Birinci siniflər üçün bir-birindən gözəl ilk zəng şeirləri
“Birinci Zəng” şeiri
Müəllif: Hikmət Ziya
… Sentyabr səhəri!
Məktəbə yollanıram.
Bir işıqlı binanın
Yanında dolanıram.
Yenə qulaqlarıma
O mehriban səs gəlir.
Gözlərimə gur işıq
Qəlbimə həvəs gəlir.
Odur, doğma məktəbin
İlk zəngidir dil açan!
Odur, hər xoş nəğmədən
Daha əziz, mehriban.
Sponsor Linklər
İlk zəng!.. Yenə də səslən
Ürəkləri oxşa sən.
Sinfə çağır sən bizi,
Gəlirsən çox xoşa sən.
Bir an unutmaz səni,
Qələm tutan, söz yazan.
Sən elmin yollarında
Yorulmaz nəğməkarsan!
“Mən məktəbə gedirəm” şeiri
Müəllif: Rafiq Yusifoğlu
Mən məktəbə gedirəm,
Təptəzə dostlarım var.
Çantamda dəftər, kitab,
Ürəyimdə arzular.
Mən məktəbə gedirəm,
Güc gəlir qollarıma.
Mənim ilk müəllimim
Göz dikib yollarıma.
Mən məktəbə gedirəm,
Sevinir, ellər gülür.
Qanadım yoxdur uçam,
Əlimdə güllər gülür.
Mən məktəbə gedirəm,
Ah çəkir yoldan ötən.
Övladların boy atır,
Gözlərin aydın, Vətən!
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
İlk dərs şeiri
Müəllif: Bəxtiyar Vahabzadə.
Bu gün yeni dərs ili
Başlanır… səhər-səhər
Məktəblərə yollanır
Al yanaqlı körpələr.
O dalında çantası
Gedən uşağa bax bir
O da, görəsən, belə
Məktəbəmi tələsir?
Sevinc sığışmır onun
Bugünkü hər anına.
Bu gün ayaq basacaq
Məktəb pilləkanına.
Bəli, bəli gör necə.
Sevimlidir, o bu gün.
Həyatında ilk dəfə
Gedir bir məqsəd üçün.
Pillələri aramla
Qalxır tək-tək yuxarı.
Həyatda da o belə
Yüksələcək yuxarı.
Bu qədəm ilk qədəmdir.
Arzular üçün ona.
Bu qədəm son qədəmdir
Şıltaq uşaqlığına.
Zəng çalınır… uşaqlar,
Bir-bir dolur sinifə.
Bu qəribə zil səsi
O eşidir ilk dəfə.
Bu səs onu çağırır
Düşünməyə, duymağa.
Bu səs onu aparır
Səadətli bir bağa.
Bu səs gör bir nə deyir:
“qədrini bil hər günün”
Bu gün gördüyü hər şey,
Yenidir onun üçün.
Dərs qutarır, dağılır
Evlərinə uşaqlar.
O da gedir, üzündə
Yeni bir nəşə çağlar.
Sən bu gün “A” səsini
Öyrənmisən a bala,
Onu sev, sən onunla
Yetəcəksən kamala.
Müqəddəsdir, əzizdir
Sən sev bu “A” səsini.
Bu səslə yazacaqsan
Sən “ana” kəlməsini.
Biz ilk qələm tutanda
Bu kəlməni yazırıq.
“ana vətən” deyərək
Ölməyə də hazırıq.
Bizim ilk dərsimiz də
Ana ilə başlanır.
Son dərsimiz ananın
əlilə alqışlanır.
Ana, vətən deməkdir
Quzum, sev bu vətəni.
Vətəndir məktəb açıb
Bu gün oxudan səni.
“Məktəbə get, dərs oxu” şeiri
Müəllif: Abdulla Şaiq
Ağıllı oğlum, oyan!
Qiymətlidir hər zaman.
Tez ol, dur get məktəbə,
Sarıl elmə, ədəbə.
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.
İlk müəllimim şeiri
Müəllif: Naməlum
Ömrümə bir çıraqsan,
Arzuma bir soraqsan,
Yaddan çıxmayacaqsan,
Mənim ilk müəllimim.
Anamın laylasısan,
Qəlbimdə qalasısan.
Könlümün qalasısan,
Mənim ilk müəllimim.
Bağbansan, bar dərənsən,
Gül – çiçək becərənsən.
Gözlərə nur verənsən,
Mənim ilk müəllimim.
Bir gün getsən əllərdə,
Sözün qalar dillərdə.
Yaşarsan könüllərdə,
Mənim ilk müəllimim.
İlk zəngə aid şeirlər
“Müəllim” şeiri
Müəllif: Rafiq Yusifoğlu.
Müəllimdən öyrəndik
Oxumağı, yazmağı,
Qəlbimizin səsinə
Hər an qulaq asmağı.
O, yeni həyat verir
Hər kəlməyə, hər sözə.
Yerin, göyün sirrini
Odur öyrədən bizə.
Müəllim göstərir ki,
Nə düzdür, nə əyridir.
O bizə ləyaqətlə
Yaşamağı öyrədir.
Hamımıza sevdirir
Ana yurdu o insan.
Qəlbimizdə həmişə
Yanan nurdu o insan…
“Məktəbə çağırış!” şeiri
Müəllif: Mirzə Ələkbər Sabir
Mənim bağım, baharım!
Fikri ziyalı oğlum!
Məktəb zamanı gəldi,
Dur, ey vəfalı oğlum!
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Gün çıxdı, sübh açıldı,
Qaranlıqlar qaçıldı,
Pəncərədən gün düşdü,
Otaqlara saçıldı.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Oğul, oğul, amandır,
Çox yuxlamaq yamandır.
Çox yuxlamaq şeytandan,
Tez durmaq Allahdandır.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Müəllimin kəlamın
Al, saxla ehtiramın;
Haqqdan edər təmənna
Məktəbinin davamın.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Nəsihət al,nəsihət,
Qıl kəsbi-elmə qeyrət!
Elmsizlik bəlası,
Müşkül olur,həqiqət.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Məktəbdə var şərafət,
Dəftərdə var lətafət.
Cari olur qələmdən
Şirin-şirin hekayət.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Allah olsun sədiqin,
Məktəb sənin şəfiqin;
Dur ,məktəbə get ,oğlum,
Dəftər sənin rəfiqin.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Elm öyrən, imtahan ver,
Öz fəzlini nişan ver;
Qədrini bil elmü fəzlin,
Elmin yolunda can ver.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Bənzər mövzular:
- Müəllim Haqqında Şeirlər
- Müəllimə Aid Gözəl Sözlər və Aforizmlər
- Elm və Təhsil Haqqında Aforizmlər – Oxubil.info
- Uşaq Şeirləri, Uşaqlar Üçün Şeirlər
- Kitab haqqında aforizmlər
Axtarış sözləri: birincilər üçün şeirlər,birincilərə aid şeirlər ,birinci sinifə aid şeirlər , 1-ci sinifə aid şeirlər,ilk zəngə aid şeirlər ,birinci zəng şeiri ,birincilere aid seirler , birinciler seiri, 1 ci sinif şeirləri, 1-ci sinif üçün şeirlər,ilk zeng seirleri ,ilk zenge aid seirler 1 ci sinifler ucun seirler