[quads id=7]

Naxçıvana həsr olunmuş şeirlər

Naxçıvana aid şeirlər, Naxçıvan mövzulu şeirlər naxçıvan haqqında şeir
1.8
(4)

“Naxçıvanım” şeiri

Müəllif: Rahilə Dövran

Əfsanəmdir, tariximdir, həm varlığım,
Yenilməyən, od bayraqlı sərdarlığım.
Əshabül-kəhf, Nuh yaddaşlı, daş yarlığım,
Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

Daş dövründən bu günümə iz salmısan,
Hünərinlə, qeyrətinlə, ucalmısan.
Zəmanənin tufanından ad almısan,
Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

Hər qarışı savaşlardan söhbət açan,
Zirvəsində şahinləri yüksək uçan.
Ata-Ana Odlar Yurdu,-Azərbaycan,
Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

Bir kimsənin torpağında tamahı yox,
Tarix boyu gözü, könlü olubdur tox.
Bol sərvəti yad gözlərə tuşlanmış ox,
Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

Dağlarında bənd olubdur göyün tağı,
Sipəridir,səngəridir hər bir dağı.
Kəmki, Darı, Əlincəsi, Haçadağı,
Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

Döyüşlərdə oğulları öndə gedər,
Alimləri, dahiləri,-bax nə qədər.
Məmməd Səid, Cəlil, Cavid,, Ata Heydər,
Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!


“Dahilər məkanı, gözəl Naxçıvan” şeiri

Müəllif: İlkin Abbas

Ruhumun qidasın səndən almışam,
Bir quru canım var, o sənə qurban.
Qoynunda boy atıb, mən ucalmışam,
Dahilər məkanı, gözəl Naxçıvan.

Qədim tarixlərin izi səndədir,
Şeirin, sənətin gözü səndədir,
Cəlilin, Məmmədin sözü səndədir,
Dahilər məkanı, gözəl Naxçıvan.

Üstünə düşməsin düşmən kölgəsi,
Sən Ulu öndərin şux, məğrur səsi,
Səndədir Möminə Xatun türbəsi,
Dahilər məkanı, gözəl Naxçıvan.

Sürür torpağında hamı xoş həyat,
Torpaq bərəkətli, yaşamaq rahat,
Sanki bir cənnətdir Şahbuz, Batabat,
Dahilər məkanı, gözəl Naxçıvan.

Əshabü-Kəhf sənin cismində canın,
Dürrdür, gözəllikdir sənin dörd yanın,
Ordubad-incisi Azərbaycanın,
Dahilər məkanı, gözəl Naxçıvan.

Səsin ucalıbdır ulduza, aya,
İnsan ləzzətindən de nə cür doya?
Saysam gözəlliyin gəlməz ki saya,
Dahilər məkanı, gözəl Naxçıvan.


“Mənim Naxçıvanım” şeiri

Müəllif: Məmməd Araz

Sinəmdə o yerin dağ havasıdır,
Qaynar bulaqları qaynar qanımda.
Mənim ürəyimin bir parçasıdır
Doğma Şahbuzum da, Naxçıvanım da.
 
Bir bağban əli var təbiətində-
Dağda çiçəyi bol, bağda barı bol.
O, yaxın dostudur təbiətin də
Yayda günəşi bol, qışda qarı bol.
 
Mən burdan baxıram bütün aləmə,
Bu yerin qışı da yazımdır mənim.
Axan çaylarına lal sudur demə,
Onlar min nəğməli sazımdır mənim.
 
Seyr elə Arazı bir yaz səhəri,
Bir tarix dil açır onun səsində.
Bu yerin min dərdi, min də kədəri
Yazılmış Atabəy məqbərəsində.
 
Yaxşı bax, hər qara  qayanın, dağın,
Dibi Zərdüştlərin ocaq yeridir.
O gündən üstündə ana torpağın
Qalan min yağının ləpirləridir.
 
Biz nöqtə qoymuşuq acıya, dərdə
Ömrü ulduzlardan almışıq indi.
Babamız qəm əkib, qəm biçən yerdə
Çiçəkli bağ-bağat salmışıq indi.
 
Hanı Qəmküsarın qəm şəlaləsi,
Qəlbində apardı neçə dərdi o.
Çatsa qulağına bu günün səsi
Ayılıb adını dəyişərdi o.
 
Şəhərim çırağban, kəndim çırağban
Kəhkəşan sinəmdən nur alsın deyir,
Onun gecəsinin işıqlarından
O tayın gündüzü işıq istəyir.


“Naxçıvan Gecələri” şeiri

Müəllif: Rahilə Dövran

Gündüz Ona hamı aşiq,
Axşam başqa bir yaraşıq.
Çil- çıraqdır, nur qarışıq,
Naxçıvanın gecələri.

Hər köşədə bir çal- çağır,
Bayram edir zəfər, uğur.
Sanki göydən ulduz yağır,
Naxçıvanın gecələri.

Alqışlayır dostu, yarı,
Vəfadarı, düz ilqarı.
Könül açan “Arazbarı”,
Naxçıvanın gecələri.

Tərk edibdir qəm, kədəri,
Firəvanlıq bəzək, zəri.
Alqışlayır xoş səhəri,
Naxçıvanın gecələri.

sponsor 3

Əcəminin ruh, nəfəsi,
Ana Xatun məqbərəsi.
Atabəylər əfsanəsi,
Naxçıvanın gecələri.

Nazlanır “Qızlar Bulağı”,
Aşiqlər olur qonağı.
Allanır üzü, yanağı,
Naxçıvanın gecələri.

Ay şövq ilə yana- yana,
Sığal çəkir həyəcana.
Ilham, təb gəlir Dövrana,
Naxçıvanın gecələri…


Naxçıvana aid şeirlər, Naxçıvan mövzulu gözəl şeirlər

“Bütün istəyinə çatıb Naxçıvan” şeiri

Müəllif: İbrahim Yusifoğlu

Bu gün Yer kürəsi öz məhvərində,
Ulu bir diyarla öyünür hər an.
Dünyanm döyünən düz ürəyində,
Özünə yer tutub, durur Naxçıvan.
 
Tanrıdan pay gələn sərvət-varı var,
Tükənməz qoynunda gövhəri-zəri
Boyca kiçik olan müqəddəs torpaq,
Bəxş edib cahana böyük Heydəri.
 
Elə o dühayla ən ağır anda,
Zamanla üz-üzə durdu Naxçıvan.
O Ulu Öndərin qayğılarıyla,
Yeni günlərini qurdu Naxçıvan!
 
Qəlblər ovsunlayır torpağı, daşı,
Şəfəqə bələnir doğulanda dan.
Çox qədim olsa da, tarixdə yaşı,
Gənclik libasını geyib Naxçıvan!
 
Şərqin qapısıdı, Nuhun yurdudu,
Nəsillər yaşayır «Gəmiqaya»da.
Məğrur «Əlincə»di, qalib ordudu,
Sədərək sınmadı düşmənə, yada.
 
Mənim Naxçıvanım Odlar Yurdunun,
Qeyrət qalasıdı, ər balasıdı.
Günəş qürub çağı büsbütün onun
Çöhrəsi Şahbuzun dağ lalasıdı.
 
Bol nemət yetirən varlı elləri,
Kəhraba üzümlü, heyva, narlıdı.
Sevinc təknəsidi gələn illəri,
Ordubad bəhrəli, Şərur barlıdı.
 
Qoynunda çağlayan «Qızlar bulağı»,
Sevən ürəklərə məhəbbət ələr.
«Sirab», «Badamlı»tək əvəzsiz varı
Çoxları dərdinin dərmanı bilər.
 
Memar Əcəminin gənc nəvələri,
Tikirlər, qururlar, gözəlləşibdi.
Müstəqil günündən ta üzü bəri,
Gözəl məmləkətə bərabər — birdi.
 
Ay kimi nur saçar, ulduztək yanar,
Çiçək dənizidi qoynunda hər yan.
Onu hər kim görsə bəxtəvər sanar,
Bütün istəyinə çatıb Naxçıvan.


“Canım, gözüm Naxçıvanım” şeiri

Müəllif: Xaliq Məmmədov

Səfalıdır hər torpağın.
Hər qarışın, hər bir bağın.
Solun düşmən, qardaş sağın.
Canım, gözüm Naxçıvanım.

Torpağına qurban olum.
Sənlə gülüm, sənlə dolum.
Sənə gəlir hər bir yolum.
Canım, gözüm Naxçıvanım.

Çox gözəldir Batabatın.
Hər qarışın, kəhlən atın.
İzin ver qoynunda yatım.
Canım, gözüm Naxçıvanım.

Müalicədir o duz dağı.
Yerdən çıxan zor bulağı.
Həsrətini çəkir yağı.
Canım, gözüm Naxçıvanım.

Keçib burdan Nuh gəmisi.
Vardır Cavid məqbərəsi.
Koroğlunun o nərəsi.
Canım, gözüm Naxçıvanım.

Rayonlardan gözəl Şərur.
Bu qəlbimdə özəl Şərur.
Naxçıvanı bəzər Şərur.
Canım, gözüm Naxçıvanım.


Bənzər mövzular:

Axtarış sözləri: naxçıvan haqqında şeirlər,naxcivana aid seirler,naxcivan haqqinda seirler,naxçıvan haqqında şeir

YAZIYA QİYMƏT VER!😉

Ortalama 1.8 / 5. Səs sayı: 4

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir