[quads id=7]

Məmməd Araz şeirləri (I cild)

memmed araz seirleri memmed araz sevgi seiri
4.7
(13)

Böyük şair Məmməd Arazın müəllifi olduğu 18 seçmə şeir (I cild əsərindən)

SEVGİ NƏĞMƏSİ ŞEİRİ

Müəllif: Məmməd Araz

Bir sevgi nəğməsi yaradım deyə,
Bu axşam bulanıb, duruluram mən.
Onu düşünərkən bilmirəm niyə
Başqa bir nəğməyə vuruluram mən.

Kiçik bir mahnını bəstələyincə
Xəyalın min eli dolansın gərək.
Sevən bir ürəyin səsini necə,
Necə dinləməsin sevən bir ürək…

Yenə dillənirsən qonşu otaqdan,
“Sus” demək gəlmir dilimdən, ay qız.
Dalmışam nəğmənə yenə bayaqdan,
Almısan nəğməmi əlimdən, ay qız.

Elə bil, deyir ki, qopan bir səda,
“Divar aramızda daşdan olsa da,
Gərək daş olmaya ürəklərimiz,
Bir varaq eləyək iki qəlbi biz”.

Susuram önündə o şeriyyətin,
Ürəyim dolsa da, ağ qalır kağız.
Qələmsiz, kağızsız ilk məhəbbətin
Yazır nəğməsini qəlbimə o qız.


BİR SƏNİN EŞQİNLƏ ŞEİRİ

Müəllif: Məmməd Araz

Yenə varaqlandı könül kitabım
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Düşündüm gül açır, bülbül oxuyur
Bir sənin, bir sənin eşqinlə, gözəl!

Sinəmə bir eşqin sazını asdım,
Hər könül nəğməmi o dedi, yazdım.
Çox eşqin səsinə qulaq da asdım
Bir sənin, bir sənin eşqinlə, gözəl!

Gah odsuz, alovsuz pərvanə oldum,
Eşqinlə güləcək divanə oldum.
Bəlkə yüz gözələ biganə oldum
Bir sənin, bir sənin eşqinlə, gözəl!

Qəm-kədər üzünə tutanda pərdə
Qəmləndi çaylar da, şəlalələr də.
Sandım-doğur günəş, gülür səhər də
Bir sənin, bir sənin eşqinlə, gözəl!

Sənsiz bir anıma dedim bir ildi,
Dərdimi nə bacı, nə ana bildi…
Məhəbbət önündə qəddim əyildi
Bir sənin, bir sənin eşqinlə, gözəl!


ÖTƏN GÜNLƏR ŞEİRİ

Müəllif: Məmməd Araz

Gəl daha tənəli sözlərdən əl çək,
Olub-keçənləri gətirmə yada.
Bəzən yarıkönül gülümsəyərək,
Hər sözü-söhbəti üzə vurma da…

Bu sorğu-suallar nəyə gərəkdir,
Gərək unutmağı bacara insan.
Canın dağ da olsa, əriyəcəkdir
Hər günün dərdini ürəyə yığsan…

(Ey qadın ürəyi, ey sirli dilbər,
Bir xəzan görməsin gülün, gülşənin!
Deyirəm, inamsız olduğun qədər
İnamın olaydı dünyada sənin…)

Fikirli görürəm səni hər axşam,
Məni eşqimizə yadmı sayırsan?
Bəlkə gözəlləri unudub tamam,
Səni sevdiyimə inanmayırsan?

Doğrudan ömrümdə faciə vardı,
Uydum gözəlliyə, uydum əzəllər;
Məni də zəhmətdən, işdən ayırdı
Zəhmətsiz gözəllər, işsiz gözəllər…

Alıb “oynatdıqca” qəlbimi onlar
Xəyalım, ilhamım yerində saydı.
Şersiz, nəğməsiz ötən bu anlar
Bir şair ömrünə yazılmayaydı…

Sonralar yandırıb-yaxır insanı
Ötəri əyləncə, ötəri həvəs.
İnan ki, ehtiras aldatmayanı
İnci də, kövhər də aldada bilməz.

sponsor 3

Hələ də göynəyir ağrının yeri,
Vaxtında onları oda yaxmadım.
O qansız, duyğusuz daş ürəkləri
Vaxtında qoparıb daşa çaxmadım.

Vaxt oldu qapıldım nifrət hissinə,
Od alıb, alışdı qəlbimin başı.
Mərhəmət gətirdi könlümə yenə
Yalan sevgi nazı, saxta göz yaşı.

Hərdən düşündükcə o günləri mən,
Ürək də sinəmdə tufan qoparır.
Sevgilim, “min ilin dərdini bəzən
Bir anın sevinci yuyub aparır”.

Silinsin qəlbindən qəmlər, düyünlər,
Yüz ilin, min ilin sorağı kimi.
Ömrün budağından qopdu o günlər
Saralmış bir payız yarpağı kimi.
Gəl daha tənəli sözlərdən əl çək,
Olub-keçənləri gətirmə yada.
Bəzən yarıkönül gülümsəyərək,
Hər sözü-söhbəti üzə vurma da…

Gəl yenə söhbət aç saf eşqimizdən,
Tək səni ömrümün günəşi saydım.
Bəlkə də seçməzdim yaxşını pisdən
Həyat yollarında yanılmasaydım…


O BAXIŞLAR ŞEİRİ

Müəllif: Məmməd Araz

O, məni görərkən dayandı bir an,
Dalğın baxışları mənə tanışdı…
Eşqin mənasını duyduğum zaman
Məni o baxışlar yaralamışdı…

İndi o dayandı, sözü var kimi,
Mən yana baxsam da, o mənə baxdı.
Elə bil sıxlaşan buludlar kimi
Bu saat sinəsi boşalacaqdı…

Dilində üç dəfə səsləndi adım,
Sanki öz adım da çıxdı yadımdan.
Onu dindirmədim, danışdırmadım,
Getdi, yaralanmış getdi yanımdan.

O getdi, sahilə baxdım bir qədər,
Mən orda açmışdım ona qəlbimi.
Dayandı gözümdə dalğalı Xəzər,
Mənim ilk eşqimin şahidi kimi…

O çağlar xəyalda yaşadı yalnız,
Aldı məhəbbəti şöhrətmi, nəmi?
Başqa birisinə uyaraq o qız,
Oduna yandırdı odlu sinəmi.

Bəs indi qarşımda dayandı nədən,
Yenəmi, ürəyi məndə qalırdı?
Bəlkə bir röya tək çəkilib gedən
İlk eşqi, ilk andı xəbər alırdı.

Bəlkə öz işindən peşmandı, nahaq
Əl verib, onunla barışmadım mən.
İlk eşqi qəlbindən çıxarıb nə vaxt
Necə atdığını soruşmadım mən…

Bəlkə ürəyinə yol tapıb kədər,
Mənimlə bölüşmək istədi bir az…
(Könül, təəssüfə qapılma hədər,
Axan su bir daha geri qayıtmaz…)

O gündən bəridir həftələr, aylar
Ömrümdən-günümdən gəlib şən keçir.
Lakin düşündükcə, bulanıq çaylar
Sanıram kükrəyib qəlbimdən keçir.

Deyirəm özümü danlayım barı-
Ürəyi ürəkdən araladım mən.
Məni yaralayan o baxışları
Niyə yaraladım, yaraladım mən?!


Məmməd Araz şeirləri (I cild)


ÖMÜR ŞEİRİ

Müəllif: Məmməd Araz

Bir gün həyatımda yellər qopacaq,
Ömür öz tağından salacaq məni.
Neçə il üstündə gəzdiyim torpaq
Bir gün də qoynuna alacaq məni.

Qəbrimdən göyərən otları külək
Yayıb göyərdəcək dərədə, düzdə,
Bəlkə sinəm üstə bitən bir çiçək,
Gəzəcək nə qədər sinələr üstə.

Ömür də bir borcdur əlli il, yüz il,
Bədbəxtdir az yazıb, çox yaşayanlar.
Şair dost, ömrünü yaşında deyil,
Yazdığın nəğmənin ömründə axtar.


İNSAN ÜRƏYİ ŞEİRİ

Müəllif: Məmməd Araz
(Unudulmaz, görkəmli aktyorumuz
Ələskər Ələkbərovun xatirəsinə)

Bir şair demişkən yel əsdi yaman,
Başladı bir nəslin yarpaq tökümü.
Qopdu bir ömür də öz budağından,
Qopdu saralmamış bir yarpaq kimi.

Əcəlin nə ağır qanunu varmış,
Ölümün gülləsi dəydi hədəfə…
Cavanşir qılıncı yerə qoyarmış,
Vaqif də ölərmiş ikinci dəfə…

Gör, kimi yıxarmış, ürəyə bir bax…
O görkəm, o gövdə sanki dağ idi.
Bəlkə də bircə gün Otello olmaq
Onunçün əlli il yaşamaq idi…

Fırtına duyardın qaşqabağından,
Şəlalə kimiydi hər gülməyi də.
Onun hisslərinə dözməzdi bir an
Üç insan ömürlü fil ürəyi də.

Eh, ürək… Yox, onun nə təqsiri var,
Əsəblər üstündə yer salır insan.
Yollar silkələnər, relslər qırılar
Bir qəlbin yükünü qatara yığsan.

Sən, həkim, adını soruşmamış gəl
Öyrən ki, hər xəstən kimdir, nəçidir.
Elə bil sənətkar hər şeydən əvvəl
Ürək ağrısına abunəçidir.

Ürəkdə ay doğur, günəş də batır,
Göy qopur, ildırım çaxır ürəkdə.
Tufan da hayqırır, sükut da yatır,
Alov da, gurşad da yağır ürəkdə.

Sev — ürək, duy — ürək, ağla-gül — ürək,
Şairin gözü də ürəkdir bəzən.
Ulduzlar göz olsun, nəyimə gərək
Dünyanı ürəklə görə bilməsəm.

Onunla keçirik hər imtahandan,
Bir ordu deməkdir bəzən bir ürək.
Bir şıltaq körpədən, bir nər cavandan
Titrək bir qocaya çevrilir ürək…

Sinəsi od tutsun soyuq məzarın,
Sənət çiçəyimiz nə vaxtsız solur.
Görünür ürəklə yaşayanların
Elə ölümü də ürəkdən olur.


MƏN SƏNİ TAPARAM ŞEİRİ

Müəllif: Məmməd Araz

Mən bura gül-çiçək
Dərməyə gəlmişdim,
Nəğməmi nəğmənə
Verməyə gəlmişdim,
Uşaqlıq çağımı
Görməyə gəlmişdim…
Nə gördüm? —
Gözənin yerində
Bir çılpaq tala var;
Bulağın yerində
Bir quru çala var.
Tək bircə qarışqa
Yolundan savayı,
Qırpbığın örtübdür
Cığırı, dolayı…
Ceyranın güzgüsü,
Ovçunun bərəsi,
Dərənin gözüydün,
ay bulaq,
Gecənin səsiydin,
ay bulaq…
Su itməz, bilirəm,
Hardasa sən yenə
Saçını sərmisən
Bir dərə döşünə.
Yüz yana qol atıb,
Yüz yerdən sən axsan,
Öz təzə yerində
Ayrı bir bulaqsan.
Mən burda bir zaman
Dəyirman qurmuşam,
Baldırğan gəmimi
Suyunda yormuşam.
Mən burda bir qızın
Eşqilə yanardım.
Mən səni qaynayan
Bir ürək sanardım.
O qız da suyunda
Daranar, gedərdi.
Xəyalım zülfünə
Dolanar gedərdi…
Sandım ki, səndə bir
Nişanə qaıbdır…
Gördüm ki, bulaq da
Viranə qalıbdır.
Bu nədir, o bulaq
bəs hanı?
Dedilər:
Bir qəfil gurşadın
Olmusan qurbanı.
Gözünü lil tutub,
Qum tutub, gil tutub.
O kabab çəkənlər
Dövrəndə hanı bəs?
Hardadır onların
Vicdanı, qanı bəs?
Yüz dəfə, min dəfə
İçiblər suyunu;
Məst olmuş gözləri
Gözündə yuyunub.
Bircəsi gözünü
Axtarsa, nə olar?
Bir parça yer qazsa,
Daş yarsa, nə olar?
Mən səni dərədə
Sükutdan soruşar,
Gözləri dolan bir
Buluddan soruşar,
Gəzərəm, taparam.
Dağ-daşı kökündən
Üzərəm, taparam.
Qolumdan, qıçımdan
Bezərəm, taparam.
Dərələr, gəzələr
Görmədik desələr,
Sinəmi qələmlə
Qazaram, taparam,
Adına bir şer
Yazaram, taparam!
Yazaram, taparam!




SƏHƏR-SƏHƏR ŞEİRİ

Müəllif: Məmməd Araz

Baharın nə gözəl çağları gəlmiş,
Bülbülü çağırır gül səhər-səhər.
Vətənin eşqiylə dil açıb yenə
Könlümün sazında tel səhər-səhər.

Çıxır meşəlikdən talaya əlik,
Səkir daşdan daşa xınalı kəklik.
Şehdən muncuq düzür güllük, çiçəklik,
Gəlinə bənzəyir çöl səhər-səhər.

Gedirəm tələsik tarlaya sarı,
Hamıdan tez gələ o qız da barı.
Sinəsi qartallı qayalıqları
Əks edir sonalı göl səhər-səhər.

Sevda yolçusunun xəyalına bax,
Sənsiz əfsanədir gözəllik ancaq.
Ey günəş üzlü yar, günəşdən qabaq
Yoluma nur çilə, gəl səhər-səhər.


İKİ SƏS ŞEİRİ

Müəllif: Məmməd Araz

Yenə də ağ varaq gərəkdir mənə,
Yazıb-pozduqlarım xoşuma gəlmir.
Neçə söz ələyib, seçsəm də yenə
Qəlbim istəyən söz başıma gəlmir.

Könül sevdiyini sevəsən gərək,
Kiçik bir şer də könül varıdır.
Bu axşam bayırda at çapan külək
Sanki xəyalımın qanadlarıdır.

Ürəyim söz üstə yanır bayaqdan,
Ömrünü şerə ver, şerə qat deyir.
Anamsa dillənib qonşu otaqdan,
— Oğul, dincəl, — deyir- oğul, yat-deyir.

Ürəkdən nur alır hər ev, hər ocaq,
Onunmu səsinə qulaq asım mən.
Ana yuxusuna haram qataraq,
Bəs necə düşünüm, necə yazım mən?

Anam bilməyir ki, şair olan kəs,
Odlu söz tapmayır oda yanmasa,
Bir də ki, şairə şair deyilməz
Hamıdan gec yatıb, tez oyanmasa.

Oğul dincliyini axtarır ana,
O bilmir bir dolan buluddur ürək —
Minillik bir yuxu versən də ona,
Yenə boşalmasa dincəlməyəcək.

Ürəyim söz üstə yanır bayaqdan,
Ömrünü şerə ver, şerə qat deyir.
Anamsa dillənib qonşu otaqdan,
— Oğul, dincəl, deyir,- oğul, yat,- deyir.

İki səs şairi çağırır bu dəm,
Necə yuxulayım, necə yazım mən…
Boşal kağız üstə, boşal, ey sinəm,
Qoy iki səsə də qulaq asım mən!


PALID ŞEİRİ

Müəllif: Məmməd Araz

Sevgilim, o qoca palıda bir bax,
Yenə puçurlayıb onun budağı.
Yadına gəlirmi iki il qabaq
O ilk görüşümüz, o bahar çağı?

Durmuşduq dibində o palıdın biz,
Ətrafda min rəngli çiçək var idi.
Çırpınan, titrəyən bizim qəlbimiz,
Bir də o palıdın yarpaqlarıydı.

Görüb neçə bahar, qış havasını,
Durur qoca palıd bir xatirə tək.
Min yol dəyişsə də, o libasını,
Bizim ilk sevgimiz dəyişməyəcək!



DƏNİZÇİ ŞEİRİ

Müəllif: Məmməd Araz

Dedilər: — “Dincəlmək vədəndir artıq,
Daha qocalmısan, təqaüdə çıx.
Qoca dənizçinin qaraldı qanı,
Fikrinə boranlar, yellər qarışdı.
Dəniz qasırğası, dəniz tufanı
Onu bu söz qədər sarsıtmamışdı.
Oturub gəminin göyərtəsində,
Əlini dizində daraqladı o.
Sanki göy dənizin göy sinəsində
Keçən qırx ilini varaqladı o.
Qəlbində gəncliyin ilk arzuları,
Min dəfə duruldu, bulandı bu dəm.
Qırx il dolandığı mavi suları
Onun xəyalları dolandı bu dəm.
Çırpındı ürəyi, titrədi əli,
Hanı fırtınalı su yaran çağı?
Sahildən-sahilə neçə gözəlin
Qəlbini özüylə aparan çağı?!
Axan su, ötən gün qayıtmaz geri,
Bu sirri babalar danışdı getdi.
Bəlkə də o coşğun gənclik illəri
Coşqun dalğalara qarışdı getdi.
Dalğalar qoynunu tərk etdi qoca
Əbədi əlvida demədi ancaq.
Dedi: — Mən dünyadan ayrılmayınca,
Ürəyim dənizdən ayrılmayacaq.

Dayandı sahildə hər axşam-səhər,
Qoca eşqə gəldi, ilhama gəldi.
Elə bil dil açıb dilsiz ləpələr
Köhnə sirdaşını salama gəldi.
Onu uzaqları çəkdikcə xəyal,
Sevinc də duyurdu, qəm də yeyirdi.
Fəzalara uçan bir qoca qartal
İndi uçanları seyr eləyirdi.
Qopdu qasırğa da, pülədi qar da,
Səslədi qocanı hər səda, hər səs.
Yox, onu dənizdən ayırsalar da,
Sahildən ayıra bilmədi heç kəs.


TƏRİFDƏN QORXURAM ŞEİRİ

Müəllif: Məmməd Araz

Tərifdən qorxuram, qorxuram yaman,
Onun fitnəsindən bac almalıyam.
Yoluma gül səpən tərif yanından
Saymazca keçməyi bacarmalıyam.

Arabir gözümə qonmayır çimir,
Tərifin nə qədər behişt bağı var.
Tərifin şirindil müsahib kimi
Yolçunu yolundan saxlamağı var…


A ZALIM ŞEİRİ

Müəllif: Məmməd Araz

Tanımırsan yaxın nədir, yad nədir,
Yada dostsan, dosta yadsan, a zalım!
Ürəyimdə bir günəşin odu var,
Kür quruyar, Kürə atsan, a zalım!

Dağ dayanmaz bu ağrıya, bu qəmə;
Qisasın var – al bu canım, bu qəmə.
Qəm dəryası axıtmısan sinəmə,
Bu qəsdindən yaman şadsan, a zalım!

Danışmırsan, yoxsa dildir baxışın?
Gah xəncərdir, gah da mildir baxışın.
Həm öldürür, həm dirildir baxışın.
Nə sehrigar bir cəlladsan, a zalım!



NECƏ YAŞAYAQ Kİ ŞEİRİ

Müəllif: Məmməd Araz

Necə yaşayaq ki, dünyada, gülüm,
Ömrün gədiyini vaxtsız aşmayaq,
Faraş ölümlərlə qarşılaşmayaq.
Həsrət körpüləri adlaya bilək,
Həsəd körpüləri adlaya bilək!
Necə yaşayaq ki, dünyada, gülüm,
Kimsədən olmasın umacağımız,
Bizim öz evimiz, öz ocağımız
Perikən bir eşqi ovuda bilsin;
Yanan bir qəzəbi soyuda bilsin?
Necə yaşayaq ki, dünyada, gülüm
Xəyanət toruna düşsə meylimiz,
Qırsın, parçalasın onu mehrimiz!
Necə yaşayaq ki, dünyada bütün
Nakam sevgilərin uçan evini
Biz öz eşqimizdə qurub yaşayaq?
Gücümüz çatarmı?
Çatar!–
Bu şərtlə ki, biz iki ömrün
“Sən”indən, “mən”indən “onlar” adlanan
Sərhəd xətlərini qırıb yaşayaq!


QOCA VƏ DƏNİZ ŞEİRİ

Müəllif: Məmməd Araz
(E.Xemenqueyin ölümünə)

Saçları — rənginə bənzər,
Səsi — ahənginə bənzər,
Yatağı — sinəsi olan,
Ləpəsi — nəğməsi olan
Bir dəniz yaratdı qoca.
O, sərhəd bilmədən üzdü,
Üzdü qitələr boyunca…
Tale fırtına yaratdı,
Avar düşdü, qayıq batdı…
Fəqət sahil daşlarına
Həkk olunan bir iz qaldı:
“Qoca getdi, dəniz qaldı…”


OYAT MƏNİ ŞEİRİ

Müəllif: Məmməd Araz

Səhərlər yuxudan tez oyat məni,
Qoyma axşamlar da tez yatım, ana!
Bir qara daş bilər bu həyat məni
Yuxularda keçsə həyatım, ana!

Deyirsən az düşün, az işlə, çox yat,
Gəl barı sən demə həkim deyəni.
Necə düşünməyim, axı kainat
Düşünən bir insan yaratmış məni…

Yox, bir an zəhmətsiz vursa ürəyim
Məni diri-diri tapşır məzara.
Yuxuda mən kimə, nəyə gərəyəm,
Orda gərək ollam qarışqalara.

Boranlı gündə də, qarlı gündə də
De mənə: — “oturma, dolan gəz” — ana.
Yaralı bir pələng can üstündə də
Dovşanın ömrünü istəməz, ana!

Vətən torpağından söz alır sinəm,
Gəzim çəməni mən, aşım dağı mən.
Ana, istəmirəm, yox istəmirəm
Yuxuda tapılan sağlamlığı mən…


MÜHARİBƏ OLMASA ŞEİRİ

Müəllif: Məmməd Araz

Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, —
Müharibə olmasa!

Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər, —
Müharibə olmasa!

General gözündə də
Bu hissi duyur adam:
“Tullayıb çinlərimi
Bir kənddə sədr olaram, —
Müharibə olmasa!”

Bəşərin qapısından
Vaxtsız ölüm gen düşər,
İnsanın saçlarına
Yüz yaşında dən düşər, —
Müharibə olmasa!

Sevənlər aləmində
Nə qəm, nə həsrət olar,
Bəşərin gülləsi — söz,
Sözü — məhəbbət olar —
Müharibə olmasa!


AĞARMA, SAÇIM, AĞARMA! ŞEİRİ

Müəllif: Məmməd Araz

Nə erkən sənə dən düşdü,
Niyə düşdü, nədən düşdü?
Beynimmi qüvvədən düşdü?
Ağarma, saçım, ağarma!

Arzu sonsuz, ömür yarı…
Artdı alnın qırışları,
Səndə insaf olsun barı
Ağarma, saçım, ağarma!

Məni qəmgin görsə əgər
Düşmən gülər, dost qəm yeyər,
Qızlar baxıb “dayı” deyər,
Ağarma, saçım, ağarma!

Daşdır qəlbin, daşdır canın,
Yoxdur, duyğun, yoxdur qanın.
Hələ gəncəm, sən vicdanın
Ağarma, saçım, ağarma!

Ömür keçir, yaman keçir,
Qəlbimdən qara qan keçir.
Daha gözəllər yan keçir,
Ağarma, saçım, ağarma!

Hələ səsim ucalmayıb,
El gücündən güc almayıb.
Hələ ürək qocalmayıb
Ağarma, saçım, ağarma!

İlham adlı şahpərim var,
Yol üstəyəm, səfərim var…
Yazılmamış əsərim var…
Ağarma, saçım, ağarma…


Məmməd Arazın digər şeirlərini şairin saytından asanca tapa bilərsiz.
Məmməd Araz – memmedaraz.az

Axtarış sözəri: Memmed Araz Azerbaycan seiri,memmed araz sevgi seirleri,məmməd araz sevgi şeirləri,məmməd araz şeirləri,memmed araz seirleri

Mikayıl Müşfiq şeirləri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.7 / 5. Səs sayı: 13

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir