Azərbaycana Aid Şeirlər azerbaycan haqqinda seirler
4.1
(75)

Azərbaycan – yurdum mənim! şeiri
Müəllif: Məmməd Araz.

Qayalarda bitən çiçək,
Çiçəklikdə bir qayatək,
Ulduzlara səs düşəcək:
Azərbaycan – yurdum mənim!

Qartalları od qanadlı,
Oğulları şimşək atlı,
Ana Vətən kainatdı
Azərbaycan – yurdum mənim!

Dostdan uca zirvə varmı?
Sözdən şirin meyvə varmı?
Bundan gözəl töhfə varmı?
Azərbaycan – yurdum mənim!

Azərbaycan təbiəti şeiri
Müəllif: Soltan Abbas.

Dağlarımın bəyaz qarı,
Düzlərimin ilk baharı.
Bağ-bağatın şirin barı
Azərbaycan təbiəti!

Qobustanın qayasıdır,
Göygölümün boyasıdır.
Şeir, sənət dünyasıdır
Azərbaycan təbiəti!

Turaclanıb gözdən itər,
Ceyran olub, düzdən ötər.
Sərt qayada gül bitirər
Azərbaycan təbiəti!

Öz ürəyim, öz canımdır,
Sevinc dolu ümmanımdır.
Təbibimdir, dərmanımdır
Azərbaycan təbiəti!

Azərbaycan torpağında şeiri
Müəllif: Tofiq Mahmud.

Azərbaycan – Odlar yurdu,
Qəhrəmanlar,
Sənətkarlar vətənidir,
Qara qızıl məskənidir.
Ulduz-ulduz çiçəklər var
Hər çölündə, hər dağında.
Əfsanəvi,
Gözəl şəhər ucalıbdır
Xəzərimin qucağında.
Məktəbliyəm,
“Ana” sözü, “Vətən” sözü yazılmışdır
Dəftərimin varağında.
Çiçəklənib doğma diyar,
Təzə-təzə kəndlər düşüb
Arazla Kür qırağında.
O güclənib, qüdrətlənib,
Adı düşüb dildən-dilə, şöhrətlənib.
Tanıyırlar bu gün onu
Dünyanın hər bucağında.
Azad, xoşbəxt böyüyürəm
Azərbaycan torpağında!

Azərbaycan yaşayır şeiri
Müəllif: Rafiq Yusifoğlu.

Hərəmiz bu Vətənin,
Parçası, zərrəsiyik.
Yağılara yurdumun,
Parçası, zərrəsi yük.

Bu vətənin yolunda,
Birləşsin əllərimiz.
Sevinsin dağlarımız,
Sevinsin çöllərimiz.

Necə ki, ruhumuz var,
Necə ki, dilimiz var.
Azərbaycan yaşayır,
Yurdumuz-elimiz var.

Nə zaman ki, birləşib,
Hissim, ruhum, bədənim.
Dünyanın özü boyda,
Bir dünyadır Vətənim.

Azərbaycanım şeiri
Müəllif: Süleyman Rüstəm.

Qanımdır, canımdır Azərbaycanım,
Adımdır, sanımdır Azərbaycanım!
Uğrunda canından keçənlər olub,
Əcəl şərbətini içənlər olub,
Gözəl dünyamızdan köçənlər olub.
Oğullar itirib Azərbaycanım,
İgidlər yetirib Azərbaycanım!
Sonsuz məhəbbəti ürəyimdədir,
Qüvvəti dizimdə, biləyimdədir,
Torpağının ətri çörəyimdədir,
Belə bir dünyadır Azərbaycanım,
Həmişə bahardır Azərbaycanım!
Vicdanı bir ləkə götürməz onun,
Bağçası bir qanqal bitirməz onun.
Övladı dostluğu itirməz onun,
Həyat nəfəslidir Azərbaycanım,
İnqilab səslidir Azərbaycanım!
Hüsnünü qoruyan gözüm var mənim,
Dağında, daşında izim var mənim,
Zəfər kitabında sözüm var mənim,
Bütün varlığımdır Azərbaycanım,
Bəxtiyarlığımdır Azərbaycanım.

Azərbaycanım şeiri
Müəllif: Mirvarid Dilbazi.

Torpağı-türbət
Suları-şərbət,
Günəşi məlhəm
Ayrılığı- qəm Azərbaycanım!

Aranı,dağı,
Tərlan oylağı,
Könlüm çırağı,
Qızılgül bağı Azərbaycanım!

Ana nəfəslim,
Qaranquş səslim,
Ellim, obalım,
Dağlar havalım Azərbaycanım!

sponsor 3

Qızları dilbər,
Oğulları ər,
Odum,ocağım,
Ana qucağım
Qalsam həyatım,
Ölsəm torpağım Azərbaycanım!

Azərbaycan şeiri
Müəllif: Hüseyn Arif.

Dosta möhkəm sədaqətli,
Qoynu bahar təravətli,
Beynəlmiləl təbiətli,
Bir diyardır Azərbaycan.

Bir nəğmədi, bir şeirdi,
Dinəndə Vurğun deyirdi,
Füzulidi, Üzeyirdi,
Şəhriyardı Azərbaycan.

Qəlbi dağlar baş-başadır.
O, Şəkidir, bu, Şuşadır,
Doğrudan da, tamaşadır
Başdan-başa Azərbaycan.

Baxdım ana torpağıma,
Aranıma, yaylağıma,
Min səs gəldi qulağıma

Yaşa,
Yaşa, Azərbaycan!

Azərbaycan şeiri
Müəllif: Səməd Vurğun.

Dostlar! Gəlin sizə bir-bir danışım
Min bağın, bağçanın barı məndədir.
Sinəm oylağıdır gözəlliklərin
Hər sevən ürəyin yarı məndədir.

Nə çoxdur qoynumda almalı bağlar!
Qüdrətim göylərin dilini bağlar.
Meşəli dərələr, sal buzlu dağlar
Dağların süd kimi qarı məndədir.

İnsan bir uşaqdır, vətən bir ana,
Ömür bir çıraqdır, könül pərvanə.
Yolunuz düşdümü bizim Şirvana?
Gül açan heyvası, narı məndədir.

İgidlər yurdudur, bu dağ, bu aran
Bu dağlar başında qalmamış boran.
Hər təzə çiçəkdən bir şirə soran
Pətəyə bal düzən arı məndədir.

Ağdaşın pambığı çiçək-çiçəkdir,
Şəkinin bəzəyi şaldır, ipəkdir.
Qarabağ gözəli dünyada təkdir,
İsti yanaqların narı məndədir.

Ölsün bu yerlərdən ilham almayan,
Qəlbini saz kimi tutub çalmayan.
Yarışda gənclikdən geri qalmayan
Min qoca məndədir, qarı məndədir

Şirindir insanın öz azadlığı,
Könül azadlığı, göz azadlığı,
Qələm azadlığı, söz azadlığı,
Dünyanın ən böyük varı məndədir.

Gəldi ömrün gözəl bahar çağları
Açılmışdır könüllərin bağları.
Qarış-qarış dolan bizim dağları
Diş göynədən bulaqları məndədir.

Sarı limon çay üstündə dad olur,
Gözüm görür, könlüm evi şad olur.
Hansı namərd dost evinə yad olur?
Məhəbbətin vəfadarı məndədir.

Ötüb getdi günlərimi saymağım,
Dildən-dilə dastan oldu oymağım,
Təmiz südüm, şəkər kimi qaymağım,
Dövlətimin ixtiyarı məndədir.

Axşamüstü Bakıya bax doyunca,
Ulduzlarım yanır sahil boyunca.
Dağ üstündə o qərənfil, o yonca
Vətənimin laləzarı məndədir.

Mən xoşbəxtəm azadlığım gələli,
Tarix yazır ellərimin öz əli,
Bayrağımdır uca Şərqin gözəli
Azadlığın düz qərarı məndədir.

Bax: Qarabağa Aid Şeirlər

Azərbaycan deyəndə şeiri
Müəllif: Tofiq Bayram.

Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə.

“Hər ölkəyə, hər elə,
Olsun hörmət”, deyirəm.
“Vətənindir, vətənin,
İlk məhəbbət”, deyirəm.
“Onun şöhrət tacıdır,
Şeir-sənət” deyirəm.
Mən vətənə, “Füzuli,
Abbas Səhhət” deyirəm!
Mən vətənə, “Sabiri
Doğan qeyrət”, deyirəm!
Mən vətənə, “Üzeyir,
Müşfiq, Səməd”, deyirəm!
“Günəş kimi müqəddəs
Bir həqiqət”, deyirəm,
Azərbaycan deyəndə.
“Dünya məni dinləsin,
– Diqqət, diqqət!”,
deyirəm.
Azərbaycan deyəndə!

Azərbaycan deyəndə,
Ləpələr şairləşir.
Anaların bətnində,
Qara gözlü körpələr
Pələngləşir şirləşir.
Azərbaycan deyəndə,
Müdrik qocalar kimi
Dağlar da fikirləşir.
Azərbaycan deyəndə
“Haralısan?” sualı,
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!
Dostdan sovqat, muştuluq,
Düşməndən bac alaram,
Azərbaycan deyəndə!
İşıq sütunu kimi
Sabaha ucalaram,
Azərbaycan deyəndə!

Körpüləri, səddləri
Sinəmlə parçalaram.
Sərhəd məftillərində,
Bu kobud əllərimlə
Bir muğamat çalaram,
Azərbaycan deyəndə!
Azərbaycan! – Bu nida
Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül bitər.
Azərbaycan deyəndə,
Təbim coşar, sel gələr,
Sanma şöhrət pərdəsi,
Ürəyimi kölgələr,
Azərbaycan deyəndə.
Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr,
Azərbaycan deyəndə!

Azərbaycan şeiri
Müəllif: Səməd Vurğun.

Çox keçmişəm bu dağlardan
Durna gözlü bulaqlardan
Eşitmişəm uzaqlardan
Sakit axan arazları
Sınamışam dostu,yarı.

El bilir ki sən mənimsən
Yurdum yuvam məskənimsən
Anam,doğma vətənimsən
Ayrılarmı könül candan?
Azərbaycan,Aərbaycan!

Dağlarının başı qardır
Ağ örpəyin buludlardır
Böyük bir keçmişin vardır
Bilinməyir yaşın sənin
Nələr çəkmiş başın sənin.

Bir tərəfin bəhri Xəzər
Yaşılbaş sonalar gəzər
Xəyalım dolanar gəzər
Gah muğanı gah eldarı
Mənzil uzaq ömür yarı.

Lənkəranın gülü rəng rəng
Yurdumuzun qızlarıtək
Dəmlə çayı tök ver görək,
Anamın dilbər gəlini
Yadlara açma əlini.

Min Qazaxda köhlən ata
Yalmanına yata yata
At qan tərə bata bata
Göy yaylaqlar belinə qalx
Kəpəz dağdan göy gölə bax.

Könlüm keçir Q a r a b a ğ d a n
Gah bu dağdan, gah o dağdan
Axşam üstü qoy uzaqdan
Havalansın xanın səsi
Q a r a b a ğ ı n şikəstəsi…

Gözəl vətən! Mənan dərin
Beşiyisən gözəllərin
Aşıq deyər sərin-sərin
Sən günəşin qucağısan
Şeir sənət ocağısan.

Bir dön bizim Bakıya bax
Sahilləri çıraq çıraq
Buruqları hayqıraraq
Nərə salır boz çöllərə
İşıqlanır hər dağ dərə.

Nazlandıqca sərin külək
Sahillərə sinə gərək
Bizim Bakı, bizim ürək
İşıqdadır qüvvət sözü
Səhərlərin ülkər gözü.

Gözəl vətən! O gün ki sən
Al bayraqlı bir səhərdən
İlham aldın…yarandım mən
Gülür torpaq gülür insan
Qoca şərqin qapısısan.

Dinlə məni,gözəl vətən!
Bir söz gəlir ürəyimdən
Azadlığın eşqiylə sən
Güləcəksən hər bir zaman,
Azərbaycan,Azərbaycan!!!

Odlar ölkəsi şeiri
Müəllif: Abdulla Şaiq.

Qəlbini ucaltmış göyə məşəl tək,
Bakıdır köksündə döyünən ürək.
Gülür gözlərində böyük gələcək.
Eşitsin obalar, ellər bu səsi:
Bu gün bayram edir Odlar ölkəsi

Dostluğun eşqilə ucalırıq biz,
Gül açır, bar verir diləklərimiz.
Bir vurur hər zamanürəklərimiz
Eşitsin obalar, ellər bu səsi:
Bu gün bayram edir Odlar ölkəsi

Sevinclə ötüşür onun hər anı,
Dillərdə dolaşır şöhrəti, şanı
Zəfərlər ucaldır Azərbaycanı.
Eşitsin obalar, ellər bu səsi:
Bu gün bayram edir Odlar ölkəsi.


Azərbaycana Aid Şeirlər

Axtarış sözləri: Azərbaycana aid şeirlər, Azərbaycan haqqında şeir,Azərbaycan şeirləri, Azərbaycan haqqında şeirlər,Azərbaycanla bağlı şeirlər,Azerbaycan haqqinda seirler, Azerbaycan haqqinda seirler, Azerbaycan seiri, Vətənə aid şeirlər, Vətən şeirləri

Bənzər şeirlər:

Vətənə aid uşaq şeirləri
Bayraq haqqında şeirlər
Şəhidlərə Aid Şeirlər

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.1 / 5. Səs sayı: 75

İlk səs verən sən ol!

2 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir