Ana haqqında şeirlər anaya aid seirler ana haqqinda seirler anam menim ana ucun
4.2
(64)

1) ANA ŞEİRİ

Müəllif: Vüqar Biləcəri

Oyaq gecəsi əvəz edilməz
Çəksəm ölüncə də yükün anamın
Məsum ürəyinə yol tapa bilməz
Nə nifrət nə pislik nə kin anamın
Cənnətin ən gözəl güllərin dərib
Ayağı altında əkin anamın
Əridib gözümün qaralarını
Ağaran saçına çəkin anamın

ANA ŞEİRİ

2) ANA HƏDİYYƏSİ ŞEİRİ

Müəllif: Bəxtiyar Vahabzadə

Anam namaz üstə əl açıb göyə
Allaha yalvarır “ya rəbbim! – deyə:
— Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!
Bu nədir? Arzuya, diləyə bir bax,
Gör bir nələr keçir ana qəlbindən?

Çoxdur bu dünyada hədiyyə… ancaq
Ömürdən hədiyyə görməmişəm mən.

İstərəm, bir ana, bir bala sözü
Lüğətdə sözlərin önündə gedə.
Uca olduğundan ananın özü
Ucadır, böyükdür hədiyyəsi də.

Çoxdur hədiyyələr insan adına:
Qiymətli ziynətlər, qiymətli daşlar.
Ana həyat verir öz övladına,
Həm də öz ömründən ömür bağışlar.


3) ANA ŞEİRİ

Müəllif:YusifSham

Məni mən eyləyən yaşam səbəbim,
Ödənməz borcum var o saçlarına
Əziyyətin görübdü sənin, gözlərim,
Sonsuzdu təşəkkürüm sənə ay Ana.

Yıxılsam qaldıran o əllərinə,
Özümtək bildim o nəfəsinə,
Mənimçün yatmayan o gözlərinə,
Qurbanam telinə müqəddəs Ana.

Bezmədən çəkdin sən mənim nazımı.
Bu canım sənindi, Sən istə Ana.
Sevərək yaşadın hər iztirabı,
Yaşadığım hər anım sənindi Ana.

Yuxusuz gecələr vermişəm sənə,
Bəzən də cəhənnəm olmuşam sənə.
Ayaqların altındakı mən o cənnətə,
Sən istə səssizcə ölüm ay Ana…

O qəlbi qırmışam bil istəmədən,
Bilmədən yüksələn səsi bağışla.
Adı əzab olan o səssizlikdən,
Göstərmə Allahım, məni bağışla.

Gəl yenə başımı dizinə qoyum,
Oxşa sən saçımı, doymaram Ana.
İsti əllərinə inanma doyum,
Bezmərəm ətrindən qucaqla Ana.

Unutmaram heç vaxt o dediklərin,
Öyrədən, danışan, nəğmətək səsin.
Səhvləri bəzən də görməzdən gəldin.
Çıxmır xatirimdən rəhmli Anam.

Yəqin ki ac olub, ac qoymamısan,
Bəlkə də qorumusan canın bahasına.
Bilmirəm bəlkə də çox ağlamısan,
Axan göz yaşına qurbana, Ana!

Ayrı da qalmışıq bəlkə günlərlər,
Olub ki, olmuşam möhtac səsinə.
Bağışla o vaxt ki, səslənməyinə,
Demədim bir aycan, sənə ay, Ana

Aylarla canında bir can eylədin,
İllərdi canıntək sən əzizlədin.
Gözüntək qoruyub diqqət eylədin,
Sonsuz təşəkkürüm var sənə, Ana.
Şükürlər varlığına sənin ay Ana..


4) CANIM ANA ŞEİRİ

Müəllif: İlham Aslanov

Sənə yazdım bu şeiri, qəzəli,
Sənsən mənim duyğularımın, əzəli.
İlk gördüyüm, ilk sevdiyim sən oldun,
Canım ana, dünyaların gözəli.

Səndən aldım ürəyimi, canımı,
Damarımda dövr eyləyən qanımı,
Sən ucaltdın şərəfimi, adımı,
Canım ana, dünyaların gözəli.

Səndən doğan bir parçayam, cahanda,
Duaların keşikçimdir, hər anda,
Hidayət etdin yolumu azanda,
Canım ana, dünyaların gözəli.

sponsor 3

Südünlə doyuzdurdun, mən acanda,
Gec yatdın, oyandınsa dan açanda,
İki ruh olmuşuq, sənlə bir canda,
Canım ana, dünyaların gözəli.

Sənin qucağında şirin, yatardım,
Laylan ilə arzularıma çatardım,
Sevincimi, sevincinə qatardım,
Canım ana, dünyaların gözəli.

Ağlayanda, mənimlə ağlayardın,
Bir yerim ağrasa, qəm bağlayardın,
Güləndə şəlalətək çağlayardın,
Canım ana , dünyaların gözəli.

Yada sal ana, gecə yatmayanda,
Götürüb, ayağna salardın məni.
Nənni tək yellədib, laylay deyərdin,
Gah da, qucağına alardın məni.

Böyümüşəm, indi dəyişib dövran,
Ömür keçib, artıq başqadır zaman,
Darıxıram, o günlərimçün yaman,
Canım ana , dünyaların gözəli.

Xərclədin övlad yolunda, canını,
Hər kəsdən artıq bildin, övladını,
Hərdən olub, qaraldmışam qanını,
Canım ana , dünyaların gözəli.

Atamın hər dərdi-sərin, sezmisən,
Yoldaş olub, hər zillətə dözmüsən,
Bilirəm ki, qocalıqdan bezmisən,
Canım ana , dünyaların gözəli.

Sən də şirin xəyallara dalırsan,
Mən yaşa doluram, sən qocalırsan.
İndi də məndən nigaran qalırsan,
Canım ana , dünyaların gözəli.

Üzün qırışdı, qalmadı taqətin
Ürəyimi ağrıdır, bu halətin,
Amma dəyişməyib siman, surətin,
Canım ana, dünyaların ğözəli.

Səni sevir, övlad, nəvə- nəticə,
Çox sevinirsən yanına gəlincə,
Allah sənə qismət etsin kötüycə,
Canım ana , dünyaların gözəli.

Amansızdır, zalımdır çox, təbiyət,
Ağrılı olsa da, budur həqiqət,
Üzündə vardır hələ ki, təravət,
Canım ana , dünyaların gözəli.

5) ANA ŞEİRİ

Övlad üçün yandın dönərək şama,
Tanrıdan bizi pay alan can Ana!
Sevginlə ucalıb ali məqama
Qəlbimdə əbədi qalıbsan, Ana!
Övladçün ağartdın saçını dən-dən,
Yer üzündə varmı müqəddəs səndən?!
Gecələr doyunca yatmasan da sən,
Bizə şirin layla çalıbsan, Ana!
Uca Tanrımızdan ümid kəsməyib,
Duanla hər zaman Onu səsləyib,
Qəlbində nə qədər arzu bəsləyib
Şirin xəyallara dalıbsan, Ana!
Südünlə almışıq əvəzsiz şəfa,
Nəvazişlərinsə İlahi səfa!
Bala üçün çəkib nə qədər cəfa,
Ömrü belə yola salıbsan, Ana!


6) AĞLAMA ANA ŞEİRİ

Müəllif: Xuraman Vəfa

Sən ağlasan yerlər göylər ağlayar,
Belə için-için ağlama, ANA.
Şikayət eləyib taledaən, bəxtdən,
Başına qaranı bağlama, ANA.

Dağlar sənə qurban, çən sənə qurban,
Ağaran telimdə dən sənə qurban,
Ölüm qabağında, mən sənə qurban,
Sızlaya-sızlaya ağlama, ANA.

Dünya satın olsa, alaram sənə,
Qul, kölə ol desən, olaram sənə,
Könül taxtımda yer salaram sənə,
Dost-düşmən içində ağlama, ANA.

Dərdini söyləmə dərdə gülənə,
Dərdi Allah verir çəkə bilənə,
Qoy başımı qoyum dağlı sinənə,
Dərdinə qurbanam, ağlama, ANA

Kaş təbib olaydım, loğman olaydım,
Çarəsiz dərdinə çarə qılaydım,
Yarana əlimlə məlhəm qoyaydım,
Gücsüzəm qarşında, ağlama, ANA.

Dərd vurub qəlbinə naxışlarını,
Pərişan eləyib baxışlarını,
Tütyətək içərəm göz yaşlarını,
Amanın günüdür ağlama, ANA.
Başına qaranı bağlama, ANA.


7) ANAMI YUXUDA GÖRMÜŞƏM ŞEİRİ

Müəllif: Nəriman Həsənzadə


Anamı yuxuda görmüşəm dünən,
Yuxuda bir ömür sürmüşəm dünən
Anam evimizə dönmək istəyir,
Görünmək istəyir, görmək istəyir,
İpək kəlağayı salıb başına
Qayıdıb gəlinlik, qızlıq yaşına
Bəzənib elə bil, o, toya gəlib
Mənim ad günümdə Poyluya gəlib.

Analar unutmur balalarını,
Tanrım, anaların dualarını,
Bizim üstümüzdən əskik eləmə,
Qadın kəsik olur, kəsik eləmə.
Anam gördüyünə məəttəl qalıb
Nə ocaq yeri var, nə çəpər qalıb,
Nə qapı bacadan əsər əlamət,
Kimdən soruşsunki, kimindi həyət
Qalxıb pəncərədən baxır yuxarı
Nə ev var, nə evin köhnə şeyləri.

Sənəyi var idi götürübdülər,
Su daşı var idi itiribdilər,
Divardan gəvəni qoparıbdılar
Söküb taxtımızı aparıbdılar
Üstü müşəmbəli çörək stolu
O da gözə dəymir yerində yoxdur

Deyirəm ay ana, ev bizimkidir,
Divarlar bir idi, indi ikidir,
Mebel alıbdılar təzə, qət-təzə,
Parket döşəyiblər kənd evimizə
Kran çəkibdilər təzə su gəlir,
Dağların kəndlərə havası gəlir.
Bir az aralıda bizim doqqaza
Qızılgül əkiblər bizim doqqaza.

Anam evini tanıya bilmir,
Anam yolu-izi tanıya bilmir.
Yol onu tanıyıb gətirib evə
Tale talesizi tanıya bilmir
Evinin yerində evini gəzir
Mən onu gəzirəm, o məni gəzir
Anam baxa-baxa qayıdıb gedir
Məni də yuxudan ayıldıb gedir…


8) QAYTAR ANA BORCUNU ŞEİRİ

Müəllif:Əli Kərim.

Bir gözəl, bir sevimli oğul böyütdü ana.
O bəd, uğursuz günü – ərinin öldüyünü
Bildirmədi heç ona.
Kədəri dalğa-dalğa doldusa da ürəyə,
Lakin nə saç yolaraq verdi əsən küləyə,
Nə şivən etdi ana.
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
Dözərək davanın da dərdinə, bəlasına,
Öz boğazından kəsib yedirdi balasına…
Bir oğul böyütdü ki, gur, çatma qaş, gensinə.
Bir oğul böyütdü ki, oğul deyirəm sənə…

Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,
Oğul instituta qızıl medalla girdi.
Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!”

Ana yuxularında tez-tez Bakıya getdi.
Ana məktub yazdı ki: “Yanıltma gümanımı,
Pul nədir, pul deyirsən, göndərərəm canımı”.
Nə zaman ki oğlunun getdiyi dörd il oldu,
Məktubları kəsildi, gəlmədi tətil oldu.
Ananı fikir aldı, ananın əsdi dizi,
Ana müqəssir etdi tramvayı, dənizi.
O yenə dözdü, durdu… O yolmadı saçını,
Səslədi qonşuları Əsmər, Çiçək bacını.
Yenə də azalmadı ürəkdən bala dərdi,
Onlar oğul vermədi, onlar təsəlli verdi.
Məktub məktub dalınca axdı, Bakıya axdı,
Ana da məktubların dalınca baxdı, baxdı…
Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,
Məktublar əzik-üzük, məktublar bezdi gəldi.
Ana yenə də baxdı gah dolama yollara,
Gah da oğul boyuna həsrət qalan qollara.


Ana oğul böyütdü gur, çatma qaş, gensinə,
Ana oğul böyütdü, özgəyə qismət oldu.
Ana fikirləşdi ki, mən neyləmişəm sənə?
Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?
…Ana bilsəydi əgər, böyütməzdi oğlunu,
Yox, bunu yandım dedim, yenə atmazdı onu.
Bir gözəl, bir sevimli oğul böyütdü ana,
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
Oğul! Nədir etdiyin bəs bu haqq-say üçün?
Qaytar onun ömrünə neçə gecə, neçə gün!
Qaytar onun saçının qaralığını geri.
Qaytar o dilindəki şirin-şirin sözləri!
O sözü, o söhbəti, gülüşü anan verib
Ana dodaqlarından bala dodaqlarına.
İndi ondan gen gəzən oğul, ayaqlarına
Yerişi anan verib.
Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
Qaytarsan o yerişi, yerindəcə qalarsan.
Qaytarsan o gülüşü, hırıldamazsan daha.
Qaytar, qaytar onları, qaytar, qoyma sabaha!

Sən ki dərd verdin, oğul, sənə gülüş verənə,
Oğul demərəm sənə!
Deyirəm ki, o boyu, buxunu qaytar geri!
Deyirəm ki, varını, yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar ana borcunu,
O borc sənin özünsən, özünü qaytar geri!


9) ANAMA HƏDİYYƏ ŞEİRİ

Müəllif: Bəhruz Axundov

Ağappaq qalıbdır kağız qarşımda,
Qələmim titrəyir, əllərim əsir.
Qarışıq fikirlər gəzir başımda,
Nəzərim anamın üzündə gəzir.

Nə deyim, nə yazım axı ona mən,
Anaya söz qoşmaq asanmı məgər?!
Bircə təbəssümü, bircə baxışı,
Bir milyon yazılmış şeirə dəyər.

Bir xoş söz söyləmək istədim ona,
Qəlbimdə kükrəyən, çağlayan, daşan.
Sözləri aradım, düzdüm yan-yana,
Bircə söz tapmadım ona yaraşan.

Qırışlar üzündə cığırlar açıb,
Gəncliyimi vermək istədim ona.
Məni boya-başa özü çatdırıb,
Verdiyi bəxşişi alarmı dala?!

«Anamın gözləri zəifdir», – deyib,
İstədim nur olam, gözünə axam.
Gözümü anama hədiyyə edib,
Həyata anamın gözüylə baxam.

İstədım ömrümü bəxş edim ona,
Dedim, hədiyyəmi qaytarar birdən.
Bəs mənə həyatı bəxş edən ana,
Ömrümü hədiyyə alarmı məndən?!

Ana! Diz çökürəm qarşında sənin,
Cahan səcdə edir sənə, ay ana.
Özümü hədiyyə etsəm də, mənim,
Həyatda yenə də borcum var sənə.

Ana! Ağarıbdır saçın pambıq təki,
Uca dağların da qar olar başı.
Səni zirvələrə bənzədirəm ki,
Olasan dağlarla ömür yoldaşı.

Təsili və Gözəl Ana şeirləri

10) ANA ŞEİRİ

Dizimin,qollarımın taqəti sənsən ay ana,
Dilimin hər sözü,hər söhbəti sənsən ay ana.!

Kim əgər istəmiyirsə anasın xar olsun.
Dili lal,gözləri kor,qulaqları kar olsun,
Kim ana zəhmətini dansa ona ar olsun
Çəkən övlad üçün əzab-əziyyəti sənsən ay ana.!

Elə varlıqsan anam adın dillər əzbərimiz.
Nəfəsin gələn yerdə yoxdu bizim dərd-sərimiz,
Çox gözəl kəlam deyib Məhəmməd Peyğəmbərimiz
Övlada bəxş eliyən cənnəti sənsən ay ana.!

Yeganə kəsdi anam əziz,müqəddəsdir mənə.
Allahım yer üzündə ancaq həmi kəsdi mənə,
Gedib gəlsin nəfəsin,baxışların bəsdi mənə
Həyatın şirinliyi,ləzzəti sənsən ay ana.!

Ey cavanlar ananın saxlayağın hörmətini.
Canımızdır,qanımızdır çəkəyin qeyrətini,
Unutmaq günahdır məncə atanın zəhmətini
Atadanda çox çəkən əziyyəti sənsən ay ana.!

Xəstələnsən ay anam dərdinə dərman mən olum.
Ömürə yoxdu vəfa yanında hər an mən olum,
Sənin ağ saçlarının rənginə qurban mən olum
Hər zaman cəlb eliyən diqqəti sənsən ay ana.!

Ta gəlincə əcəl insan yerini bərk eliyir.
Xeyri yoxdur yenədə ruh bədəni tərk eliyir,
Allahın hökmüdü bu insanlar dərk eliyir
Neçə ildir gözümün həsrəti sənsən ay ana.!


Bənzər mövzular:

Anaya aid Gözəl sözlər, Anaya aid Statuslar
Ana haqqında inşa
Ana haqqında atalar sözləri

Axtarış sözləri: ana şeiri,ana seiri, ana haqqinda seir,ana şeirleri,anaya aid şeir ana weiri ana haqqında şeir,anaya aid seirler, anaya aid seir,anaya aid şeirlər

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 64

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir