Azərbaycandır Qarabağ şeiri
Müəllif: Vahid Əziz
Doğmadır torpağı, daşı,
Türk övladı vətəndaşı,
ömrü-günü, can sirdaşı;
biri alov, biri ocaq –
Azərbaycandır Qarabağ!
Tanıyarlar boyumuzdan –
irsimizdən, soyumuzdan,
su içər öz quyumuzdan
biri gövdə, biri budaq –
Azərbaycandır Qarabağ!
Dünya-dünya olan gündən
varlığımız ona Vətən,
biri-ürək, biri-bədən;
hər ikisi Ulu torpaq –
Azərbaycandır Qarabağ!
Sponsor Linklər
Baba adı “Odlar Yurdu”,
keşikçisi igid Ordu,
biri-alov, biri ocaq –
bizimdir, bizim olacaq –
Azərbaycandır Qarabağ!
“Canlara candır Qarabağ” şeiri
Müəllif: Süleyman Rüstəm.
Şöhrətin yer üzünə çoxdan əyandır, Qarabağ,
Vurğunam hüsnünə mən xeyli zamandır, Qarabağ.
Dostlarından eşidirsən bu sözü nəğmə kimi –
«Şux gözəllər yeridir, yaxşı məkandır Qarabağ».
Vaqifin, Natəvanın səndə ayaq izləri var,
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Məncə şairlər üçün başqa cahandır Qarabağ!
Hər bahar fəsli bu könlümdə adın qönçələnir,
Səni mən görməmişəm gör ki, haçandır Qarabağ!
San bilirsən ki, mənim təkcə cənub dərdim var,
Ayrılıq dərdi ölümdən də yamandır, Qarabağ!
Sən canımsan, ciyərimsən, ürəyimsən, ürəyini,
Deyirəm, car çəkirəm canlara candır Qarabağ.
Sənə övlad kimi sadiq bu Süleymanını sən
Ana qəlbindən uzaq bilmə, amandır, Qarabağ!
QARABAĞA GEDİRƏM ŞEİRİ
Müəllif: Ağa SAVALAN
Bir əlimdə bayrağım, bir əlimdə silahım,
Dilimdə yurd nəğməsi, başım üstə ? allahım.
O, mənim qibləgahım, o, mənim səcdəgahım,
Çox uzaqdan gəlirəm, çox uzağa gedirəm,
Qarabağa gedirəm!
O mənim sevdiyimdir, yanağında xalı var,
O mənim dediyimdir, dodağında balı var,
O mənim gördüyümdür, min bir cürə halı var.
Yanğımı söndürməyə o bulağa gedirəm,
Qarabağa gedirəm!
Şuşadan at sallayıb düz Ağdama gələrdim,
Cıdırından baxanda Laçınımı görərdim,
Hər yan vətən torpağı, mən hər yana gedərdim,
O dövrana qayıdıb, mən o çağa gedirəm,
Qarabağa gedirəm!
O dağ mənim dağımdır, öz dağıma gedirəm,
O bağ mənim bağımdır, öz bağıma gedirəm.
Öz yurduma, yuvama, ocağıma gedirəm,
Mənə gəl-gəl söyləyən bir torpağa gedirəm,
Qarabağa gedirəm!
Ustad Arif, sənin də azalmasın həvəsin,
Yenə oxu avazla, yenə gəlsin qoy səsin.
Qarabağ torpağında “Qarabağ şikəstəsi”n,
Səsimin zil yerində oxumağa gedirəm,
Qarabağa gedirəm!
Qılıncım qından çıxıb, qanmazı qandırıram,
Düşməni şikəst edib, belini sındırıram.
Yurduma göz dikənin gözünü yandırıram,
Sən də gəl qoşul mənə, gəl, ay Ağa, gedirəm,
Qarabağa gedirəm!
Qarabağa gedirəm!
Qarabağ bizimdir bizim olacaq !
Elvin Elxanoğlu
Qarabağ bizimdir bizim olacaq !
Qanla tarix yazır şanlı ordumuz,
Günbəgün qayıdır ata yurdumuz.
Erməni rədd ol get, bəsdir durdunuz,
Qarabağ bizimdir, bizim olacaq!
İllərdir deyirik rədd olun gedin,
Demədik Şuşada meymunluq edin.
Sonunda başına yumruğu yedin,
Qarabağ bizimdir, bizim olacaq!
Paşinyan qudurub yallı gedirdi,
Ağlı nə kəsirdi onu edirdi.
Dur gəl Füzulidə rəqs elə indi,
Qarabağ bizimdir, bizim olacaq!
Türkük biz ölmürük, şəhid oluruq,
Bizlər bir öləndə, min doğuluruq.
İti qovan kimi sizi qovuruq,
Qarabağ bizimdir, bizim olacaq!
Sənin adın şeiri
Müəllif: Rəsul RZA
Sənə Qarabağ dedilər,
Bəlkə “qara bax!” dedilər,
dağlarında
yaylayan qarına görə
Bəlkə “Qara bağ” dedilər,
kölgəli bulaqlarına görə.
Bəlkə
dodaqları susuzluqdan
cadar-cadar yolçu,
ətəyində duman sürünən,
ağ zirvəsi arandan görünən
Kirsə baxıb,
həsrətlə, ümidlə
dedi: – Qara bax!
Qara bax!
O gündən adın qaldı
Qarabağ.
Adın qədimdir,
xalqımın mübarizə tarixi kimi.
Nəğmələrin
qürurla doldurur qəlbimi.
Ömrün yollarında arzuları yağır olmuş,
möhnətdən, dözümdən
qarabağır olmuş,
alnı açıq, üzü ağ yaşayan,
Səksəkəli ürəyində
arzusunu, ümidini daşıyan
insanlar dedilər:
“Silinsin tarixdən
nəsillərin qara baxtı!”
Gözəllər gözəli,
Qarabağım mənim!
Nənəmin köçəri yolları,
babamın çirməkli qolları,
elin neçə igid oğlu, qızı
səndə olub,
yenə neçə qəhrəmanı səndədir.
Neçə şirin nəğmənin dadı, duzu,
göy ulduzu, yer ulduzu
sinəndədir
Qranitə dönmüş qoşası da,
Tək-tək qızılı da,
Tanıyır adam
qanadlı şahini də,
adı nəğməyə dönmüş
qızını da.
Qəlbimdəsən, gözümdəsən
hara gedim, hara baxım,
Mənim doğma Qarabağım!
Qarabağım!
Qarabağa Aid Şeirlər
“Qarabağda” şeiri
Müəllif: Hikmət Ziya.
Qarabağ təbiətin sərvətidir, varıdır,
Azərbaycan yurdunun solmayan gülzarıdır.
Hüsnü yaşıl bağları, vüqarı dağlarıdır…
Başqa ətirlə açır qönçələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.
Dağlarının başında Şuşa zümrüd tacıdır,
Bərdə, Ağdam, Füzuli daim qardaş-bacıdır.
Qəlbim bu xoş yerlərin həmişə möhtacıdır,
Hər daşını görənlər dirçələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.
Köksündə hər qayası tarixləşib tunc olan
Yenilməz abidəmdir yerdən göyə ucalan,
Yaşı yüzü ötsə də, yoxdur burda qocalan.
İnsan ömrü çətin ki, köç eylər Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.
Neçə səslər yetirib bu yerlərin havası!..
Doymursan dinləməkdən neçə təzə avazı,
Qulaqdan getmir bu an xoş musiqi sədası.
Bülbültək ötür, hətta sərçələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.
Burda hər kəs qonağa hörmətini bol eylər,
Şirin sözü, ləhcəsi ürəklərə yol eylər,
Dünya gözəllərini qamətilə lal eylər
Beli üzükdən keçən incələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.
Bu yerdə Vaqifimin müqəddəs türbəsi var,
Natəvanın, Zakirin pozulmayan izi var,
Üzeyirin nəfəsi, Bülbülümün səsi var…
Cabbar, Xan, Rəşid, Səid, Zülfü zənguləsi var,
Yetişibdir gör necə incilər Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.
Ulu babalarımın min-min illik oylağı!
Doğmalardan doğmadır hər aranı, yaylağı,
Saflıq çeşmələridir Turşsu, İsa bulağı…
Havası qocanı da gənc edər Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.
Gözlərinə ağ gələr bu yerdən pay umanın,
Yolunda qurban verər hər bir övladı canın.
Döyünən ürəyidir doğma Azərbaycanın.
Gündüzlər Qarabağda, gecələr Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.