[quads id=7]

Laçına aid şeirlər toplusu

laçın şeiri,laçın haqqında şeirlər,laçına aid şeirlər,lacina aid seir,lacina aid seirler
0
(0)

Bu məqalədə Laçına aid şeirləri sizlər üçün bir araya topladıq. Şeirlər Cənnət Laçınımızın gözəl təbiətindən və 30 illik Laçın həsrətindən bəhs edir.

“Laçın” şeiri

Müəllif: Zahid XƏLİL

Gözün aydın ay Laçın,
Gözün aydın,Həkəri!
Bəzən geri dönürmüş
Tarixin də təkəri.

Otuz il əsir qaldın
Namərdlərin əlində.
Quşların oxumadı
Azərbaycan dilində.

Gedəndə yandırdılar-
Erməni kələyidi.
Yox,yanan evlər deyil,
Düşmənin ürəyidi!

Onlar itilən kimi
Təbiət cilvələndi.
Göy meşələr oyandı
Günəşdən nur ələndi.

Dağkeçisi tullandı
Ən hündür qayalıqdan.
Tülkü cölxoruzunu
Marıtlayıb bayaqdan.

Yenə də sığışmadı
Yatağına Həkəri.
Min ildi beləcədi
Hayqırtısı,ləngəri!

O alp cəmənliyində
Vələslər qırçın kimi.
Evlərin dağ başına
Qonubdu Lacın kimi.

Külək zümzümə deyir
Rəqs eləyir ağaclar.
Eləbil bir birinə
Nəsə deyir ağaclar.

Deyəsən Məhəbbətdi,
Pəsdən,zildən oxuyur.
Ona görə çəmənlər
Belə gözəl qoxuyur

Qızılboğaz zirvəsi
Bir çələngə bənzəyir.
Sinəsində binələr
Çərpələngə bənzəyir.

Gözün aydın,gözəlim!
Gözəlliyin qayıtdı.
O sıldırım dağların
Düzənliyin qayıtdı.


“Öyün, ay Laçınım, öyünməlisən!” şeiri

Müəllif: Kərim Kərimli

Sultanlar böyüdü, Paşanı keçdi,
Sevinc aşdı-daşdı, “Haşa!”nı keçdi.
Qoynun cənnət oldu – Şuşanı keçdi?!
Öyün, ay Laçınım, öyünməlisən!

Qayıdır yurduna bir-bir ellərin,
Çağlayır Həkərin, coşur sellərin.
Dağ-daşda da açır qızılgüllərin,
Geyin gül donunu, geyinməlisən!

Zirvəndə yellənir ulu bayrağım,
Dönür bərəkəti ana torpağın.
Üzü gülür quşun, daşın, yarpağın,
Geyin al donunu, geyinməlisən!

Gəlir, köhnə yurda səadət gəlir,
Azad çəmənlərə təravət gəlir.
“Laçınım” səsiylə Məhəbbət gəlir,
Sevin, ay Laçınım, sevinməlisən!

Ölsün, növrağını görüb, gülməyən!
Şirin azadlığın qədrin bilməyən!
Misli bu dünyada, sən, bilinməyən, –
Dünyaca tanınıb, bilinməlisən!

Əsgərim sinəsin sipərləyibdir,
Sərhəddi çiçəklə çəpərləyibdir!
Kərim də atını yəhərləyibdir,
Gəlməli, görməli, sevilməlisən!!!


“Ay Laçın” şeiri

Müəllif: Şərif Ağayar

sponsor 3

Sözümün əvvəli, sözümün sonu
Məskənim, beşiyim, anam, ay Laçın
İstərəm eşqinlə Xan Kərəm kimi
Alışam, ay Laçın, yanam, ay Laçın

Çırpılam qoynuna əsən yel kimi
Sızlayam dərdinlə incə tel kimi
Duyam nəfəsini, açam gül kimi
Bülbülüm, ay Laçın, sonam, ay Laçın

De kimlər iz qoydu izlərin üstə?
Axar su töküldü közlərin üstə
Kükrəyən yaş olam gözlərin üstə
Həsrət yanağında donam, ay Laçın

Qoynunda vursaydım ömrümü başa
Baxmazdım yolumu azdıran qışa
Dönəm dar qəfəsdən qurtulan quşa
Uçub sinən üstə qonam, ay Laçın

Dərdinin zərbiylə yenə vuruldum
Yolunda çəkdiyim ünə vuruldum
Arzum-eşqim deyib sənə vuruldum
İnanma əhdimi danam, ay Laçın

İndi qürbət eldə çəkər ahu-zar
İlhamı dağlardan alan duyğular
Sənsiz yaşamağa gümanımmı var?
Ürəyin itirmiş canam, ay Laçın…

Söz qoşam qoynunda hər daşa, dağa
Saralan çiçəyə, solan yarpağa
Yatam qucağında, dönəm torpağa
İtməyə qəlbimdə inam, ay Laçın
Məskənim, beşiyim, anam, ay Laçın!


Laçına aid şeirlər, Laçın şeirləri

“Laçın” şeiri

Müəllif: Səbuhi İlqaroğlu

Həsrəti bitibdi, qəmi bitibdi,
Uşaqtək sevinir özü Laçının
Başına gələni bölüşmək üçün
Balasın axtarır gözü Laçının.

Daha bulaqları qan ağlamır ki,
Namərd gəlişini qabağlamır ki,
Daha dizlərini qucaqlamır ki,
Taqətə gəlibdi dizi Laçının.

Dağlar sinə gəldi qəmə, kədərə
İgidlər gecəsin qatıb səhərə
Qələbə alovun yaydı bəşərə
Sən demə sönməyib közü Laçının.

Füzuli, Cəbrayıl, Ağdam, Ağdərə
Qubadlı, Şuşadan bax Kəlbəcər
Şəhid qanlarıyla yazılıb deyə
Silinməz tarixdən izi Laçının.

30 il həsrətdən yanıb bişsək də
O buz bulaqlar üçün qardaş şişsək də
Dağından-daşından ayrı düşsək də
Tək adı yaşadıb bizi Laçının.

Keç sonra hop eylə keçdiyin arxı
Nə gözəl dönübdü dunyanın çarxı,
Çoxunun canına düşəcək qorxu
Çatanda qulağına sözü Laçının.


“Laçın bizimdir” şeiri

Müəllif: Elvin Elxanoğlu

Laçına aid şeirlər toplusu

Şükr Ulu Tanrım bu günü gördük,
Qartalın yarası bugün sağaldı.
Xoş gəldin Laçınım,səni xoş gördük,
Sənsiz günlərimiz geridə qaldı.

İllərin həsrəti bitdi sonunda,
Bugündən qartalım qanadlanacaq.
Nəhayət Laçının səmalarında,
Üç rəngli bayrağım dalğalanacaq.

Bilirəm illərdir əzab çəkirsən,
Sənin yaraların daha dərindir.
Səni düşmənlərdən azad eyləyən,
O laçın duruşlu igidlərindir.

Sən odlar yurdunun parçasısan bil,
Bugün yanan alov heç sönməyəcək.
Yaran sarılacaq göz yaşını sil,
Bu Vətən heç zaman bölünmeyecek!

Həsrətin o qədər ağır oldu ki,
Çoxunun ürəyi buna dözmədi.
Laçın, sən azadsan amma təəssüf ki,
Məhəbbət Kazımov bunu görmədi…

Gözün aydın olsun can Azərbaycan,
Allah rəhmət etsin qoy şəhidlərə,
Vətəncün keçdilər öz canlarından,
Zəfəri borcluyuq yalnız sizlərə !


Bənzər mövzular:

Axtarış sözləri: laçın şeiri,laçın haqqında şeirlər,laçına aid şeirlər,lacina aid seir,lacina aid seirler

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir