Ən gözəl dəniz
Müəllif: Nazim Hikmət.
Ən gözəl dəniz – hələ getmədiyimizdir..
Ən gözəl uşaq – hələ böyüməyibdir..
Ən gözəl günlərimiz –
hələ yaşamadıqlarımızdır.
Və sənə söyləmək istədiyim ən gözəl söz –
Hələ söyləməmiş olduğum sözdür…
Sponsor Linklər
Kişi şeiri
Müəllif: Qabil
Kişi namərd vurar, adam dolamaz,
Kişi təslim olar, quyruq bulamaz.
Arvad qabağında boşqab sındırıb,
Kişi qabağında boşqab yalamaz.
QADIN
Müəllif: Şamil Ənvəroğlu
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Biri üçün “sus, sən danışma” deyilən mətbəx əşyası,
biri üçün alınan nəfəssən, qadın.
Biri üçün hər şeydə “günahkar” olan,
biri üçün dopdolu ürəksən, qadın
Biri üçün dinməyən təhqir ünvanı,
biri üçün dünyanın özüsən, qadın
Biri üçün bədənin şəhvət ünvanı,
biri üçün həyatın gözüsən, qadın.
Biri üçün hislərin öldüyü məkan,
biri üçün yaşamın dadısan, qadın
Biri üçün evinin acı boxçası,
biri üçün gözünün nurusan, qadın.
Biri üçün bir kölə, bir işlək alət,
biri üçün başının tacısan, qadın.
Biri üçün sadəcə bir ana, bacı,
biri üçün hər şeysən, hər kəssən, qadın.
İSTƏRƏM
Müəllif: Əliağa Kürçaylı
Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna atmaq istərəm.
Bir sən, bir mən olum, bir uçuq kaha,
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.
Yaşayım yüz il də, milyon da, min də,
Həyatım bitəcək həmin o gündə.
Sənin gözlərinin dərinliyində,
Boğulmaq istərəm, batmaq istərəm.
Məhəbbət
Müəllif: Fikrət Qoca
Məhəbbətdə taleyin öz nuru var,
Gözəl arzu, saf niyyətdi məhəbbət!
Var-dövləti neyləyirsən, bəxtəvər,
Tükənməyən var-dövlətdi məhəbbət!
Vurulursan adın çıxır yadından,
Həzz alırsan alovundan, odundan.
Doymaq olmur ağrısından, dadından,
Şirin-acı həqiqətdi məhəbbət!
Sevirsənsə bilinəcək, gizləmə
Heç kəsdən də kömək, vəfa gözləmə.
Sən alçalma, kölgə olub izləmə
Öz-özünə sədaqətdi məhəbbət!
Yanırsan yan, tüstülənmə, alışma,
Öz sevgini kimə gəldi danışma.
Bu bəladan sağalmağa çalışma,
Haqqdan gələn gözəl dərddi məhəbbət…
“Çiçək”
Müəllif: Nəbi Xəzri.
Bu gün gözlərimə dəydi bir çiçək,
Yarpağı bəzəkli, rəngi səhərtək.
Onu mən uzaqdan görürkən, düzü,
Qopdu dodağımdan “gözəldir” sözü.
Mən ona yanaşıb baxdığım zaman,
Özüm də sözümə oldum peşiman.
Demə, saxta gülmüş o zərif çiçək,
Yarpağı bəzəkli, rəngi səhərtək.
Canlandı qarşımda, nurani üzlü,
Əziz, mərhum babam dodağı sözlü;
Elə bil söylədi yenidən bu an:
“Zahirə aldanma baxıb uzaqdan”.
İNSAN – GÖYDƏ AY KİMİDİR
Müəllif:
Çəmənlikdə gül-çiçəyin
Sağ-solunda ələfi var.
Dünyada hər bədbəxtliyin
Həm zərəri, həm nəfi var.
Vaxt hakimlər hakimidir,
Həyat, varkən yox kimidir.
Yaydan çıxan ox kimidir,
Hər ömrün öz hədəfi var.
Ürəkdədir sözün kökü,
Ayıra bil tükdən tükü,
Çox ağırdır amal yükü,
Çəkə bilsən şərəfi var.
Ürək fikrin tilsimidir,
Hər qatı bir lay kimidir.
İnsan – göydə Ay kimidir,
Görünməyən tərəfi var.
Yol
Müəllif: Zəlimxan Yaqub.
Yaradanım yaxşı bilir,
Yolum kimlərin yoludu.
Dünənin söhbəti deyil,
Lap qədimlərin yoludu.
Məni qış-yaz anan yollar,
Tanrıya uzanan yollar,
Halallıq qazanan yollar,
Xoş qədəmlərin yoludu.
Qulaq Haqqdan gələn səsdə,
Könül gündə yüz həvəsdə,
Mənim yolum pərdə üstə,
Yanan simlərin yoludu.
Ruhum yollara bələddi,
Yol çaşanlar xəcalətdi,
NUH, İBRAHİM, MƏHƏMMƏDDİ,
Yol ADƏMlərin yoludu.
KÖÇÜB GEDİR
Müəllif: Asif Osman
İnsan ömrü çox qısadır,
Yuxu kimi keçib gedir.
Biri şərbət qarışdırır,
Biri zəhər içib gedir.
Qorxma dostum qarlı qışdan,
Halal çörək, çıxar daşdan.
Kim nə səpsə, əzəl başdan,
Əkdiyini biçib gedir.
Həqiqəti bilə-bilə,
Bəziləri düşür dilə.
Gəl tələsmə son mənzilə,
Hərə bir yol seçib gedir.
Daha yoxdur dadı-tamı,
İstəyirəm bilsin hamı.
Sonda heç kim, almır kamı,
Bu dünyadan köçüb gedir.
İNSAN KİMİ SAXLA MƏNİ
Müəllif: Bəxtiyar Vahabzadə
Ulu tanrı, köməyim ol,
Arzuma adaxla məni.
Məni insan yaratmısan,
İnsan kimi saxla məni.
Göl olmuşam dama-dama,
Məlhəm qoyma sən yarama.
Bu sevdaya bu mərama
Daha betər bağla məni.
Fikirlərim qatar-qatar,
Biri atar, biri tutar.
Yaxınlara əlim çatar,
Qovuşdur uzaqla məni.
Dünənimi dana-dana
Göz dikirəm gündoğana.
Əgər gündə bir zindana
Çəkic vursam, ağla məni.
Ey ümidim, ey gümanım,
Sözüm haqsa, necə danım?
Qurban olsun haqqa canım,
Nahaq işdən saxla məni.
Soruşdular: Kimdir mənim
Yaxşıma da pis deyənim?
Həm dostum, həm də düşmənim
Göstərdi barmaqla məni.
DÜNYA
Müəllif: Sahib Hüseyn
Lüt gəlib dünyaya lüt gedir insan
Fırladır hey bizi bu, dünya inan.
Nə var, nə dövlət, nə şan, nə şöhrət
Əzrail gələndə götürmür hörmət.
Bu gördüklərini Yaradan ki var
Başqa fəzalarda sənə yer tapar.
Nizam-intizamla çalışıb yaşa
Necə ki başlayır bitir tamaşa.
MƏNİM DEYİL
Müəllif: Dr. Əjdər Cəfərli
Haqsızlıq, xəyanət, hiylə görəndə,
Çarəsiz yumulan göz mənim deyil!
Həyat bir insanı dəyişdirəndə,
Qəlbimi dağlayan köz mənim deyil!
Dağılsa ürəyim, yığa bilməsəm,
Bulud kimi dolub, yağa bilməsəm,
Qəzəbi içimdə boğa bilməsəm,
O an söylədiyim söz mənim deyil!
Candan əziz olar birgə olanda,
Arxamca danışar tində, dalanda,
Belə adamlarla qarşılaşanda,
Səmimi görünən üz mənim deyil!
Yaşamaq eşqiylə çırpınır ürək,
Onu qüssə, kədər yormasın gərək,
Faydasız, yararsız ömür sürərək,
Həyatda qoyduğum iz mənim deyil!
Biz niyə sevməyək bir-birimizi
Müəllif:
Yer göyü, dağ dağı, daş daşı sevdi,
Tanrı naxış vurdu, nəqqaşı sevdi.
Göz gözə boylandı, qaş qaşı sevdi,
Biz niyə sevməyək bir-birimizi?
Çəmənlər torpağa xalı çəkirsə,
Xalıda yaşılı, alı çəkirsə,
Arı çiçəklərdən balı çəkirsə,
Biz niyə sevməyək bir-birimizi?
Ulduzlar sayrışıb göz vurur Aya,
Çeşmələr çağlayıb tökülür çaya.
Sevənlər gəlirsə hər gün dünyaya,
Biz niyə sevməyək bir-birimizi?
Gül şehdən güc alır, mamır qayadan,
Köz oddan qızarır, çiçək həyadan,
Süzülüb gəlirsə kökdən, mayadan,
Biz niyə sevməyək bir-birimizi?
Ömür göz qırpımı, fürsət azdısa,
Könül son nəfəsdə sınan sazdısa,
Uçub əlimizdən gedən yazdısa,
Biz niyə sevməyək bir-birimizi?
Ömrün həm sevinci, həm ahı varsa,
Pərvanə yanğısı, şam ahı varsa,
Adəmin cənnətdə tamahı varsa,
Biz niyə sevməyək bir-birimizi?
Yağış gözəllərin öpür üzünü,
Damla pıçıltıyla deyir sözünü.
Şəlalə qayadan atır özünü,
Tufan dağı sevir, dalğa dənizi
Biz niyə sevməyək bir-birimizi?
Yer göyü, dağ dağı, daş daşı sevdi,
Tanrı naxış vurdu, nəqqaşı sevdi.
Göz gözə boylandı, qaş qaşı sevdi,
Biz niyə sevməyək bir-birimizi?
Çəmənlər torpağa xalı çəkirsə,
Xalıda yaşılı, alı çəkirsə,
Arı çiçəklərdən balı çəkirsə,
Biz niyə sevməyək bir-birimizi?
Ulduzlar sayrışıb göz vurur Aya,
Çeşmələr çağlayıb tökülür çaya.
Sevənlər gəlirsə hər gün dünyaya,
Biz niyə sevməyək bir-birimizi?
Gül şehdən güc alır, mamır qayadan,
Köz oddan qızarır, çiçək həyadan,
Süzülüb gəlirsə kökdən, mayadan,
Biz niyə sevməyək bir-birimizi?
Ömür göz qırpımı, fürsət azdısa,
Könül son nəfəsdə sınan sazdısa,
Uçub əlimizdən gedən yazdısa,
Biz niyə sevməyək bir-birimizi?
Ömrün həm sevinci, həm ahı varsa,
Pərvanə yanğısı, şam ahı varsa,
Adəmin cənnətdə tamahı varsa,
Biz niyə sevməyək bir-birimizi?
Yağış gözəllərin öpür üzünü,
Damla pıçıltıyla deyir sözünü.
Şəlalə qayadan atır özünü,
Tufan dağı sevir, dalğa dənizi
Biz niyə sevməyək bir-birimizi?
Zəlimxan Yaqub
MƏN İSTƏYİRƏM
Müəllif: Rəsul Rza
Mən istəyirəm:
buludlar ağlasın
uşaqlar ağlamasın;
analı ya anasız.
Mən istəyirəm:
güllər açılsın,
güllələr açılmasın,
amanlı ya amansız.
Mən istəyirəm:
qapılar qapansın
soyuq olanda hava.
Gözlər qapanmasın,
sözlər qapanmasın.
Mən istəyirəm:
yanğınlar sönsün,
ümidlər sönməsin.
Meyvələr dəysin öz fəslində.
Ürəklərə söz dəyməsin.
Bəhrədən budaqlar əyilsin.
İnsan başını əyməsin,
xəcalətdən ya gücsüzlükdən.
Axsın bulaqlar göz yaşı kimi,
torpağın üzərində.
Göz yaşı bulaq kimi axmasın
dünyanın heç bir yerində.
Hər şey insana baxsın.
İnsan ələ baxmasın.
Gecələr ulduzlar oyaq olsun.
İnsanlar yatıb dincəlsin;
qüvvət toplasın sabahın
xeyirli işlərinə.
Açsın gözlərini
gələcəyin ümidli səhərinə.
Mən istəyirəm:
sevinc, səadət bol olsun.
Ürəkdən-ürəyə,
ölkədən-ölkəyə,
açıq yol olsun.


Əladır