“Ayrılmayaq” şeiri
Müəllif: Rəsul Rza.
Xəyalın yanımda, sən uzaqdasan,
Hicranın yolları ömür qədərdir.
Bu yalqız axşamda yuvama baxsan,
Mənəm, xəyalındır, bir də kədərdir.
Gəl ört pəncərəni, qalaq üz-üzə
Bir sən ol, bir də mən, bir də gözlərin
Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.
Bir sən ol, bir də mən, bir də dərdimiz
Ağlayaq doyunca gülək doyunca,
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca
Döysün, qoy açmayaq yorulsun külək,
Qəmli hicran qalsın qapıda dustaq.
Bir az vüsalınla çırpınsın ürək,
Sonra… Sonra yenə biz ayrılmayaq…
Sponsor Linklər
“Sənsiz” şeiri
Müəllif: Nizami Gəncəvi
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Sənin ol cəlb eyləyən vəslinə and içdim inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz!
Başqa bir yarı necə axtarım, ey nazlı mələk?
Bilirəm sən də dedin: “Yox yarə hacət sənsiz”
Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz bir heçəm, afət, sənsiz!
Nə gözüm var arayım mən səni, bəxtim də ki, yox,
Nə də bir qaçmağa var məndə cəsarət sənsiz!
Sən Nizamidən əgər arxayın olsan da, gülüm,
Gecə-gündüz arayıb, olmadı rahat sənsiz!
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
“Səndən Sonra..” şeiri
Müəllif: Nüsrət Kəsəmənli
Özünlə aparmısan
Günlərimin rəngini.
Kədər mənə bənzəyir,
Qəm kövrəlib sən kimi.
İndi başa düşmüşəm,
Sənsiz hər şeyim hədər;
Səndən sonra heç kəsi
Sevmədim sənin qədər.
Sevgi dolu baxışlar
Şəklindən baxır mənə,
Dönəcəksən bilirəm
Sən əvvəl-axır mənə.
Mən elə bilirdim ki,
Hər şey soyuyub gedər,
-Səndən sonra heç kəsi
Sevmədim sənin qədər.
İçimdə tufan kimi
Çağlayır xatirələr,
Göz yaşlarım qurumur,
Ağlayır xatirələr.
Mən kədərdən doymuşam,
Məndən doymayır kədər,
Səndən sonra heç kəsi
Sevmədim sənin qədər.
O qədor yaxın ikən,
Bu qədər uzaq olduq.
Yorulduqmu sevgidən
Biz yarı yolda qaldıq.
Mən əzablar içində,
Sən özün məndən betər.
Sən özün də heç kəsi
Sevmədin mənim qədər…
Qəmli şeirlər toplusu, qemli kederli seirler
“Necəsən, Zalım” şeiri
Müəllif: İbrahim İlyaslı
Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?
Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?
Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?
Zər-zibam, ləlim, gövhərim,
Yaqut-yəmən, simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım, necəsən?
Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?
“Vəfasız” şeiri
Müəllif: Rövşən Həsənli
Yenə ayrılıqdan yazıram şeir
Şeir yazmaqnan nədir ki xeyir
Mesajlar göndərir,sevirəm deyir
Axırda tərk edib gedir Vəfasız
Sevmişdim mən sənin qara gözünü
O gözəl gülüşü,batan üzünü
Ağzından bal daman hər bir sözünü
Bütün saf qəlbimnən sevdim Vəfasız
Sevmişdim mən sənin uzun telini
Püstə dodağını,incə belini
Tutmuşdum o gözəl isti əlini
Sən isə əlini çəkdin Vəfasız
Mən sənin hər zaman yanında idim
Damarında axan qanında idim
Sən şamım mən isə pərvanən idim
Yandırıb kül etdin məni Vəfasız
Yaxşı-yaxşı oxu sən bu şerimi
Kor oldun görmədinmənim sevgimi
Sevmədin,sındırdın sevən qəlbimi
Ancaq mən çox sevdim,səni Vəfasız
Rövşənəm,sevgini verə bilmədin
Söz verib sözündə dura bilmədin
Ağladım göz yaşım silə bilmədin
Səni bilməzdim mən belə Vəfasız
“Anam öldümü?” şeiri
Müəllif: Bəxtiyar Vahabzadə
Nə tez əllərini üzdün dünyadan,
Balanı tək qoyub hara getdin sən?
Necə yox olurmuş bir anda insan,
Elə bil dünyada heç yox imişsən.
Günəş qürub etdi… otaq qaraldı,
Bir anda yox oldun sən xəyal kimi.
İndi düşünürəm: Səndən nə qaldı,
Könlümdə xatirən qara xal kimi.
Məni boya-başa yetirdin, ana
Bizə borclu bildik hər zaman səni.
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni.
Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarmı
Mən sənə qaytarım cənazəndəmi?
«Yuxun şirin olsun» — deyərdin mənə,
«Yuxun şirin olsun» — deyimmi sənə?
Gərək mən başına dönəm-dolanım,
Məni həyat üçün yatıran anam,
Söylə ölümçün
Necə yatırım
Səni mən bu gün?
Bu necə dünyadır, anlamıram mən,
Cilvəsi cürbəcür, rəngi cürbəcür
Dünən nəfəsiylə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür.
Bu necə dünyadır,
İnsan oğlunun
Xəyalı göydədir, özü yerdədir,
Sağ ikən çiynində həyatın yükü,
Öləndə cəsədi çiyinlərdədir…
Bu necə dünyadır, bu necə dünya,
Ölümü həqiqət, həyatı röya.
Dərdimin, qəmimin səndin ortağı, .
Niyə üz döndərdin, bəs niyə məndən?
«Dərdin mənə gəlsin!» — deyərdin axı,
Niyə dərd caladın dərdimə bəs sən?..
Anam, heç kəs səni incitməmişdir,
Mən səni,
mən səni incidən qədər.
İndi kimə açım dərdimi bir-bir,
Kim mənim dərdimə yanar sən qədər?
Evin hər küncündə görünür yerin.
Gözüm axtarcıdır, ana, ay ana,
«Nənəm hanı?» — deyir körpə Azərin,
Mən nə cavab verim, ona, ay ana?
Bilmirəm, bilmirəm bu ölüm nədir, Həyat var ikən?
Nəfəsin, ay anam, hələ evdədir,
Özün yer altında daşa dönmüsən.
Bu gün yeddin oldu…
anam, yeddi gün,
Bizimlə bərabər ağlar otaqlar.
Sənə,
yalnız sənə,
sənə deməkçün
Könlümdə nə qədər mənim sözüm var.
«Kimləri çağıraq bu gün yeddiyə?»
Xalalar, bacılar soruşur məndən.
Anamdan soruşaq, o bilər deyə,
Sənin otağına üz tuturam mən.
Anam, tapşırıldın ana torpağa,
Bu ölüm, sinəmə çəkdi dağ mənim.
Sən mənim arxamda bənzərdin dağa,
Elə bil arxamdan uçdu dağ mənim.
Qızımın adıdır sənin öz adın.
Bu da göz dağıdır mənə bu gün də.
Son dəfə sən mənə baxıb ağladın,
Surətim məzara getdi gözündə…
Ömrü başa vurdun altmış yaşında.
Altmışın üstündə durub yaşın da.
Artıq sənin üçün dayanan zaman
Mənimçün dolanır…
Gün olur axşam.
Vaxt keçir, sən məndən uzaqlaşırsan,
Mən sənə günbəgün yaxınlaşıram.
“Məni Öləndə Görməmisən” şeiri
Müəllif: Mələb Ağa
Sənə yazmışdım dünən;
şəhər yenə soyuqdur.
Bir küləkdir, bir yağış;
ayrı bir kimsə yoxdur…
…Hərdən çıxır səhərə
gecələrdən qalanlar.
Bir – birinə qarışır
həqiqətlər, yalanlar.
Nə xatirən vardısa,
yandırdım – isinməyə!
Barı, üz saxlayaydın
adam kimi dönməyə!
… Bu şəklindi, deməli
həm sənsən, həm deyilsən…
Döyən olsa qapımı,
bilirəm, sən deyilsən.
… Bu otağı sən heç vaxt
bu gündə görməmisən;
Çünki, məni heç zaman
öləndə görməmisən…
“Sənə məktub yazıram…” şeiri
Müəllif: Aqşin Yenisey
Sənə məktub yazıram
Yazıram ki,
bağışla…
Burda hava pis keçir
Ara vermir yağışlar
Tək yatıb tək durmaqdan
Bezdirmişəm otağı
Bilirsən…
pinti olur
Yalqızların yatağı
Yalqızlar az yuyunur
Gəlir yalqızlardan iy
Çayları soyuq olur
Yeməkləri alaçiy
Çirkli ayaqqabılar…
Dibi yanmış qazança…
Bir qırıq da ümid var
…qayıdacaq haçansa…
Yalqız sabaha baxmır
Arzulayır keçmişi
Çox miskin mənzərədir
Ev yığışdıran kişi
Hələ bunun gecələr
içib ağlamağı var,
saçın daramamağı
saqqal saxlamağı var
Üstəgəl pəncərədən
Gözünü yola dikmək
Gəlməyini gözləmək
Qadın həsrəti çəkmək
Dərd ağır, hava da pis
Ara vermir yağışlar
Sənə məktub yazıram
Yazıram ki,
Bağışla…
“Xəyanət” şeiri
Müəllif: Hümbət İsmayılov
Bağçamda solan bir gülüm kimidir
Yetimə edilən zülüm kimidir
Xəyanət etməkdə ölüm kimidir
Nə qədər çalışsan,geri dönüş yox !
Hər kəsin qəlbində böyük yası var
Həyatın yaxşı pis,çox qaydası var
Daxildə küsübdür nə faydası var?
Zahirdə barışsan geri dönüş yox !
Sağalmaz yaralar yenə qaşıyar
Beləcə bir ömür dözüb yaşıyar
Səhvini keçmişdə tutmaz,daşıyar
Zamanla yarışsan,geri dönüş yox!
Vicdanın sonradan səni dindirər
Acımaz keçmişə səni göndərər
Xəyanət dünyanı buza döndərər
Sən yansan-alışsan,geri dönüş yox !
Bənzər mövzular:
Axtarış sözləri: qemli seirler, tesirli seir kədərli şeirlər, qemli ayriliq seirleri,qemli sevgi seirleri,menali qemli seirler,qəmli şeir,qəmli sevgi şeirləri