Vaqif Səmədoğlu şeirləri

Vaqif Səmədoğlu şeirləri
5
(1)

Öz fərqli üslubu ilə sayılıb seçilən şair Vaqif Səmədoğlunun qələmindən çıxan 12 şeiri sizlər üçün bir araya topladıq.

#1

Azadlıq həsrəti var
Yenə titrək səsində.
Neçə quş dustaq qalıb
Köksünün qəfəsində,

Burda yurd salma, gülüm,
Bura vətən yeridir.
Üfüqə gedənlərin,
Gözdən itən yeridir…


#2 “Deyərmi” şeiri

Quşlar bağça-bağa girməzdən qabaq,
Bağbana elçilər heç göndərərmi?
Bənövşələr dağda boyun bükəndə,
Dumana elçilər heç göndərərmi?


Göy çəmənə yağış yağanda səhər,
Otlara, güllərə yağım deyərmi?
Ay işığı al yanağa düşəndə,
Qara gözlərinə baxım deyərmi?


Qışı əridəndə hər yanda günəş,
Gəlim, ya gəlməyim soruşmaz bahar.
Çiçək nəfəsiylə, körpə səsiylə
Gülüm, ya gülməyim soruşmaz bahar…


#3 “Dayan, sonra ağlayarsan” şeiri

Dayan, sonra ağlayarsan,
Hələ sənə bir şerim var.
Otaq kiçik, amma isti,
Eşikdəsə beşgünlük qar.

İndi qayıt yalvar mənə,
Oxumayım şeri sənə.
Şerlə layla deyirəm,
Qarda qalan izlərinə.

Yuxu görür getdiyin yol,
Yatır qar üstə izlərin.
Baharda çaılsın, gülüm,
Qışda yumulan gözlərin…


#4 “Yəni heç yadıma da düşməyəcəksən?” şeiri

Yəni
heç yadıma da düşməyəcəksən?
Necə unutdura biləcəksən
özünü mənə ?
Yəni sənə bənzəyən
bir nəğmə,
bir dəniz sahili,
ya bir ağac kölgəsi
çıxmayacaq qarşıma ?
Yox,qurtara bilməyəcəksən,
qaça bilməyəcəksən yaddaşımdan,
hələ ki, yer üzündə
bircə nəğmə, bircə ağac,
bircə sahil var…


#5 “Yol çəkir gözləri dəlilərin də” şeiri

Yol çəkir gözləri dəlilərin də,
Tamam unutmayıb dünyanı onlar.
Güzgüdə özünü tanımasa da,
Dəlinin öz dəli xatirəsi var.

Qəfəsə bənzəyən pəncərələrdən,
Siz görən səmanı görür dəlilər.
Heç olmasa ildə cəmi bir dəfə,
Dəli gözlərinə görünür səhər.

Gözləri dikilib yolsuz yollara,
Dəli gözlərində yaşarmır kədər.
Baş çəkin onlara, ancaq gələndə
Əliboş gəlməyin, acdır dəlilər.


#6

Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb,
Təkliyin yalquzaq səsi.

Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir…
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir…

Nə varım var, nə barxanam,
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa.


#7

Sən mənim doğma anamsan, Azadlıq,
mən sənin yad qapısında böyümüş balan…
Sən son ümidimin qaldırdığı
ağ bayraqsan, Azadlıq,
mən səni yellədən külək…

Vaqif Səmədoğlu şeirləri

#8

Mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.
Dalamır indi məni
nə illərin
başyuxarı axarı,
nə də ömrün
üzüqoylu axırı.
Bilirəm,
yer üzündə bütün izlər
ömürdən gedir,
dəniz belə gözdən itir.
Bilirəm,
yer üzündə
bir yol da salınmadı
insan gözündən.
Tapılmadı itənlər.
Mənsə gah həyata,
gah ölümə səbəb gəzirəm.
Yaşayıram, dözürəm.
Bir misra da, bir gecə də.
Çünki
mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.


#9

Yubanıb köhnəlmişəm,
Boz qış səhəri kimi.
Ötən yay ölənlərin
Ölüm xəbəri kimi.

Şerim uşaq üzündə
Qoca gözünə bənzər,
Dünyaya salam sözüm,
Sağ ol sözünə bəşər…

Ömrün gecə çağını
Səhər bilib gəlmişəm,
Yuyulan günah kimi
Yubanıb köhnəlmişəm.

sponsor 3

#10

Bacarsaydım qurudardım,
Dünyanın dənizlərini,
Xəzər yudu bu gün, gülüm,
Sahildəki izlərini.
O balaca ləpirləri
Çoxmu gördü dünya mənə,
Gözmü dəydi izlərinə?
Yerə vurdun sözlərimi,
Dindi yerim sarı simi…
Eşitmişəm yol üstəsən,
Yaz, göndərim gözlərimi,
Harda ağlamaq istəsən…


#11

Əlimi uzatdım
Sevincə sarı,
Gördüm, yox,
Arada kədər dayanıb.
Atamı səslədim,
Köməyə gəlsin,
Gördüm, yox,
Arada qəbir dayanıb.
Üz tutub gedirdim
Allaha tərəf,
Gördüm, yox,
Arada ömür dayanıb…


#12 “Uzaq yaşıl ada” şeiri

Ürəyim yol çəkir bir gözə dönüb,
Yollar da tərs kimi uzanır, gülüm.
Yuxumdan hər gecə durnalar keçir,
Bilmirəm nə olub, haradan bilim?!
Belə getsə sınar quşların səsi,
Dənizin də səsi günbəgün batar.
Yubanma, əzizim, gəl qurtar məni,
Arxadan dərd çapır, qorxuram çata…

Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada…
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada…

Tez ol xəbər ver, görüm necəsən,
Gözlərin necədi, yerişin necə?
Yaman darıxmışam, mən səndən ötrü,
Barı bir soraq ver özün gəlincə.
Yerini bilmirəm, bilsəm gələrəm,
Könlünü alaram, sevərəm yenə.
Xəzərin köksündən qalxan dumana,
Qara şanı büküb gətirrəm sənə…

Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada…
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada…


Bənzər mövzular:

Axtarış sözləri: vaqif semedoglu uzaq yasil ada,vaqif semedoglu seirleri,vaqif səmədoğlu şeir,vaqif səmədoğlu şeirlər

YAZIYA QİYMƏT VER!😉

Ortalama 5 / 5. Səs sayı: 1

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir