[quads id=7]

Abbasqulu ağa Bakıxanov şeirləri

Abbasqulu ağa Bakıxanov şeirləri
0
(0)

Azərbaycan şairi, yazıçı, alim və tərcüməçi. Abbasqulu ağa Bakıxanovun seçmə şeirləri

“Tatar nəğməsi” şeiri

Qız:
Qalanın dibində durmuşdur yarım,
Əynində bahalı arxalığı var.
Qırmızı mahutun altından onun
Mavi rəng köynəyi gün kimi parlar.
Məni danlamayın töhmət vurmayın,
Deyiləm eşqimdə zərrə günahkar.
Əbədi sevirəm onu ürəkdən,
Deyildir əlimdə mənim ixtiyar.
Atma daş, yarımdan mən aralıyam,
Onsuz da ürəkdən mən yaralıyam.
Bütün el geymişdir bayram paltarı,
Tək qana batmışdır mənim ciyərim.
Divarlar dibində narlar sulanmış,
Əl çatmaz narlardan birini dərim.
Nəyimə lazımdır başqa bir oğlan,
Ondadır tək mənim fikrim, nəzərim.
Qaranlıq gecədə basıb bağrıma,
Nazlardım, gülüncə nazla səhərim.
Atma daş, yarımdan mən aralıyam,
Onsuz da ürəkdən mən yaralıyam.
İravan dağları ayırmış bizi,
O qarlı dağları bürümüş duman.
O gözəl işvəli gürcü qızları,
Ürəyi ovlayar bircə baxışdan.
Ah, məni səfalı o şən diyarda,
Bir söylə unudub atmayacaqsan?
Mən sənin eşqində sədaqətliyəm,
Səndəmi eşqinə sadiqsən, oğlan?
Atma daş, yarımdan mən aralıyam,
Onsuz da ürəkdən mən yaralıyam.
Buraya belə bir xəbər gəldi ki,
Orada qanlı bir müharibə var.
Deyirlər pusquya girmiş səngərdə,
Çox böyük hünərlə bizim oğullar.
Gözlərim yollarda qalmış amandır,
Öldürər məni bu ağır intizar.
Yavaşdan allaha dua edirəm,
Yarımı sən saxla, ey pərvərdigar!
Atma daş, yarımdan mən aralıyam,
Onsuz da ürəkdən mən yaralıyam.


Oğlan:
Duyğusuz daş kimi qala dibində,
Uzanıb arzuyla mən də yataydım,
Ya bir kəs gələndə sizin tərəfə,
Arxadan mən ona qaçıb çataydım,
Belə bir gözəlin qardaşıyla mən,
Oturub səmimi ülfət qataydım.
Qalanın dibində üç ağac vardır,
Nə olar onlara bir daş ataydım.
Mənim də Züleyxam məlahətlidir,
Yanağı qırmızı almaya bənzər.
O mənə qol açıb, gəl deyir aman,
Açılmış döşünə dəyməsin nəzər.
Sinəsi üstündə göyə əl açıb,
Edəydim allaha dua hər səhər?!
İlahi, sən saxla onu bəladan.
Amandır, qoyma yar olsun mükəddər.


“Dörd Bahar” şeiri

Könül, şad ol ki, şadlıq vaxtı çatmış,
Ki, hər şeydə xuda dövlət yaratmış.
Vəliəhdi-cavanbəxtə bax, ol şad,
Gözəl bir novərusə oldu damad.
Bu mövsimdə bahar içrə bahardır,
Atanın gün kimi təsiri vardır.
Uzaq olsun bu hallardan yaman göz,
Xeyirlə yad edilsin qoy şirin söz.
Xoş ol şahə ki, böylə təxti vardır,
Bu təxt üstündə ali bəxti vardır!
Bir İskəndər edibsə şərqi bərhəm,
Biri də sülhü qərbdə etdi möhkəm.
Bu İskəndər də almışdır gözəl ad,
Olardan pay alıb olmuşdur ustad.


“Fatma tar çalır” şeiri

Əlində titrərkən o nazik tellər,
Sonsuz həyəcanla titrədi qəlbim.
O incə, o şirin, dadlı nəğmələr,
Fələyə qaldırdı ruhumu mənim.
Eşqin yüksəldi
fərəhlə bir an.
Şövqə gəldi
can.
Qoy açsın qanad,
sənin xəyalın.
Bir an da olsa qoy gülsün bu həyat,
Məst etsin qəlbimi gözəl camalın.
Hamıdan xoşbəxtəm bu dünyada mən,
Səninlə bağlıdır bəxtiyarlığım.
Əqlim də sən oldun, düşüncəm də sən
Sənsiz nəyə lazım mənim varlığım?
Hüsnünün nurunu gördükdə bir dəm,
Könül qaldı mat.
Sanasan dövrəmdə rəqs etdi aləm,
Bütün kainat
bir nəğmə oldu,
Füsunlu ahənglə qəlbimə doldu.
Mən səni araram ey əziz nigar,
Qoyma ki, arizum qəlbimdə qalsın.
Təbiət məst olub bizə oldu yar,
Çalışır tez bizi ağuşə alsın.
O şaqraq səsində
Məlahət vardır,
Ürəyim səninlə
Nə bəxtiyardır!


Abbasqulu ağa Bakıxanov şeirləri

“Gözəl Yay” şeiri

Dodaqlarında yarın incə bir təbəssüm var naappim,
Təmiz səmadə günəş sanki, şövqilə oynar.
İşıq saçar necə o dağlara məhəbbətlə,
Təbiət hüsnünə tacdır, tamam zinətlə.
Bizə yaxın yaşayır bir gözəl nigar həm də,
Tapılmaz heç ona bir tay cəmi-aləmdə.
Gecə aşıb hasarı, asta dövrəmə baxıram,
Qızıl gülü qoparıb, şümşad üstünə taxıram.
O nazənin səhər erkən duran zaman yuxudan,
Bu gülləri görüb olsun, bu möcüzə heyran.
Əzəl görəndə bu halı təəccüb eylədi yar,
Düşündü bəh, nə əcayib-ğərayib işlər var?!
Qızıl gülü yetirərmi cahanda heç şümşad?!
Və sonra duydu bağa girmiş olmalı bir yad.
Kim isə əylənərək şuxluq eyləyir bu təhər,
O bir də heyrətilə salmadı bu halə nəzər.
Axı o nazlı cavan bilmədi ki, bu mən idim,
Qoca yaşımda demə mən özümlə əyləndim.


“Mişkatu-l-ənvar” poeması

Ey düzlüyü sevən, eşqi gəl eyləmə məzəmmət,
Zahidlikdə mən görmürəm nicat,üçün əlamət.
Küfrilə din heyran qalıb, onlar kimi arayır?
Daraq, kimin mişk ətirli saçlarını darayır?!
Mən duyuram ruh oxşayan yar ətrini inanın,
Can mülkündən xəbər verir iltifatı cananın.
Nəşə verdi yar camından nuş etdiyim hər damla,
Bir ad ilə bəzədim bu kitabımı inamla.
Ki onun pak hümmətinin feyzi ilə hər zaman,
Parlaq günəş zühur edər adi qara torpaqdan.
Hər nə qədər tərifini mən söyləsəm var yeri,
Odur bizə kəşf eyləyən bilinməyən şeyləri.
O səadət günəşidir mənə odur nur verən,
Odur mənim hər zərrəmdə yüz möcüzə göstərən.
Bu canımdır ancaq onun bir mişkatül-ənvarı,
Bu qəlbimin xəznəsidir onun gənci-əsrarı.
Bu kitabda istəyirəm yazım onun sirrindən,
Qoy «Mişkatül-ənvar»–deyə adlandırım onu mən.
Qəribədir, tarixi də sanki doğmuş əsrardan,
Hasil oldu can adı da bu «Mişkatül-ənvar»dan.
Ey misilsiz cavan, çalış hümmət eylə hər işə,
Cavanbəxtsən, qoca kimi tədbirli ol həmişə.
Cavanlıqda dərdlər məni tez qocaltdı, durma get!
«Var»ın «yox»un cəfasından varlığını xilas et!
Ey işıqsız gözlərə nur bəxş eyləyən gün kimi,
Ey zavallı aşiqlərin dərdlərinin həkimi,
Bu xəstəyə öz qəmzəndən lüft et bir dərman göndər,
Gülüşündən bu ölmüşə ruh ver, yeni can göndər,
Qüdsini sən bu səhrada qoyma qalsın sərsəri,
Öz yolunu itirənin axı sənsən rəhbəri.
Həqiqətə çatmaq üçün mənə doğru yol göstər,
Nədə bir səhv etsəm onu, bir mürəbbim ol, göstər!


“Dil eşq yolunda zar olubdur” qəzəli

Dil eşq yolunda zar olubdur,
Bir gül həvəsində xar olubdur.

Xunabə dönübdü rəngi-zərdim,
Bu gülşən üçün bahar olubdur.

Dövrani-fələk müxalif olmuş,
Can düşməni-ruzigar olubdur.

Dilbər qəmi, dustlar fəraqi,
Dərdim bir ikən həzar olubdur,

Mən etmə kəlamım olsa dilsuz,
Söz mənşəi pürşərar olubdur.

Xunin ciyərim bəsani-lalə,
Əfsurdəvü dağidar olubdur.

Qəm bihədü dərd banihayət,
Möhnət dəxi bişümar olubdur.

Hicran sitəmi alıb qərarım,
Gün nuri gözümdə tar olubdur.

Hicrində düşüb bəlayə, Qüdsi,
Sərgəştəvü biqərar olubdur.


“Hər zülmün rahatlıq bəxş edir inan” qəzəli

Hər zülmün rahatlıq bəxş edir inan,
Şövqindir qəlbimi işıqlandıran.

Hər yerdə cəmalın bir gözəlliklə,
Gözlərim önündən çəkilmir bir an.

Qəbulun şübhəsiz bəxtiyarlıqdır,
Olmadım lütfündən mənsə kamiran.

Bəs hanı mənzilin, sənə yol hanı?
Geriyə qalmışdır bizim karivan.

Nakamlıq özü bir kam oldu bizə,
Bu imiş eşqdən bizə ərmağan.

sponsor 3

Əlində xəncərdir, ləbində gülüş,
Qəribə qatilmiş bizim canalan.

Qüdsi, heyrətdəyəm, məni rədd edən,
O gözəl olmuşdur indi mehriban.


“Hikmətin Fəziləti” şeiri

Qədim bir kitabda verilmiş xəbər
İranda bir həkim varmış mötəbər.

Ümidi yox ikən onun sabaha,
Belə bir sifariş göndərdi şaha:

“Onun üzüyünü böyük hökmdar,
Ən müdrik adama versin yadigar”.

Şah bu vəsiyyəti icra edərkən
Ehtiyat edirdi divanələrdən.

Çünki hər dövlətli, kasıb, hər gəda
Özünü ən müdrik bilir dünyada.

Nəhayət, hamını çağırtdırdı şah,
Onları mətləbdən eylədi agah.

Dedi: Üç suala istərəm cavab,
Kim daha düz desə, olsun intixab.

Əvvəl – ən xeyirli nədir müxtəsər?
Tamahkar olanlar dedilər ki, zər.

Vergi toplayanlar dedilər: xərac!
Tacirlər dedilər: alver və rəvac!

Şah dedi:Uzaqdır bunlar mətləbdən
Orada bir qoca durmuşdu, həmən.

Söylədi: hər şeydən xeyirli – hünər!
Hünərsiz heç bir şey olmaz müyəssər.

Şah qəbul eylədi, soruşdu yenə:
Dünyada hər şeydən yaxşı, deyin, nə?

Yüksəldi müxtəlif səslər saraydan:
Şahın razılığı … şadlıq, firavan.

Yenə də o qoca dedi bu sözü:
Hər şeydən yaxşıdır, yaxşılıq özü.

Çünki yaxşı sifət olarsa səndə,
Afərin söyləyər dost da, düşmən də.

Şah dedi: Ən lazım nədir insana?
Yenə də çox fikir çıxdı meydana.

Şah isə qocaya edirdi diqqət,
Dedi: ən lazımlı şeydir – həqiqət.

Həqiqət olmasa, olmaz intizam,
Dünya həqiqətlə dolanır müdam.

Şah qalxıb qocaya eylədi təzim,
Üzüyü hörmətlə eylədi təqdim.

Əmr etdi saraydan getməsin bir an,
Ki, alsın hər işdə məsləhət ondan.

Nəhayət, oldu o şahın vəziri,
Ölkəni düzəltdi onun tədbiri.

Nə yaxşı olardı, hər ölkədə, ah,
Olaydı belə bir vəzir ilə şah.

Ey Qüdsi, hikmətdən varsa xəbərin,
Yaxşı adamlarda olsun nəzərin.


Bənzər mövzular:

Axtarış sözləri: abbasqulu ağa bakıxanov şeirləri,abbasqulu aga bakixanov seirleri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir