“YAVAŞ-YAVAŞ SEVDİM SƏNİ” ŞEİRİ
Müəllif: Ramiz Rövşən
Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.
Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.
Qar altından baş qaldıran
Çiçəktək sevdim səni.
İstisinə qızındığım
Ocaqtək sevdim səni.
Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.
Qorxa-qorxa bu sübh çağı
Nə baxırsan göyə sən?
Deyirsən ki, günəş çıxıb,
Qar əriyir deyəsən…
“TANIYIR” ŞEİRİ
Müəllif: Ramiz Rövşən
Qaranlıqda bir-birini
Quşlar səsindən tanıyır.
Qu quşunu zalım əcəl
Son nəğməsindən tanıyır.
Mən ayrı quşam, ayrı quş.
Yarı bülbül, yarı bayquş.
Bu dünyanı mən boyda quş
Öz qəfəsindən tanıyır.
…Ha yusa da üz-gözünü,
Çaşır görəndə özünü,
Adam öləndə özünü
Son nəfəsindən tanıyır…
TANIŞ GƏLİR ŞEİRİ
Müəllif: Ramiz Rövşən
Sponsor Linklər
Gedirəm, izim böyüyür,
Susuram, sözüm böyüyür,
Baxıram, gözüm böyüyür,
Dünya mənə tanış gəlir.
Bunun dağı-daşı tanış,
Bunun yayı-qışı tanış,
Gözlərimin yaşı tanış,
Dünya mənə tanış gəlir.
Bir dəfə də gəlmişəmmi?
Gəlmişəmmi, görmüşəmmi?
Yaşamışam, ölmüşəmmi –
Dünya mənə tanış gəlir.
“YAYLIĞINI YEL APARDI” ŞEİRİ
Müəllif: Ramiz Rövşən
Saçların dağılıb tamam,
Yaylığını yel aparır.
Qaçıram, tuta bilmirəm,
Qoyma məni tər aparır.
Yuyundum, tərdə yuyundum,
Axır yoruldum oturdum,
Qayıtdım, gördüm toyundur,
Gördüm səni ər aparır.
Saçına güllər taxırsan,
Ovcuna xına yaxırsan,
Sən orda göyə baxırsan,
Burda məni yer aparır…
ŞEİRİ
Müəllif: Ramiz Rövşən
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
“GEDƏCƏK” ŞEİRİ
Müəllif: Ramiz Rövşən
Çətin biz ölüncədi,
Gedəcək, hamı gedəcək.
Biz dünyadan gedən təki
Dünyanın qanı gedəcək.
Solacaq bağçası-bağı,
Quruyacaq son budağı,
Dənizin suyu-balığı,
Sahilin qumu gedəcək.
Birtəhər. pismi, yaxşımı,
Yola salıb son axşamı,
Söndürüb sonuncu şamı
Ən son adamı gedəcək…
“ŞİRİN-ŞİRİN YUXUDAYDIQ” ŞEİRİ
Müəllif: Ramiz Rövşən
Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların gucağından
Bu dünyaya atdı bizi.
Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlində oynatdı bizi.
Biz ki yol nədi bilməzdik,
Biz ki öl nədi bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi…
“DÜNYA QƏFİL İŞIQLANSA” ŞEİRİ
Müəllif: Ramiz Rövşən
Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.
Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
ağlımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
dünyadan qaçar bəlkə də.
Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!.
…Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır..
Ramiz Rövşən Şeirləri, Ramiz Rövşən Şeir, Ramiz Rovsen seirleri,
Bənzər şeirlər:
Ramiz Rövşən Sevgi şeirləri
Mənalı Şeirlər
Şeirlərdən misralar | Mənalı və Gözəl