Müəllim Haqqında Şeirlər müəllimə aid şeirlər
4.2
(388)

Müəllimlik ən qədim və müqəddəs peşələrdən biridir. Platonun da dediyi kimi, Müəllimlik, hər şeydən əvvəl, bir Tanrı sənətidir. Bəli, ölməz bir sənətdir müəllimlik. Bu əziz peşə sahiblərinə nə qədər gözəl şeirlər yazılsa, nəğmələr qoşulsa da yenə azdır, yenə də borcluyuq həqiqətən MÜƏLLİM adına layiq olanlara..

Müəllim şeiri | Bəxtiyar Vahabzadə

Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə
Sənin meyvələrin var.

Əkdiyin ağacların
Gülü, çiçəyi solmaz.
Dünyada sənin kimi
Barlı bağban tapılmaz.

Müəllim şeiri | Şirinxanım Kərimbəyli.

Müəllim – gözə çıraq,
Dilimizə bəzəkdir.
Elimdən verər soraq,
Kitablara – özəkdir.

O səadət işığı,
Bəxtimizin özüdü,
Sabahın yaraşığı,
Xoş həyatın gözüdür.

Onun dilindən qopan,
Hər kəlmə dür, incidir.
Biliklə haqqa çapan,
Dünyanın sevincidir.

Müəllimdir bu günün,
Gələcəyin kamalı.
Ən xoş sədanın, ünün,
Onunladır amalı.

Müəllim şeiri | Tünzalə Vəliqızı.

Müəllim olan yerdə nə lazım günəş,
Onsuzda günəşdir, özü müəllimin.
Müəllim olan yerdə nə lazım atəş
Bir oddur, alovdur, sözü müəllimin.

Qəlbi bir dəryadır, arzusu ümman
Onda var məğrurluq, onda var inam
Bir şagird məktəbə gəlməyən zaman
Dikilər yollara gözü müəllimin.

Müəllim şeiri | Rafiq Yusifoğlu.


Müəllimdən öyrəndik
Oxumağı, yazmağı,
Qəlbimizin səsinə
Hər an qulaq asmağı.

O, yeni həyat verir
Hər kəlməyə, hər sözə.
Yerin, göyün sirrini
Odur öyrədən bizə.

Müəllim göstərir ki,
Nə düzdür, nə əyridir.
O bizə ləyaqətlə
Yaşamağı öyrədir.

Hamımıza sevdirir
Ana yurdu o insan.
Qəlbimizdə həmişə
Yanan nurdu o insan…

Müəllim şeiri | İslam Səfərli

Müəllim. Bu adın mənası dərin.
Onun hər ürəkdə öz yeri vardır.
Odur ilhamçısı gənc nəsillərin.
Fikri,düşüncəsi bir ilk bahardır.

Müəllim.Bu ada min dastan desəm.
Nə sözüm tükənər,nə qəlbim susar.
Ona canımı da mən qurban desəm
Bir şair qəlbinin buna haqqı var

Dünyanın ən böyük dahilərini
Müəllim yetirmiş parta dalından
Onun zəhmətini,alın tərini
Dostlar unutmayaq gəlin heç zaman
Gəlin,alqış deyək,dostlar,ürəkdən.

Əsl müəllim tək yaşayanlara
Şeirimlə gül dəstə bağlayıram mən
Bu adı şərəflə daşıyanlara!

“Müəllim” şeiri | Nüsrət Kəsəmənli.


Körpə ürəklərdə günəş tək yanan,
Çətin sınaqlarda məğrur dayanan,
İstəyi,arzusu çaglayan ümman,
Həyatın ən uca sözüdür Müəllim!!!

Odur,insanlara düz yol göstərən,
Gözünün nurunu gözlərə verən,
Həyatda əyrini,doğrunu görən,
Dünyanın möhtəşəm duzudur Müəllim!!!

Ziyalı olmasa, kor olar millət,
Caynaqlar altında hey çəkər zillət.
Sənətin hamısı gözəldir əlbət,
Bütün peşələrin gözüdür Müəllim!!!

sponsor 3

Müəllim ömrü şeiri | İbrahim Yusifoğlu.


Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü.

Həlimlik gözünün qarasındadı,
Əzizlik qəlbinin parasındadı.
Hər an şagirdlərin arasındadı,
Kövrəlmiş bir səsdi, müəllim ömrü.

Günəş hərarətli, dağ vüqarlıdır,
Saçları dalğındı, bəyaz qarlıdı,
Övladlı, nəvəli, gözəl yarlıdı,
Mehriban bir kəsdi müəllim ömrü.

Həyatda hər zaman gözləri toxdu,
Ürək ovsunlayan sözləri çoxdu.
Dünyanın varında istəyi yoxdu,
Odlu bir nəfəsdi müəllim ömrü.

Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü.

“Müəllimim” şeiri | Mirvarid Dilbazi.

O elə şəfqətli, elə gözəldi,
Yox idi gözümdə heç bərabəri.
O, bir arzu idi, xoş bir əməldi,
Yaşayır könlümdə illərdən bəri…

Necə məlahətli, qəşəngdi səsi
Axan saf suların təranəsitək;
Necə də istiydi doğma nəfəsi,
Necə də böyükdü köksündə ürək!

Qarlı qış axşamı soyuq küləklər
Körpə ürəklərə gətirəndə qəm,
Onun bir sözüylə açar çiçəklər,
Nura qərq olardı elə bil aləm!

Min nəğmə gələrdi qulağımıza
Daim çiçəklənən könül bağından.
Elə bil çıxırdıq təzə bir yaza
Soyuq, cansıxıcı qış otağından.

O bizim şəfqətlə sığallayanda
Hərdən başımızı bir ana kimi,
Onun ətrafında biz də bu anda
Olardıq nur görmüş pərvanə kimi.

Heyif ki, əl çatmaz o gözəl günə,
Aradan keçmişdir neçə qış, bahar!
Ancaq saçlarımın üstündə yenə,
Sanki o əllərin hərarəti var.

Ah, ey uşaqlığın gözəl günləri,
Əziz müəlliməm, hardasınız siz?
O məktəb illərim dönsəydi geri,
Önündə hörmətlə indi çöküb diz —

Deyərdim: — Bu şeirim, sənətim üçün
Həmişə, həmişə borcluyam sənə.
Şərəflə keçirib ömrünü bütün,
Nəsillər böyütdün doğma vətənə.

Sözü inci kimi düzdün dilimə,
Öyrətdin düşünüb cümlə qurmağı.
Qələmi bir dayaq edib əlimə,
Çox usta çıxartdın uca bir dağı.

Coşqun bir çay kimi, bir bulaq kimi
Sən həyat eşqilə coşdun, çağladın,
Mümkün olsa idi açmaq qəlbimi
Görərdin orada həkk olub adın.

Sən uşaq könlümün eşqi, ilqarı,
Andıydın, ustadım, dostum, yoldaşım!
Bununçün bu adı daşıyanların
Önündə hörmətlə əyilir başım.

Müəllim şeirləri, müəllimlər günü şeir, Muellim haqqinda seir, Müəllim şeiri, Muellim seiri, Müəllim Haqqında Şeirlər, Müəllimə aid şeirlər 

Bənzər Şeirlər:

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.2 / 5. Səs sayı: 388

İlk səs verən sən ol!

14 Comments

    1. Ürəyinizdən gəldiyi kimi yazın 🙂

      1) Yazmaq istədiyiniz mövzuya dair çoxlu şeirlər oxuyun
      2) Təbiətdə daha çox vaxt keçirin. Məşhur bir çox şairin ilham mənbəyidir Təbiət.
      3) Şeir yazarkən çox mükəmməlliyətçi olmayın. İlk misralar yaxşı olmaya bilər.
      4) Sakit və tək olduqda qələmlə yoldaş olun.
      5) Və ən əsası : SEVİN. Özünüzü, Həyatı..Sevməyib də şair olan var mı dünyada?

  1. Çox gözəl şeirlər var mən məllimimə bu şeirlərdən birini seçib danışdım və heç peşman deyiləm bəs mən özüm şeir yazmaq istəyirəm necə yazım 😐.

    1. Çox gözəl şeirlərdi.Sabah 5 oktyabr… Müəllimlər günü… Və mən sabah tədbirdə “müəllimim” şeirini danışacağam… 🥰❤️❤️❤️💕💋

  2. Hər zaman doğmasan mənə əzizsən
    Sanki göy xəzərsən,mavi dənizsən,
    Billur bulaq kimi qəlbi təmirdən,
    Yolumda işıqsan ilk müəllimim.

    Çıraq ol ömrümə gəz anam kimi,
    Gəl mənim nazıma döz anam kimi,
    Səndə bir anasan öz anam kimi,
    Ömrə yarasiqsan ilk müəllimim .

    Sən tutdun ilk dəfə körpə əlimdən,
    İlk vətən kəlməsi çıxdı dilimdən,
    Xəyalın getməyir gözüm önündən,
    Sən pirsən,ocaqsan ilk müəllimim…
    Qulu Mövsümov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir