eli kerim seirleri eli kerimin seiri
1
(1)

İki sevgi şeiri

Müəllif: Əli Kərim.

Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mən səni sevirəm
Sususzluğun od vurub köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir
rahatca bardaş qurub,

Kabab üstdən sərin su pis olmaz – deyən kimi
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi
O isə səni sevir
Bir şən mağarda, toyda,
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi
O isə səni sevir,
Gizli deyil ki səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək nə deyirsən!
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm
Nöqtə, nöqtə və nöqtə.


“Bakı Küləyi” şeiri

Müəllif: Əli Kərim.

Demirəm hər zaman gəz bu diyarı,
Sındır budaqları, əy budaqları.
Bəzən də sakit əs, su kimi durul,
Gəlib dalğa-dalğa tökül qoynuma.
Gah da mənə çatıb havada burul,
Burula-burala dolan boynuma.
Amma ürəyimdə bir sözüm də var,
Sən ey soyuq xəzri, isti gilavar!
Gəlsə yuxu kimi bu həyat sənə,
Min bir mübarizə xatırlat mənə.
O güclü dalğalar, o gur dalğalar
Qəfil yerimdən də qoparsın məni.
Gurlasın o ki var, coşsun o ki var,
Yüyürdə-yüyürdə aparsın məni.
Gurla, var gücünlə gurla, ey külək,
Saçımı da dağıt, sinəmdən də bas!
Mən də cavab verim, mənə qulaq as:
Gəl bir də toqquşub döş-döşə gələk!
Görsən tufansızam, görsən rahatam,
Qoyma xumarlanıb evdə də yatam.
Ey Bakı küləyi, səhərə kimi
Sındır pəncərəmi, döy pəncərəmi!..


Əli Kərim şeirləri

“Uşaq” şeiri

Müəllif: Əli Kərim.

Əlimi qaşımın üstünə qoyub,
Boylanıb baxıram uşaqlığıma:
Özüm böyütdüyüm dəcəl çəpişə,
Əlimlə saldığım cənnət bağıma.

Eheyy!! – qışqırıram, baxmayır uşaq,
Bir də qışqırıram, dinmir ki, dinmir.
Başa düşürəm ki, çıxmırmış səsim,
Çox zaman yuxuda olduğu kimi.

Amma, təsadüfən çevrilib uşaq,
Gözləri dolusu baxır uzaqdan,
Birdən fikir verib mən ağ saçlıya
Qaçır,
bir əsər də qalmır uşaqdan.

Nöqsanım,
qüsurum,
mən, bir də qəmim,
Yüyürüb,
yüyürüb,
düşürük həkdən.
Göydəmi, yerdəmi,
ürəyimdəmi
Kimsə qəhqəhəylə gülür ürəkdən:
-Nə fikrə getmisən, – deyir, – nə fikrə,
Bir dərdin olmasa sən də gülərsən,
Atsan yanındakı yoldaşlarını,
Sən məni o zaman tapa bilərsən…


Nə xoşbəxt imişəm bir zaman, Allah” şeiri

Müəllif: Əli Kərimi

Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm,
nə xoşbəxt,
xoşbəxt!
Bu gün eşitmişəm bunu həsrətdən.

Niyə yazmamışam o zaman, Allah,
Əlimə qələm də gəlməyir indi.
De, niyə aradan küləklər əsir?
Aramız, de, niyə belə sərindir?


İçdiyim o su da səadət imiş,
İşə getməyim də, qayıtmağım da.
Ona baxmağım da xoşbəxtlik imiş,
Onu yuxusundan ayıltmağım da.

Dünya başdan-başa səadət imiş,
Mənsə bu dünyanın qoynundayammış,
Dünya fırlanırmış sevinc gücüylə,
Bəs indi nə olub belə dayanmış?

Göylər səadətin çətiri imiş,
Torpaq da səadət məhvəri imiş.
Gecələr toranlı vüsal məskəni,
Hər səhər, ruhumun səhəri imiş.

Dilin quruyaydı sənin, ay həsrət,
Sən bu gün könlümü tarımar etdin.
Ya bunu vaxtında deyəydin mənə,
Ya da ki lal olub heç dinməyəydin.

Dünya başdan-başa səadət imiş,
Görəsən, heç bir də olarmı yenə?
Dünya başdan-başa nə imiş dedin?
Dünya başdan-başa nə imiş, de nə?!


Qayıt” şeiri

Müəllif: Əli Kərim

Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun,
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!

Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halını soruş, könlümü dindir;
Axşamlar yadıma düşür səhərim.

sponsor 3

Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm evə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi-
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı!


“Ağrıya bir-iki söz” şeiri

Müəllif: Əli Kərim.

Ağrı, yaxın gəlmə,
girmə araya.
Get,
yoxdur ölümdən çəkinəcəyim.
Həyatı qorxmadan necə alıbsa
Elə də verəcək mənim ürəyim.
Dəyişmə rəngləri,
qaraltma günü,
Olümün gözünün içinə baxım.
Kimdi vəkil edən səni, bilmirəm.
Çəkil, get, avara,
üzlü qonağım!..
Doğrusu, ölüm də yadımdan çıxıb –
Soxulub girmisən aramıza sən.
De, bu nə hay-küydür?
De, qoruyursan
Mənimi ölümdən,
onumu məndən?
Qoy görüm kişinin sifətini bir.
Qoy baxım,
anlayım kimdir düşmənim.
Görüm ölümü də olduğu kimi,
Düzlüyün vurğunu – könlümdür mənim.

Ölüm xəstəxanada
Zəhləmi tökdü mənim.
Əvvəl çırpındı qəlbim,
Üşüdü də bədənim.
Uzanıram… “tıq!”… qapı…
Durub gəzirəm, – “taraq”.
Lap qır-saqqıza dönüb,
İş-gücü buraxaraq.
Hey gəldi, getdi, baxdım
Ona gülümsəyərək,
Öyrəndim ilantutan
İlana alışantək.
Həftə keçdi, gəlmədi.
Qapı-bacaya baxdım.
Doğrusu, dostum üçün
Bir qədər də darıxdım.
Dedim, bircə gələydi,
Gəlib görəydi məni.
Köçünü birdəfəlik
Bu yerlərdən sürəydi,
Yuxuda gördüm onu:
Boylandı sola, sağa,
Girdi ən axırdakı
Ah-uf gələn otağa.
Durub getdim…
Zəhərli
Dili lap bal dadırdı,
Bir sadəlövh, bir gozəl
Gəlini aldadırdı.


“Mənim Ömrüm” şeiri

Müəllif: Əli Kərim

Ömür tənhalıqda bada gedərdi,
Əgər olmasaydı gözəl insanlar.
Mənimdir onların sevinci, dərdi,
Mənə özüm kimi əzizdir onlar.

Bəzən rastlaşıram özümlə özüm,
Düşəndə bir yerə güzarım mənim.
Yüz gördü, min gördü, çox gördü gözüm
Bir deyil, on deyil məzarım mənim.

Torpağın altında çox darıxıram,
Torpağın üstündə nə qədər şənəm.
Gah sağa göz qoyub, sola baxıram,
Hər yerdə mən varam, hər yerdə mənəm.

Deyib: “Nə tez öldü, nə nakam öldü” –
Bəzən gül qoyuram məzarım üstə,
Deyirəm: az güldü, çox azca güldü,
Qoy gülüm, qalmasın arzusu gözdə.

Baxsan bu dünyanın ha tərəfinə,
Bir yerdə qəbrim var, on yerdə sağam.
Göy uçsa, yer qopsa ölmərərn yenə,
Hələ neçə dəfə doğulacağam.


“Atamın xatirəsi” şeiri

Müəllif: Əli Kərim.

O sərt idi səhər dərsə tələsəndə mən
Bildirməzdi yolda durub boylandığını
Bircə dəfə söz açmazdı qəlbindəkindən
Söyləməzdi övlad üçün çox yandığını

Gizli-gizli məni süzüb gülərdi hərdən
Durub-durub güc gələrdi əyri qəlyana
Övladına bircə dəfə can söyləməkdən
Övlad üçün can verməyi asandı ona

Zəhmətsevər, ağır, enli, cod əli vardı
Tale kimi endirərdi çiynimə hərdən
Sərt üzünə bircə anlıq səhər doğardı
Bilməzdim ki, hansı nurlu düşüncələrdən

Sevgisi də soyuq idi təzə əkini
Hər bəladan hifz eləyən qalın qar kimi
…Moskvada oxuyurdum tərk etdi məni
Gələn zaman bir əbədi ayrılıq dəmi

Gah istəyib məni görə
Gah deyib ki, mən
Qoy bilməyim, o utanıb öz ölümündən
Ah o niyə belə etdi, bu nə qübardı
Nə zamansa bu nişanda bir atam vardı…


QAYTAR ANA BORCUNU ŞEİRİ
Müəllif: Əli Kərim.

Bir gözəl, bir sevimli oğul böyütdü ana.
O bəd, uğursuz günü – ərinin öldüyünü
Bildirmədi heç ona.
Kədəri dalğa-dalğa doldusa da ürəyə,
Lakin nə saç yolaraq verdi əsən küləyə,
Nə şivən etdi ana.
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
Dözərək davanın da dərdinə, bəlasına,
Öz boğazından kəsib yedirdi balasına…
Bir oğul böyütdü ki, gur, çatma qaş, gensinə.
Bir oğul böyütdü ki, oğul deyirəm sənə…

Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,
Oğul instituta qızıl medalla girdi.
Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!”

Ana yuxularında tez-tez Bakıya getdi.
Ana məktub yazdı ki: “Yanıltma gümanımı,
Pul nədir, pul deyirsən, göndərərəm canımı”.
Nə zaman ki oğlunun getdiyi dörd il oldu,
Məktubları kəsildi, gəlmədi tətil oldu.
Ananı fikir aldı, ananın əsdi dizi,
Ana müqəssir etdi tramvayı, dənizi.
O yenə dözdü, durdu… O yolmadı saçını,
Səslədi qonşuları Əsmər, Çiçək bacını.
Yenə də azalmadı ürəkdən bala dərdi,
Onlar oğul vermədi, onlar təsəlli verdi.
Məktub məktub dalınca axdı, Bakıya axdı,
Ana da məktubların dalınca baxdı, baxdı…
Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,
Məktublar əzik-üzük, məktublar bezdi gəldi.
Ana yenə də baxdı gah dolama yollara,
Gah da oğul boyuna həsrət qalan qollara.


Ana oğul böyütdü gur, çatma qaş, gensinə,
Ana oğul böyütdü, özgəyə qismət oldu.
Ana fikirləşdi ki, mən neyləmişəm sənə?
Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?
…Ana bilsəydi əgər, böyütməzdi oğlunu,
Yox, bunu yandım dedim, yenə atmazdı onu.
Bir gözəl, bir sevimli oğul böyütdü ana,
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
Oğul! Nədir etdiyin bəs bu haqq-say üçün?
Qaytar onun ömrünə neçə gecə, neçə gün!
Qaytar onun saçının qaralığını geri.
Qaytar o dilindəki şirin-şirin sözləri!
O sözü, o söhbəti, gülüşü anan verib
Ana dodaqlarından bala dodaqlarına.
İndi ondan gen gəzən oğul, ayaqlarına
Yerişi anan verib.
Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
Qaytarsan o yerişi, yerindəcə qalarsan.
Qaytarsan o gülüşü, hırıldamazsan daha.
Qaytar, qaytar onları, qaytar, qoyma sabaha!

Sən ki dərd verdin, oğul, sənə gülüş verənə,
Oğul demərəm sənə!
Deyirəm ki, o boyu, buxunu qaytar geri!
Deyirəm ki, varını, yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar ana borcunu,
O borc sənin özünsən, özünü qaytar geri!


Bənzər mövzular:

Axtarış sözləri: əli kərimin şeirləri,eli kerimin seirleri,eli kerim seirleri,qaytar ana borcunu eli kerim,əli kərim ata şeiri,əli kərim atamın xatirəsi,əli kərim şeirləri,əli kərim ata seiri,əli kərim iki sevgi,qaytar ana borcunu əli kərim,əli kərim ana şeiri,əli kərim seirleri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 1 / 5. Səs sayı: 1

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir