aprel doyuslerina aid seirler aprel doyusu

Sponsor

4.2
(51)

AL ZƏFƏRLİ ŞEİRİ

Qürur yerimizdir, inam yerimiz,
Yaşamaq, yaratmaq, iman yerimiz.
Ən dar günümüzdə aman yerimiz
Al zəfərli Aprel döyüşlərimiz!

Çatladı bağırı, qan uddu düşmən,
Bu, sənə bir dərsdi, öyütdü, düşmən.
Döyüşdən əzilmiş qayıtdı düşmən,
Al zəfərli Aprel döyüşlərimiz!

Hər qarış torpağa mərdlik əkdilər,
Yağının qanını daşa tökdülər.
Yaralı Vətənə məlhəm çəkdilər
Al zəfərli Aprel döyüşlərimiz!

Pərvanə, sözünü döndər mərmiyə,
Alıb qələmini çevir süngüyə.
Nəğmələr yazılsın Milli Orduya,
Al zəfərli Aprel döyüşlərimiz!

Müəllif: Pərvanə Nizaməddin


ORDUMUZ ŞEİRİ

Apreldə yağıya endirib zərbə,
Göstərdi cəsurluq, dözüm, ordumuz!
Düşməni məhv etdi, baş vurub hərbə…
Ən güclü ordudur bizim ordumuz!

Bircə “Qalx” sözüylə ayağa durdu,
Vətən əsgərləri düşməni vurdu!
Haylara dərs verib, qulağın burdu,
Göstərdi silahın, özün, ordumuz!

Bu gün bir əsgərdir hər bir vətəndaş…
Düşmən qorxu çəkir, keçirdir təlaş!
Komanda gözləyir, bitməyib savaş
Hələ tam deməyib sözün ordumuz!

Gözü yollardadır dağların, düzün…
Bu gün meydan hərbin, torpaqlar bizim!
Lələtəpə kimi, qələbəmizin
Bəxş edər Vətənə yüzün, ordumuz.

Müəllif: Ədalət Fətəli


ZƏFƏR BAYRAĞI ŞEİRİ

(Aprel şəhidlərinə)

Bir zəfər bayrağı sancdı zirvəyə,
Mənim igidlərim, mənim ərlərim.
Çökdü qarşısında əli uzunlar,
Hələ qarşıdadır al zəfərlərim!

Qurbandı canımız Torpağımıza,
Hər qarış tutyadır, Ana Vətəndir.
Soylu atalardan igid doğular,
Aprel döyüşləri bir imtahandır!

Titrədi torpağın, göyün ürəyi,
Dağların qoynuna səs-səda düşdü.
Vüqarla baxırdı dərələr, düzlər,
Buludlar yalvarıb ayağa düşdü.

Nə şirin dadın var, TORPAĞIM ,sənin,
Ana qucağısan,yad məskən salmaz.
Yuz illər nifrətim vardı nankora,
Ölüncə bu nifrət bir an azalmaz!

Atalar öyünüb qürurlanırdı,
Şərəf imzasını atdı ordumuz.
Qisas yanğısı ilə elə yanırdı,
Arzu,muradına çatdı ordumuz.

Sınaqdan ağ üzlə çıxdı bu Vətən,
Analar sevincdən yaşlar tökürdü.
Ordumuz Rəbbimdən bir güc almışdı,
Yağının başına daşlar tökürdü.

Vətən övladları-şəhid balalar,
Halal Torpağında rahat uyuyun.
Qəhrəman oğullar qisas alarlar,
Bitər nəhayət ki bu haqsız oyun!

Nə qədər Vətən var, qoyduğun yol var,
Köçəcək dünyadan minlər, milyonlar.
Aprel bahar fəsli, bahar arzulu,
Sizlə anılacaq o günlər, anlar!..

Min şeir, min dastan yazsam da yenə,
Qələmim gücsüzdür bu hünər üçün.
Nə deyim, nə yazım, özüm bilmirəm?!
Fəridə qurbandı igidlər üçün!.

Müəllif: Fəridə Ləman


YURDUN DAVASINI ETDİ OĞULLAR ŞEİRİ

Aprel döyüşlərində şəhid olan əsgərlərimizin əziz
xatirəsinə ithaf edirəm

Düşmən çəpəridir oğul, deyirlər,
Düşmən sipəridir oğul, deyirlər.
Bura Dədə Qorqud yurdudur, atam,
Oğul qalib gəlsə, “Oğul” deyirlər.

Bir aprel günündə basmadı səbrin,
Qırıb zəncirini, getdi oğullar.
Vətən, göz yaşınla sulanan qəbrin,
Yurdun davasını etdi oğullar.

Düşməni ot kimi biçib getdilər,
Dərələr, təpələr keçib getdilər.
Vətənin gözləri qan çanağıydı,
Oğullar bu qandan içib getdilər!

Böyük İmperiyanın şəkli vətənim,
Ey böyük ordudan qalan əsgərim.
Bilsən, damarında hansı qanlar var,
Səfəvi yurdudur sənin vətənin.

sponsor 3

Yürü, bayrağını sanc o zirvəyə,
Dünya hünərini gördü, əsgərim!
Yalançı vədlərlə saxlamaq olmaz,
Qılıncı haqq üçün vuran əsgəri.

Alır torpaqları, gedir hünərlə,
Qayıdır qeyrətim, şərəfi m, şanım.
Sancır bayrağını yurda zəfərlə,
Uğurun bol olsun, Baş Komandanım !!!

Müəllif: Tamella Pərvin


MƏNİM MÜSTƏQİL AZƏRBAYCANIM! ŞEİRİ

Xalqımızın qəhrəmanlıq salnaməsi olan Aprel
döyüşlərində şəhid əsgərlərimizin əziz xatirəsinə
ithaf edirəm.

Zaman-zaman alovlara qalandın,
Qarış-qarış talandıqca talandın.
Oğlun, qızın pərvanətək dolandı
Hey sənin başına-Kəbəm, Quranım,
Can! Mənim müstəqil Azərbaycanım!

Eşqinlə boy atıb yaşa doldular,
Gül kimi açılıb, vaxtsız soldular.
Yolunda can verib şəhid oldular:
Rəvanım, Ruhinim, igid Urfanım,
Can! Mənim müstəqil Azərbaycanım!

Vətən sevgisiylə çırpınan ürək,
Odlara atıldı gülümsəyərək.
Elin arxasında vüqarlı dağ tək,
Dayandı Vüqarım, ər qəhrəmanım,
Can! Mənim müstəqil Azərbaycanım!

Döyüşdü, düşmənlə gəldi üz-üzə,
Halaldı çörəyin, suyun Təbrizə.
Hər şəhid Zirvədən boylanır bizə:
Elnurum, Elvinim, ərən Orxanım!
Can, mənim müstəqil Azərbaycanım!

Sənin nicatınçün vuruşdu Nicat,
Söylədi, üzünə qoy gülsün həyat.
Fələk aramızdan apardı, heyhat!
Hanı Elmdarım, Ravil, Sərxanım?!
Can! Mənim müstəqil Azərbaycanım!!

Bir anın içində düşmənin səddin,
Yarıb keçib getdi Rasim, Nurəddin.
Qoydumu yağılar aşsın öz həddin?
Susdurdu onları-Teymur, Əlvanım!
Can! Mənim müstəqil Azərbaycanım!

Raqub, Teymur, Elvin kimi ər,
Yaşar ürəklərdə hər axşam-səhər.
Düşmən ordusuna çaldılar zəfər:
Gör neçə Orxanım, Dilsuz, Rizvanım,
Can! Mənim müstəqil Azərbaycanım!

Saysız oğlun, qızın keçib canından,
Boylanır Şəhidlər Xiyabanından.
Məzarlar gül açır şəhid qanından,
Cənnətdir, solmayan bu gülüstanım,
Can! Mənim müstəqil Azərbaycanım!

Yerdə qalmaz ana-bacı ahları,
Sevinc bəzəyəcək xoş sabahları.
Gülsün üzümüzə şəhid ruhları:
Zəfər müjdəsiylə açılsın danım,
Can! Mənim müstəqil Azərbaycanım

Müəllif: Mais Təmkin

Vətənə Aid Şeirlər
Vətənə aid uşaq şeirləri

aprel döyüşləri haqqında şeir, aprel döyüşləri haqqında şeirlər, aprel döyüşlərinə aid şeirlər, sehidlere aid seirler, sehid seiri, sehidler haqqinda seirler,Şəhidlərə Aid Şeirlər, vətən şeirləri, vetene aid seirler, vətən haqqında şeirlər


YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 51

İlk səs verən sən ol!

x
PAYLAŞ ⮯

3 Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir