Salam Sarvan şeirləri
0
(0)

Fərqli üslubu ilə seçilən şair Salam Sarvanın maraqlı şeirləri

“Sevgi” şeiri

Mən sənin qarşına
pəncərə şüşəsi kimi çıxdım ki,
mənə baxanda dünyanı görəsən…
Sənsə mənə güzgüyə baxan kimi
baxıb keçdin


“Bağışla, otağım tör-toküntüdü” şeiri

Yuvam dimdiyimdə gəzirəm hələ…
Sənsiz yer də yoxdu, dərbədər mənə
Gəl e, gəl qırılıb qırağa düşmüş
o qol budağımdan meyvə dər mənə.

Bilmirəm keçirim hansı halını –
Oynayım toyuna, batım yasına?..
Hər gün neçə məktub yazıb cırıram,
cırıb tullayıram… poçt qutusuna.

Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə –
bağışla, otağım tör-toküntüdü


Salam Sarvan şeirləri

“Hörüyün əlimdə təsbeh əvəzi” şeiri

Hörüyün əlimdə təsbeh əvəzi…
üstündə duamı oxudum, ayıl.
Sənin məhəbbətin mənim gözümdə
tərsinə yozulmuş yuxudu, ayıl.

İndi sən mənimçin heç nə deyilsən,
indi nə dərdimsən, nə nəşəm, qadın!
Mən səni sevmirəm, sənin qoynuna
səndən gizlənməyə girmişəm, qadın…

Hələ gizli-gizli ovuram səni,
gah daş daşıyıram, gah qum atıram .
Mən səni atmıram, səndən qaçmağa
ömrüm uzunluqda lağım atıram.


“Atanda bir baxaydın da” şeiri

Bir gün məni axtararsan,
məndən gen düşən sevdiyim.
Nağıldan sonra alma tək
gözümdən düşən sevdiyim.

Axtararsan, axtararsan
tapa bilməzsən sən məni.
Atanda bir baxaydın da
hayana atmısan məni.

İşdən də xəbər alarsan,
«yerində yoxdu» deyəllər…
Özünü divardan asıb
harasa çıxdı – deyəllər


“Ay narahat, darıxma” şeiri

Sən mənim yolayrıcımdın,
səndən yüz yana döndüm.
Gah sağa döndüm, gah sola
və bir gün sona döndüm.


Ağla göz yaşlarınla yu –
sifətini ağ saxla…
Məni dilinin ucunda
dişindən uzaq saxla.


Ay mənsiz dözə bilməyən,
ay narahat, darıxma.
Səhər-axşam başına döy –
başını qat, darıxma.


“Kişi” şeiri

Zülmnən tapdığı çörəyi
hər axşam bölər evində
bir tikə hərəyə –
özünə, arvada, uşaqlara
və siçançün qurulmuş tələyə.


“Dünyadan çıxış” şeiri

Evdən çıxdığın kimi çıxacaqsan dünyadan –
işığı söndürüb qapını bağlayandan sonra düşünəcəksən:
heç nəyi unutmadım ki,
heç kimi unutmadım ki?


“Görünüş” şeiri

Miz üstə şair başı
başda şer havası…
Siqaret kötüyüylə
dolmuş sərçə yuvası.


Saatın əqrəbləri
biri-birinin üstə:
qıfılnan bağlanıblar
üçü də «bir»in üstə.


O körpənin alnında
iki kəlməlik yazı:
bax, elə beləcə də
yazılıb ki «nə yazım?


“Ətəyində bir əl,yaxanda bir əl” şeiri

Qəbirlər öpülmür, quculub qalıb…
Bulud…o nəm divar uçulub qalıb…
Yay sınıb,iki əl açılı qalıb,
Hədəfində bir əl, oxunda bir əl.

Yondu, hamarladı tumar gözünü,
yıxıldım üstündən hamar gözünün.
Hər gecə ölərsən, yumar gözünü
yastığında bir əl, yuxunda bir əl.

sponsor 3

Özündən uzaqda birdir hər ayrı…
dərd bir,sevinc birsə, xeyir-şər ayrı…
Qərib qardaşlar tək düşüblər ayrı,
ətəyində bir əl, yaxanda bir əl.


“Səni vurmağa da qalxmaz əllər” şeiri

Buludlar tozdurmu belə qopular
yağışın yol keçib axdığı yerdən?…
İlahi, indicə bir gül çıxacaq
dag öz ürəyini sıxdığı yerdən.

Səni vurmağa da qalxmaz əllərim
atılsa üzünə ləçək tellərin…
səndən vəfalıymış sənin yolların –
hələ də keçirlər baxdığım yerdən.

Əh… birin bilirsən sən də, birin yox –
daha yıxılıram, heç xəbərin yox…
Gördüm ki tutmağa özgə yerim yox,
tutdum yıxılmağa qorxduğum yerdən.


“Bir qurtum su verin” şeiri

Yazmaq – qələm kimi yonulmaqdı da,
yonulub kağızdan yuxa çıxıram…
Qara günlər çıxır kir kimi məndən,
yuyunub beş arşın ağa çıxıram.

Nə yanğı söndürmək, nə içmək üçün –
bir qurtum su verin tüpürmək üçün…
Sənin ad gününə gül dərmək üçün
sinəmə çəkdiyin dağa çıxıram…

Öz üstümə qoşun göndərən şaham…
Yellər də qoşuldu mən çəkən aha…
Səni axtarmağa gedirəm daha –
ta mən də bu gündən yoxa çıxıram.


“Gündüzdü, qaranlıq içindən keçir” şeiri

Hər gün ad günüdü dünyada bəlkə –
hər gün bu dünyada il tamam olur.
Gündüzdü qaranlıq içindən keçir,
yalandı deyirlər ki, axşam olur.

Gecə ki yuxuda axşam görürsən,
səhər gündüz olur – yuxun çin çıxır…
Yatırsan ayılıb xoş gün görəsən,
ayılıb görürsən yenə gün çıxıb.

Baxdım, nə qapısı, nə bacası var,
baxdım çöl-bayırı görməyən evə:
Bəs axşam haradan girir qaranlıq
gündüz gün işığı girməyən evə


Bənzər mövzular:

Axtarış sözləri: Salam Sarvan şeirləri, Salam Sarvanın şeirləri, Salam Sarvan şeirlər,Salam Sarvan şeir

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir