Nüsrət Kəsəmənli şeirləri nusret kesemenli seirleri

Sponsor

4.2
(57)

Nüsrət Kəsəmənli Sevgi şeirləri

Yarı məndə,yarı səndə şeiri

İkimizdə bir ürək var,
Yarı məndə,yarı səndə.
Sevgi adlı bir ağacıq,
Budaq məndə, narı səndə.

Çiçək ətri gül üzündə,
Min məna var hər sözündə.

Bir buluduq göy üzündə
Yağış məndə,dolu səndə.

Bir ovçuyam,günüm ovda
Qaçhaqaçda,qovhaqovda,
Eşqimiz bir şirin sevda
Pətək səndə,balı məndə…

Ona şeiri
Yollar darlıq edir ayaqlarıma,
Ürəyim uşaqtək kövrələcəkdir,
Toxundur əlimi barmaqlarıma,
Əllərin çiçəyə çevriləcəkdir.

Məndən istəsəydin əgər eşqini,
Dünyamı bir həzin nəğmə edərdim.
Bir gün Puşkin kimi, Lermontov kimi.
Səninçün dueldə ölsəm nə dərdim.

Təsadüf qəribə işlər görürmüş,
Bir səhər bir eşqin əvvəli imiş,
Ürək sevməz dedim, demə sevirmiş,
Məhəbbət ağılda qüvvəli imiş.

Dənizəm səndədir sahilim mənim,
Bilirəm sahillər qayasız olmaz.
Çağır uşaq kimi yüyürüb gəlim
İstəsən həsrətdən nişanə qalmaz.

Od idim, gözümə sovruldu külüm,
Ömrüm niyə belə düşdü çətinə,
Keçmiş həyatımı bağışla, gülüm,
Sənə sonsuz olan məhəbbətimə.

Soyuqdur Qar kimi şeir
Qar kimi ağ gəldim,ləkəsiz gəldim,
Səssizcə yağmışdım yollarına mən.
Mən sənin ömrünə “bəlkə”siz gəldim
Yığıldın güc kimi qollarıma sən……
Bitdi baxışların nəğməsi,sözü,
Sükut qollarında gəzdirdi bizi……
qar mənzərəsi
Soyuqdur qar kimi ……
nə deyim,
düzü,-
Bəlkə bu soyuqluq bezdirir bizi….
İndi xatirənlə yanacağam mən,

Gülsən,
gülüşünə bürünəcəyəm.
Qar kimi ovcuna yağacağam mən,
Qar kimi ovcunda əriyəcəyəm!…….
Həsrətin qəlbimdə dinir tar kimi ,
Nəğmələr dənizdir, vüsalın qayıq .

Sən də, ay sevgilim ,
getdin qar kimi
Qayıtsan
qar kimi ləkəsiz qayıt!….

Soyuqdur qar kimi ……
qar kimi ləkəsiz qayıt!….

Yoxdusa şeiri
Göz yaşını axıtmağa dəyərmi ,
Sonunda bir güləcəyi yoxdusa .
Hər görüşə sevgi demə əzizim ,
Əgər onun gələcəyi yoxdusa .

Sevgi yoxsa ürək quru qəfəsdi ,
Kor ümüdə nə qərəzi , nə qəsdi ?
Min yol geri çağırmağın əbəsdi
Əgər geri dönəcəyi yoxdusa .

Hər kül altda gizlənənə köz demə ,
Hər xatirə qırığına iz demə ,
Hər ürəkdən kövrək nəğmə gözləmə
Sarı simdə dinəcəyi yoxdusa .

sponsor 3

Oda salsan buz bağlayıb donacaq ,
Əldən uçdu , yad budağa qonacaq ,
Könül versən nə qiymətə alacaq ?
Könül qədri biləcəyi yoxdusa .

Ucaltdığın kiçiləndə görərsən ,
Əriyərsən gözün görə – görə sən .
Süfrəsinə nə qoyacaq görəsən
Səndən tikə böləcəyi yoxdusa .

Demə mənə : nələr gəlir ağlıma ;
Vay onda ki qara səndən ağ uma .
Ürəksizə ürək verib ağlama ,
Bir gün sənsiz öləcəyi yoxdusa …

Həqiqət şeiri
Həqiqəti pıçıltıyla dedilər
Haylı-küylü yalanların içində.
Həqiqəti daim başda gördülər,
Oda düşüb yananların içində.
Yeri düşsə qum göyərər, daş çıxar,
Bir doğruyla neçə yalan boş çıxar,
Bacarırsan həqiqətlə baş çıxar
Həqiqəti dananların içində.
Sən doğru de, söyləməmiş başqası,
Söküləcək yalanların maskası,
Qiyməti də artıq olar daş-qaşın
Köhnə, nimdaş palanların içində.
Sovrulacaq bir gün hədər yalanlar,
Öz xeyrini ancaq güdər yalanlar,
Ölülərlə ölüb gedər yalanlar,
Doğru yaşar qalanların içində.
Yalan deyib, gizli-gizli öyüyüb,
Hər yalançı təsəlliyə keyiyib,
Doqquzaylıq bir həqiqət böyüyüb
Saçlarını yolanların içində.
Mən könlümü həqiqətə vermişəm,
Qapısını açıq görüb, girmişəm.
Həqiqəti mən təzə-tər görmüşəm,
Ömrü-günü solanların içində.
Kölgəsinə mahal yığar qoca tut,
Sən üzünü doğru üçün borca tut,
Həqiqətin bayrağını uca tut
Yalan deyən nadanların içində.

QƏRİB ELDƏ YUXU ŞEİRİ
Yuxuma gəldiniz,
a gül balalar,
Dünən ayrılmışdıq,
darıxdım bu gün.
Övladçün odlara girər analar,
Ata məhəbbəti ölçülən deyil.
Öpüb oxşayıram əllərinizi,
Göylər buludları döşəyib yerə.
Ananız həyətə buraxmır sizi,
Necə gəlibsiniz bu qərib yerə?!
İçimdə çatlayıb korun bir ocaq,
Həsrətim kor olub tüstümə mənim.
Dedim, təyyarətək balam uçacaq,
Qol açıb gələndə üstümə mənim.
Qəriblik cücərdi yenə yolumda,
Darıxdım…
Bu nisgil qəlbimi sıxdı,
Bir boşluq dayanıb qapı dalında,
Qapını üzümə açanım yoxdu…
Simurq qanadında gəldiniz, nədi?!
Səbrimin kasası dolub, qadası,
Sizin balıncınız qollarım idi,
Yuxunuz balıncsız qalıb, qadası.
Ürəyim gözümdən boşaldı mənim,
Əliniz gözümün dəsmalı idi,
Buludu göylərdə qovurdu səsim,
Ulduzlar yuxumu yozmalı idi.
Oyandım…
Nəm idi balıncın üzü,
Hələ gözümdəydi yuxunun çini,
Ana hədəsimi qovmuşdu sizi?
Uçdunuz üstümə kəpənək kimi…
Yuxuma gəldiniz, a gül balalar,
Necə şirin idi,
Bu yuxu necə!
Yaxşı ki, həsrətin yuxu yolu var,
Yüyürüb yuxuma gəlin hər gecə!..

Müəllim şeiri

Körpə ürəklərdə günəş tək yanan,
Çətin sınaqlarda məğrur dayanan,
İstəyi,arzusu çaglayan ümman,
Həyatın ən uca sözüdür Müəllim!!!

Odur,insanlara düz yol göstərən,
Gözünün nurunu gözlərə verən,
Həyatda əyrini,doğrunu görən,
Dünyanın möhtəşəm duzudur Müəllim!!!
 
Ziyalı olmasa, kor olar millət,
Caynaqlar altında hey çəkər zillət.
Sənətin hamısı gözəldir əlbət,
Bütün peşələrin gözüdür Müəllim!!!

Oğru olmaq istəyirəm şeiri

Qoy polislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandır ki, bir arzum var,
Oğru olmaq istəyirəm!…
İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!

Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri…
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!
Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!…
Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!

Araz axır…
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Necə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!
İndi necə dövlətlərdən
Məzlumların ah-zarinı,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!
Nə gizlədək, bilir hami
Tonqal çatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadına sal:
“Oğrudan-oğruya halal…”
Prometey oğurlayib
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!
Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm!!!

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 57

İlk səs verən sən ol!

x
PAYLAŞ ⮯

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir