[quads id=7]
Musa yaqub seirleri musaq yaqubun
5
(8)

ANA ÖMRÜ ŞEİRİ

Müəllif: Musa Yaqub.


Ana ömrü bir laylanın diliylə
Sənə yanmış, mənə yanmış bir ömür.
Ana ömrü körpəsinin əliylə
Yuxuları oğurlanmış bir ömür.
Ata ömrü davalarda itəndə,
Ana ömrü təklənən bir ömürdür.
İki ömrün cəfasını daşıyıb,
Həsrət ilə yüklənən bir ömürdür.
Ana ömrü balasının gözündən
Baxışıyla sevinc içən bir ömür.
Bəzi nankor övladların üzündən
Son günündə tənha köçən bir ömür.
Bir parçası mətbəxlərə tökülmüş,
Bir parçası bələklərə bükülmüş.
Bir parçası xatirələr dumanı…
Bir parçası ər ömrünün qurbanı.
Bir parçası oğul toylu-busatlı,
Bir parçası nəvə eşqli-qanadlı.
Bir parçası qızlarından nigaran…
Ağuşunda qəzəbləri uyudan,
Dünyamızda hərb odunu soyudan
Ömrümüzə səpələnmiş bir ömür.


QAR ŞEİRİ

Müəllif: Musa Yaqub.

Ulduz tək üstümə səpələn, ey qar,
Geyindir əynimə ağappaq donu.
Sənin ki, bu qədər təmizliyin var,
Bağışlamaq olar soyuqluğunu.
Ulduz tək üstümə səpələn, ey qar.
Belə təmizliklə isinmək olar.


AYIRMA ŞEİRİ

Müəllif: Musa Yaqub.

Hicranımsan, əzabımsan, ahımsan,
Daha məni bu ahımdan ayırma.
Belə yaşda günah işlər görürəm
Gəl ömrümü günahımdan ayırma.

Gül ovcunda ümid verdi bir sıxım,
Bu sıxımı nə dağıdım, nə yığım?!
Güvəndiyim, boylandığım,baxdığım,
Allah, məni Allahımdan ayırma.

Bu sevda bir ümidgah, bir vədəgah,
Saldı məni sevincə gah, dərdə gah.
Bəxt yolumda fərəh yatıb, dərd agah,
Yatanımı agahımdan ayırma.

Ahım Habil kamanında dügahım,
Bu sevdada uyumaqdır günahım.
Ey dərgahım, bircə sənsən pənahım,
Öldür məni, dügahımdan ayırma.

Bu çiçəyi nə qoxlayım, nə üzüm.
Qoy yolunda ömür qoyum, can üzüm.
Açıl görüm dan ulduzum, dan üzüm,
Açıl məni sabahımdan ayırma.



TORPAQ ŞEİRİ

Müəllif: Musa Yaqub.

Torpaq müqəddəsdir,
Torpaq müqəddəs,
Gərək yadımızdan çıxmasın bu dərs
O, ürək kimidir – satıla bilməz,
Vətəndi,
atadı,
anadı torpaq.

Odur ilk mayası yoxun, varın da,
Soyumaz nəfəsi qışın qarında.
Yerdən ulduzlara uçanların da
Ümidi torpaqdır, qanadı torpaq.

Gərək tər tökəsən hər qarışına,
O da ruzusunu tökə başına.
Quru kəsəyinə,
çopur daşına
Tum səpən deyər ki, canadı torpaq.

İndi ki, xamı da,
yorğunu da var,
O da bir canlıdır bizdən haqq umar.
Bitirər sünbülü iki şah damar:
Bir adı zəhmətdir, bir adı torpaq…

Musa Yaqub şeirləri…

MƏNİM KAİNATIM ŞEİRİ

Müəllif: Musa Yaqub.


Dünyaya gəlmədim hayla-harayla,
Bir sakit guşədə
bir döşdəyəm mən
gündüzlər günəşlə,
gecələr ayla,
Səhərlər quşlarla
görüşdəyəm mən.
Hər yerdə səma var –
günəşli, parlaq,
Hər yerdə torpaq var –
çeşməsi qədim.
Mənsə bu torpaqdan günəşə baxmaq,
Bu yerin suyundan içmək istədim.
Gözüm nə qədər ki, işlər uzağa
O düzlər,
dərələr görüş məskənim.
Budağım havaya,
köküm torpağa
İşləyən qədərdir ülfətim mənim.
Durduğum yerindir aldığım nəfəs,
Mənim ad-sanımı bu torpaq bilər.
Hələ ≪filan ağac≫ deməyib heç kəs,
≪Filan yerdə bitən ağac≫ deyiblər.
Hansı çiçəklər ki,
burda uyuyar,
O çay ki, yanımdan axır sübhədək,
O yer ki, nəğməmi
eşidib duyar –
mənim kainatım bunlardır, demək.


VARDIR ŞEİRİ

Müəllif: Musa Yaqub.

sponsor 3

Bir bax gül-çiçəklər qucaq-qucaqdır,
Elə bil hər gülün çətri başqadır.
İnanma, desələr, torpaq torpaqdır
Vətən torpağının ətri başqadır.

Burda hər meşənin min bir ağacı,
Burda hər ağacın yamyaşıl tacı,
Burda hər tac üstə sarmaşıq saçı,
Hər saçın küləkdən darağı vardır.

Burda hər budağın şeyda bülbülü,
Burda hər bülbülün qönçə bir gülü,
Burda hər qönçənin yaşıl bir tülü,
Hər tülün xırdaca saçağı vardır.

Burda hər yamacın çiçəkdir daşı,
Burda hər çiçəyin şehdir göz yaşı.
Burda şeh damlası bir üzük qaşı,
Hər qaşın qızılı qurşağı vardır.

Burda sərər düzə lalələr xalı,
Burda hər xalının qara bir xalı.
Hər xalda şirin bir şair xəyalı,
Burda hər xəyalm oylağı vardır.

Burda qayaların daşdır suvağı,
Burda hər daş üstə qartal caynağı.
Caynaqlı hər daşın bir buz bulağı
Burda hər bulağın qonağı vardır.

Harda bu saydığım gözəllik olsa,
Orda Azərbaycan torpağı vardır.

.


PAYIZ DUYĞULARI ŞEİRİ

Müəllif: Musa Yaqub.

Payızın hökmüylə əsdi bir külək,
Bir yaşıl səltənət çovğuna düşdü.
Ağaclar bir yaş da qocaldı demək,
Bir yarpaq nəsli də qırğına düşdü.
Aldı verdiyini geriyə torpaq,
Qazancı nə oldu bağın-bağçanın.
Bir yarpaq boy atdı körpə bir uşaq,
Ömründən bir yarpaq düşdü qocanın.
Palıdlar tab etdi sükuta, yasa,
Gilas yarpaqları qızardı düşdü.
Hansı bəxtəvərin, növcavanınsa
Üzünə bir yarpaq qızartı düşdü.
Çox yarpaq tökümü görüb yerimiz,
Soraq tutmaq olmur cığırdan, izdən.
Torpaq altındakı əzizlərimiz
Yenə də bir yarpaq gen düşdü bizdən.
Bir yarpaq da düşdü Bəzz qalasına,
Divarlar bir yarpaq çökdü aşağı.
İgid Babəklərin, Koroğluların
Bir yarpaq uzaqdan gəldi sorağı.
Yarpaqlar, belədir zamanın hökmü,
Tökülün, əbədi ömrə tamarzı.
Tarixin yüz ilin yarpaq tökümü
Olacaq bir yarpaq yaddaş kağızı.
Payızın ağzından əsdikcə külək,
Bir yaşıl səltənət çovğuna düşdü.


Payız üşüyür şeiri

Müəllif: Musa Yaqub.

Gün dəyən əbrüşüm yarpaqlarında
Sanki əllərini isidir payız.
Qızılı yarpaqlar qaralıb bir az,
Elə bil Gədəbəy misidir payız.
Payız üşüyür…

Üryanlar titrəyir soyuq küləkdə,
Söhbət indi oddan, körükdən gedir,
Qovaq yelpiklənir gümüşü rəngdə,
Budağın zəhləsi yelpikdən gedir.
Payız üşüyür…

Yoxdu yarpağında o zövqü-səfa,
Şehotu üstündə buğlanır hava.
Damlalar böyüyür, düşür torpağa,
Yapışıb qanadı kəpənəklərin
Arılar özünü çəkir qırağa.
Payız üşüyür…

Yığılıb bostandan əllər, ətəklər,
Çürük yemişlərin ağarır dişi.
Yığıb arısını qaçır pətəklər,
Şanda arıların yarımçıq işi,
Alıb yarısını qaçır pətəklər.
Payız üşüyür…

Addımdan qaralan qırov cığırlar,
Əriyə-əriyə yola çıxırlar.
Payız yoxuşunda sinəm tövşüyür,
Payız üşüyür…


İNSAN KÖMƏYİNƏ ŞEİRİ

İnsan köməyinə ehtiyac duyub,
İşim çətinliyə düşəndə bəzən,
Aldığım,
verdiyim salama uyub
hər dostu sınamaq
istəmirəm mən.
Nə bilmək olur ki,
tanış-bilişdən
Gördüyüm bir quru söz olacaqsa,
Bəzi dostlarımın,
Sabir demişkən,
Astarı çevrilib üz olacaqsa,
Qalmaq istəyirəm öz minnətimdə;
Deyirəm
salamlı dostlarım haqda
Qalım o əvvəlki təsəvvürümdə,
Qalım o əvvəlki sədaqətimdə.
İxtiyar sahibi dostlar görmüşəm,
İstəsə yox edər hər çətinimi.
Amma stolları önündə hər dəm
Bitmək istəmirəm bir ağac kimi.
Bəlkə heç dediyim göyərməyəcək,
Kiminsə cavabı sərt olacaqsa,
Sözüm qalacaqsa
əldə, ayaqda,
Mənimçün bu da bir dərd olacaqsa,
Qoy qalsın bir yana ≪baxım≫, ≪görüm≫ də;
Stollu,
möhürlü dostlarım haqda
Qalım o əvvəlki təsəvvürümdə,
Qalım o əvvəlki sədaqətimdə.
Xoş gün elə özü
arxadır bizə,
Sevinci hər kəslə bölüşmək olar.
Biz həyat yolunda səfərdəyiksə,
Asfalt yolda belə işləmək olar.
Yıxılsam,
deyirəm qoy qalxım özüm,
Yaxşıya da dözüm,
pisə də dözüm.
Dar gündə adama
xoşsa da kömək,
Dostları zəhmətə salmaq nə gərək.
Dost var
görüşməkçün yaranıb əli,
O əldən tutmağı bacarmaz axı,
Onu xəcalətə salmaq nə gərək…
Qalmaq istəyirəm öz minnətimdə,
Bəlkə dözümləri yoxdur sınaqda;
Salamlı,
stollu dostlarım haqda
Qalım o əvvəlki təsəvvürümdə
Qalım o əvvəlki sədaqətimdə.


Qoca vələs şeiri

Müəllif: Musa Yaqub.

Budaqları yorğun düşən,
Yarpağına qırğın düşən,
Gövdən düyün, para-para,
Qabığında balta yeri köhnə yara,
İçin qalay, çölün bürünc,
Sonuncu səs, axır nəfəs,
Qoca vələs!

Bəs hardandı səndə bu güc? –
Bizə mətləb anlatmısan,
Kökün üstə kök atmısan,
Hər şivin bir ağac olub,
Pöhrən qulac-qulac olub -0
İmana bax, amana bax
Güvəndiyim gümana bax.

Taqor deyir,
Hər doğulan təzə uşaq –
Tək Allahın hələ bizə –
İnsanlara inanmağı
Deməkdir bu,
Yəni insan tərəfində
Dayanmağı deməkdir bu –
Bu kəlama qulaq asdım,
Ürəyimə səni yazdım,
Qoca vələs!

Vuran insan, qıran insan..
Amma yenə
İnsanlara inanmısan,
Bu inanca görə sağ ol!
Şiv ağaca görə sağ ol!
Sən deyirsən:

Mən gedirəm,
Qalanlara salam olsun!
Mən deyirəm:

Kök üstə kökp0p0
Salanlara salam olsun!
Sən deyirsən:

Qırğınlara xitam verən
Mişarlara, baltalara
Dəhrələrə salam olsun!
Mən deyirəm:

Bizə qalan bu şivlərə, pöhrələrə,
Qızılyarpaq çöhrələrə
Salam olsun!
Pöhrənəfəs, yaşılhəvəs
Qoca vələs!

Meşəmizin qoca yaşı,
Yurdun ulu vətəndaşı,
Ömür keçir, gün əriyir,
Doymaq olmur bu dünyadan,
Tamaşadır bu dünyanın işi qərəz
Qoca vələs! Qoca vələs!


Axtarış sözləri: Musa Yaqub şeirləri,Musa Yaqub seirleri,Musa Yaqub sevgi şeirləri, Musa Yaqubun seirleri

Ramiz Rövşən Şeirləri
Məmməd Araz şeirləri (I cild)

YAZIYA QİYMƏT VER!😉

Ortalama 5 / 5. Səs sayı: 8

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir