Mənalı Şeirlər
4.1
(67)

Oxubil.info olaraq bir-birindən gözəl və mənalı şeirləri sizlər üçün bir araya topladıq.

ANA ŞEİRİ
Müəllif: Nüsrət Kəsəmənli

Doğulub dünyaya gəldim elə ki,
Çıxdı rahatlığın əlindən ana.
Gecələr yatmayıb laylamı dedin,
Of sözü duymadım dilindən ana.

Doqquz ay bətnində bəslədin məni,
Mən sənə nə etdim bilmirəm ana.
İndi göz yaşlarım süzür yanağa,
Yanaqda quruyur silmirəm ana.

Uşaqkən qədrini bilmirdim sənin,
Öpməzdim ağarmış telindən ana.
İndi can üstəsən nə mənası var,
Yüz kərə öpsəm də əlindən ana.

Qəlbinə toxundum yenə can dedin,
Bir ömür xətrimə dəymədin ana.
Halal zəhmətinlə böyütdün məni,
Heç kimə sən boyun əymədin ana.

Yaxşı əməlinlə abidə qurdun,
Hər kəsin qəlbində ucaldın ana.
O qədər dərdimi, cəfamı çəkdin,
Gözümün önündə qocaldın ana.

Ömrünü caladın mənim ömrümə,
Özünü mən qədər sevmədin ana.
Özün öz canından pay verdin mənə,
Ruhumda sən varsan ölmədin ana.

Adın müqəddəsdir adına qurban
Bəzəmək nə lazım naxışla ana.
Əvəzin yox imiş gec anlamışam,
Haqqını halal et bağışla ana.

Sevgilər
Müəllif: Mikayıl Müşfiq

Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.

Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.

Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA ŞEİRİ
Müəllif: Cabir Novruz

Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.

Yalnız, yalnız sağ olanda,
Hər kəs əsil qiymətini bilər onda,
Bu sözlərim düz olmasa töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə…

Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.

Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə, aslan deyin aslanlara.
Sağlığında qiymət verin insanlara…

Hər kəs bilsin öz yerini necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır…

sponsor 3

Bu nədəndir ölən kimi,
qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır…
Çirkinlər də təmiz olur ölən kimi…
Yadlar belə əziz olur ölən kimi…

Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?
Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir…

Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm…
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm…

Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara, qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…

DƏNİZ GƏZİNTİSİ ŞEİRİ
Müəllif: Səməd Vurğun

Sеvgilim, gеcənin rənginə bir bax!
Sayrışan ulduzlar göz kimi parlaq.
Sallamış dənizə ay məndilini,
Dəniz danışdırır öz sahilini.
Baxıb kеçənlərə, göz qırpır mayak,
O bir kеşikçidir hər zaman oyaq.
Gəzdirir özünü böyük bir vapor,
Vaporda səslənir, döyünür mator.
Onun zirvəsində durur kapitan;
İndi təbiətə hökm еdir insan.
Yorulmaq bilməmiş insanın əli –
İnsan yеr üzünə tanrı gələli,
Görünməz olmuşdur dənizin dibi,
Qayıq yırğalanır bir bеşik kimi.
Dalğalar atlanır, dalğalar еnir,
Doğru dеmişlər ki, şairənədir
Qayıq gəzintisi məhtabə qarşı;
Sahildə səslənir gəzinti marşı.

Gəzdirir bizi də mеhriban dəniz
Açılıb dincəlir sinirlərimiz.
Suda ilan kimi şütüyür qayıq…
Sеvgilim yatmamış… sеvgilim ayıq!..
Sеvgilim, nə gözəl bahar gеcəsi!
Bizə layla çalır dənizin səsi.
O kimdir sularda qəzəl oxuyur?
Cahana hər gələn bir əsər qoyur…
Sussun o bayquşun pərişan səsi;
Sеvgilim istəyir həyat nəğməsi!
Dalğalar əsəbi, dalğalar qara,
Köksünü çırpdıqca bu dalğalara
Suda ilan kimi şütüyür qayıq,
Sеvgilim yatmamış… sеvgilim ayıq!..

BİR SƏNİN EŞQİNLƏ…
Müəllif: Məmməd Araz

Yenə varaqlandı könül kitabım
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Düşündüm gül açır, bülbül oxuyur
Bir sənin, bir sənin eşqinlə, gözəl!

Sinəmə bir eşqin sazını asdım,
Hər könül nəğməmi o dedi, yazdım.
Çox eşqin səsinə qulaq da asdım
Bir sənin, bir sənin eşqinlə, gözəl!

Gah odsuz, alovsuz pərvanə oldum,
Eşqinlə güləcək divanə oldum.
Bəlkə yüz gözələ biganə oldum
Bir sənin, bir sənin eşqinlə, gözəl!

Qəm-kədər üzünə tutanda pərdə
Qəmləndi çaylar da, şəlalələr də.
Sandım-doğur günəş, gülür səhər də
Bir sənin, bir sənin eşqinlə, gözəl!

Sənsiz bir anıma dedim bir ildi,
Dərdimi nə bacı, nə ana bildi…
Məhəbbət önündə qəddim əyildi
Bir sənin, bir sənin eşqinlə, gözəl!

Ürək saz kimidir köynək içində…
Müəllif: Vahid Əziz

Hamı sızıldatdı, incitmə sən də –
Bir azca könlünü alsan, oxuyar,
Ürək saz kimidir köynək içində –
Sinənin üstündə çalsan, oxuyar.

Gözlərim köynəyin ipək üzüdür,
Dilimdə dolaşan sazın sözüdür,
Ən yaxşı təlimçi həyat özüdür –
İlləri yadına salsan, oxuyar.

Qundağın öyrətdin dodaqlarına,
Qolu alışırdı barmaqlarına,
Baxma, darıxarıq daralmağına,
Yenə də yanında qalsan, oxuyar.

Ürək mənimdisə – bələdəm ona,
Nə var bilmədiyi öyrədəm ona?
Olsun, bu möcüzə səndə alına –
Qeydinə qalanı olsan, oxuyar.

Guya bilmirsən ki, dərdi nədəndi,
O vaxtdan qoşulub sənnən gedəndi?
Qəlbim körpəlikdən şirni sevəndi,
Bilsə ki, dodağı balsan, oxuyar.

Sənsiz hər dönəmi keçər il kimi,
Sənsiz hər pərdəsi batmış dil kimi,
Üstündə havalı bir bülbül kimi,
Onun həsrətinnən solsan, oxuyar…

Məhəbbət
Müəllif: Fikrət Qoca

Məhəbbətdə taleyin öz nuru var,
Gözəl arzu, saf niyyətdi məhəbbət!
Var-dövləti neyləyirsən, bəxtəvər,
Tükənməyən var-dövlətdi məhəbbət!

Vurulursan adın çıxır yadından,
Həzz alırsan alovundan, odundan.
Doymaq olmur ağrısından, dadından,
Şirin-acı həqiqətdi məhəbbət!

Sevirsənsə bilinəcək, gizləmə
Heç kəsdən də kömək, vəfa gözləmə.
Sən alçalma, kölgə olub izləmə
Öz-özünə sədaqətdi məhəbbət!

Yanırsan yan, tüstülənmə, alışma,
Öz sevgini kimə gəldi danışma.
Bu bəladan sağalmağa çalışma,
Haqqdan gələn gözəl dərddi məhəbbət…

İLLƏR PİLLƏLƏRMİŞ…
Müəllif: Nəriman Həsənzadə

Zirvəyə qalxıram dolama yolla,
Bu yol əziyyətdi, tamaşa deyil.
Qalxıram tədbirlə, hisslə, ağılla,
zirvənin mənzili birbaşa deyil.

Kəsir qabağımı gah sis, gah duman,
Gözümdə yorğunluq, saçlarımda dən.
Qalxıram, daş qopur ayağım altdan,
Dağ mənə söykənir, mən dağa hərdən.

İllər pillələrmiş bizdən ötəri,
Yollara gah bürkü, gah şaxta düşür.
Şöhrətin sevinci, yaşın kədəri,
Tərs kimi, ikisi bir vaxta düşür.

Keçir icazəsiz ömrün səddini,
Keçirir bizi də alovdan, oddan.
Sağlamlıq, gözəllik ləyaqətini
Alır əlimizdən yaş soruşmadan.

Ah, zirvə hardadı, görəsən harda?
Nədir mən getdiyim bu cığır, bu iz?
Mən də bir zirvəyəm aşağılarda,
Nə mən zirvəsizəm, nə zirvə mənsiz.

Gedirəm… illərə sorağım düşür,
İnsan öz-özündən ayrılır, demək.
Yuxarı baxıram – papağım düşür,
Aşağı baxıram – gözümdən eynək…

İNSAN ÜRƏYİ ŞEİRİ

Müəllif: Məmməd Araz

Bir şair demişkən yel əsdi yaman,
Başladı bir nəslin yarpaq tökümü.
Qopdu bir ömür də öz budağından,
Qopdu saralmamış bir yarpaq kimi.

Əcəlin nə ağır qanunu varmış,
Ölümün gülləsi dəydi hədəfə…
Cavanşir qılıncı yerə qoyarmış,
Vaqif də ölərmiş ikinci dəfə…

Gör, kimi yıxarmış, ürəyə bir bax…
O görkəm, o gövdə sanki dağ idi.
Bəlkə də bircə gün Otello olmaq
Onunçün əlli il yaşamaq idi…

Fırtına duyardın qaşqabağından,
Şəlalə kimiydi hər gülməyi də.
Onun hisslərinə dözməzdi bir an
Üç insan ömürlü fil ürəyi də.

Eh, ürək… Yox, onun nə təqsiri var,
Əsəblər üstündə yer salır insan.
Yollar silkələnər, relslər qırılar
Bir qəlbin yükünü qatara yığsan.

Sən, həkim, adını soruşmamış gəl
Öyrən ki, hər xəstən kimdir, nəçidir.
Elə bil sənətkar hər şeydən əvvəl
Ürək ağrısına abunəçidir.

Ürəkdə ay doğur, günəş də batır,
Göy qopur, ildırım çaxır ürəkdə.
Tufan da hayqırır, sükut da yatır,
Alov da, gurşad da yağır ürəkdə.

Sev — ürək, duy — ürək, ağla-gül — ürək,
Şairin gözü də ürəkdir bəzən.
Ulduzlar göz olsun, nəyimə gərək
Dünyanı ürəklə görə bilməsəm.

Onunla keçirik hər imtahandan,
Bir ordu deməkdir bəzən bir ürək.
Bir şıltaq körpədən, bir nər cavandan
Titrək bir qocaya çevrilir ürək…

Sinəsi od tutsun soyuq məzarın,
Sənət çiçəyimiz nə vaxtsız solur.
Görünür ürəklə yaşayanların
Elə ölümü də ürəkdən olur.

Yağış yuyur,gün qurudur
Müəllif: Ramiz Rövşən

Bu yerləri bu göyləri
Yağış yuyur ,gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur ,gün qurudur.

Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur ,gün qurudur.

Gələn nədi ,gedən nədi?
Bələk nədi,kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur ,gün qurudur.

…Ulduzların tozunu da,
Lap günəşin özünü də,
Lap yağışın özünü də
Yağış yuyur ,gün qurudur…

İSTƏK ŞEİRİ
Müəllif: Zəlimxan Yaqub


Damla da var, dərya da
mənim yaranışımda,
Mən adi bir damlayam,
dəryamı istəyirəm.
Dünya məni böyütdü,
yaşatdı insan kimi,
Mən kiçik bir zərrəyəm,
dünyamı istəyirəm.

Gurlamışam, çaxmışam
şimşəklərin içində,
Zərif ömür sürmüşəm
çiçəklərin içində.
Şipşirin bir arzu var
istəklərin içində,
Mənə “işığım” deyən
anamı istəyirəm.
Nə sözdən, nə nəğmədən,
nə bulaqdan doymadım,
Nə oddan, nə alovdan,
nə ocaqdan doymadım.
Nə ana təbiətdən, nə
torpaqdan doymadım,
Həyat adlı güzgünü,
aynanı istəyirəm.

Mənalı Şeirlər, Mənalı Şeir, Mənalı Şeyirlər,Mənalı Şerlər, heyata aid menali seirler,menali seir,menali seirler sevgi,

Dərin Mənalı Sözlər

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.1 / 5. Səs sayı: 67

İlk səs verən sən ol!

3 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir