, tapılar dərdin əlacı.
Ər-aslan oğullar ayağa qalxar,
Ayaqlar altında qalan bayrağı,
Şuşa qalasının başına taxar.

Sən azad olarsan qəmdən, kədərdən,
Bağlı qapıların açılar birdən.
Açılar qaralmış Günəşin üzü,
Onda bayram edər bütün Yer üzü!

6️⃣ “ŞUŞA ILI” – ŞANLI SAVAŞ ŞÖLƏSI” ŞEİRİ
Müəllif: Tapdıq ƏLİBƏYLİ

Şanlı Şuşa – Zəfərimin haqq səsi,
Asimana bülənd olub şöləsi.
Fərəhimi zaman-zaman böləsi…
“Şuşa ili” – “44 Gün” lük sorağım!

İlim – Şuşa, dilim – Şuşa – fəxarət!
Şəhidlərin nəğməsinə nəqarət,
Qazilərin qayəsində şərafət …
“Şuşa ili” – qeyrət rəmzim, bayrağım!

Böz illərin nisgil gözü nəm çəkdi,
Qarabağın sinəsinə qəm əkdi…
Xilaskarla üzüm ağdı, baş dikdi!
“Şuşa ili” – nur çohrəli torpağım.

Qala qamət biçilidi boyuna,
Göz istəyir yaraşığa boylana,
Könül istər bu işığa boyana…
“Şuşa ili” – əsrlərə çırağım!

Azərbaycan, “Şuşa ili”n mübarək!
Xarıbülbül gülümsəyir mələktək.
Vəcdə gəlib illah da ki ruh, ürək!
“ Şuşa ili” – yağılara yarağım.

7️⃣ ŞEİRİMƏ GƏLDİ BAHAR NƏFƏSİ ŞEİRİ
Müəllif: Zahid XƏLİL

Otuz ildi bulaqlar
Dərd-kədər çağlayırdı.
Yolları ot basmışdı
Dərələr ağlayırdı.

Manqalların başında
Araq vururdu yağı!
Ürəyimdə yanırdı
Yüz bayatı, min ağı.

Həsrətlə inləyirdi
Şuşanın dağı, daşı.
Süzülüb qurumuşdu
Qaçqınların göz yaşı.

Birdən dünya diksindi
Haqqın qəfil səsindən.
“Dəmir yumruq” yarandı
Allahın sevgisindən.

Durub bir nərə çəkdi
Hay verdi xalq, səsinə.
Sanki dünya oyandı
Bir qəfil haqq səsinə.

Komandanın səsindən
Qalxdı, dağ-daş oyandı.
Yataqda xallı pələng,
Budaqda quş oyandı.

İgidlər güc aldılar
O İgidin səsindən,
Daha qorxu qalmadı
Düşmənin hiyləsindən.

Qalxdı, ayağa qalxdı
Boz qayalar yerindən!
Elə bil Yer kürəsi
Ayrıldı məhvərindən!

Titrətdi bu dağları
İgidlər – ildırımlar!
Kirs kükrədi yerindən,
Hayqırdı sıldırımlar.

Qopub öz kamanından
Hər igid bir ox oldu.
Ürəkdə qorxu hissi
Bircə anda yox oldu.

Qan qaynadı damarda,
Dağdan-daşdan aşdılar,
Qorxunc dərədən keçib
Qayaya dırmaşdılar

Sonra gedib düşmənin
Tutdular boğazından.
Aldılar göyərçini
Şahin-şonqar ağzından.

Qayıtdı sarı bülbül,
Sevincindən ağladı.
Yenə İsa bulağı
Həzin-həzin çağladı.

Yenə də Həkərinin,
Tərtərin səsi gəldi.
Şeirimə təbiətin
Bahar nəfəsi gəldi.

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 27

İlk səs verən sən ol!

x
PAYLAŞ ⮯

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir