“Sevin Azərbaycanı” şeiri
Azərbaycanı sevin, sevin Azərbaycanı,
Bu gün odlu sevgiyə onun ehtiyacı var…
Sevin odum, ocağım, evim Azərbaycanı,
İndiki dərdlərinə eşqimiz əlac olar…
Yaraları göynəyir, yaraları sızlayır,
Ey millətin qeyrətli oğulları, qızları,
Sevgimiz xilas edər bu gün Azərbaycanı,
Azərbaycanı sevin, sevin Azərbaycanı…
Adını uca tutun hər arzudan, diləkdən,
Doymayın, usanmayın ona ana deməkdən…
O bizim hamımızın həyacanı, harayı,
Bir də axı kim yanar ona bizdin savayı?..
Sponsor Linklər
O bizim ruhumuzda, o bizim qanımızda
Yalnız biz keçməliyik uğrunda canımızda.
Can istəsə can verin, sevin Azərbaycanı,
Qan istəsə qan verin, sevin Azərbaycanı…
Azərbaycanı sevin, sevin Azərbaycanı,
Kürül-kürül odlanan evim Azərbaycanı…
Dünyada vallah, belə talesiz millət olmaz,
Nə qədər saxlayarlar girov Azərbaycanı?..
Bu qədər bölgü olmaz, bu qədər sərhəd olmaz,
Bəs nə vaxt görəcəyik bütöv Azərbaycanı?!
Az imiş, o təzədən bölünür, parçalanır,
Təbriz dərdi üstünə Şuşa dərdi qalanır.
Neçə yerə ayrılar, ya Illahi, bir bədən?
Xırda bir məkan qalıb o boyda bir ölkədən…
Tamam bitər, tükənər belə getsə amandır,
Axı o bir zamanlar nəhəng Azərbaycandı;
Zaman-zaman talayıb, biçib Azərbaycanı,
Bizə miras qoydular kiçik Azərbaycanı…
“Mən bizim anaları günəşlə tən tuturam” şeiri
Mən bizim anaları Günəşlə tən tuturam,
Onlara gül çələngi məhəbbətdən tuturam,
Əlvan qövsi-qüzehdən min cür rəng istəyirəm
Onlara od verirəm ürəyimin odundan.
Övladların adından, oğulların adından
Əyilməz analara əyilmək istəyirəm.
Söz qoşmaq istəyirəm ən cavan analara,
Ömrünü bizə verib qocalan analara,
Bizə laylalarıyla xoş həyat verənlərə,
Bizə tale bəxş edib, bizə ad verənlərə,
Toyumuzu görəndə yüz il gəncləşənlərə,
Qadın adlı xilqətə, ana adlı bəşərə,
Sevgi dolu mahnılar oxumaq istəyirəm,
Nə qədər ki səsim var, oxumaq istəyirəm.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Oğulları döyüşdən geri dönməyənləri,
Fəqət ürəklərində ümid sönməyənləri,
Bir gecədə saçını ağappaq hörənləri,
Bir gözüylə ağlayıb, birilə gülənləri,
Keçmiş qanlı davadan hər gün söz salanları,
Gəlinsiz olanları, nəvəsiz qalanları
Övlad məhəbbətilə isitmək istəyirəm,
Ürək hərarətilə isitmək istəyirəm.
Mən bizim analara həyat səsi deyirəm,
Bir ümman dərinliyi, dağ zirvəsi deyirəm.
Hər əzaba tab edən, hər zəhmətə qatlaşan,
Torpaq ilə döyüşdə tunclaşan, poladlaşan,
Qabarlı əlləriylə bizə şöhrət gətirən,
Şərəfli ad gətirən, sonsuz hörmət gətirən
O əlləri qızıla mən tutmaq istəyirəm,
Onların heykəlini yaratmaq istəyirəm.
Mən bizim anaları Günəşlə tən tuturam,
Onlara gül çələngi məhəbbətdən tuturam,
Əlvan qövsi-qüzehdən min cür rəng istəyirəm
Onlara od verirəm ürəyimin odundan.
Əslimizin adından, nəslimizin adından
Əyilməz analara əyilmək istəyirəm.
“Ana, qurban olum dualarına…” şeiri
Ay ana,düşürsən tez-tez yadıma,
Təzədən dönürəm uşaq oluram.
Dizinə baş qoyub bərk-bərk yatıram.
Bütün qayğılardan uzaq oluram.
Görürəm çiynində yenə də çarşab,
O başdan durmusan sübh namazına.
Əlində o ulu, müqəddəs kitab,
Yenə üz tutmusan göylərə, ana.
Məni tapşırırsan Allaha bərk-bərk,
Tək bircə balanı, şair oğlunu.
Deyirsən, Xudaya, ona ol kömək,
Xətadan,bəladan gözlə sən onu.
Ana,qurban olum,dualarına,
Tapşır,yaxşı tapşır Allaha məni.
Tapşır,yaxşı tapşır,ana,ay ana,
Yurdum talanmasın bir daha mənim.
Keçim Xankəndindən,Kərgicahandan,
Şəhid torpaqları bağrıma basım.
Şərlər qovulsunlar Azərbaycandan,
Bircəciyinin də tumu qalmasın.
Ana,qurban olum dualarına,
Onların sehrini çox görmüşəm mən.
Elə körpəlikdən ana,ay ana,
Onların sehriylə böyümüşəm mən.
Uzaq səfərlərə getdiyim zaman,
Gizlincə cibimə dua qoyardın.
Məni keçirərdin Quran altından,
Sonra min dil ilə ovundurardın.
O dualarında bir sirr vardı,
Məni hər bəladan qurtarardılar.
Məni təyyarələr sağ aparardı,
Salamat yanına qaytarardılar.
Ana,qurban olum dualarına,
Tapşır,yaxşı tapşır, Allaha məni.
Tapşır,yaxşı tapşır,ana,ay ana,
Bir kimsə salmasın günaha məni.
Bu boyda kişiyəm ağır anda da,
Yenə sən çatırsan dadıma, ana.
Mənə dua elə məzarında da
Ana,qurban olum dualarına…
Cabir Novruz şeirləri
“Cavanlığım” şeiri
Həyatımın tacı idi
Qara gözlü cavanlığım.
Eşq, məhəbbət acı idi
Qara gözlü cavanlığım.
Ürək kimi döyünərdi,
Nə bir qəmi, nə bir dərdi,
Çox illərə sinə gərdi,
Durdu, dözdü cavanlığım.
Ömrü çiçək qədər oldu,
Sevinc oldu, kədər oldu.
Neçin gəldi-gedər oldu,
Kimdən küsdü cavanlığım?..
Arzulara adlayardı,
Qönçə kimi çatlayardı,
Gözəlləri odlayardı,
Qaynar, isti cavanlığım.
Təbiətin nemətiydi,
Sevgilərin məbədiydi,
Sanardım ki, əbədidi,
Tükənməzdi cavanlığım…
“Balalarım” şeiri
Xoş gəlmisiz bu dünyaya, balalarım,
Sevinclərim, əzablarım, bəlalarım.
Siz gəldiniz, bilirsiniz neylədiniz?
Oğul idim, məni ata eylədiniz.
Qəşənglərim, kifirlərim, keçəllərim,
Fərman verib
Anama da nənə adı
bəxş eyləyən dəcəllərim.
Aşıb-daşdı evimizdə gülüşünüz,
Bilirsizmi nələr etdi gəlişiniz?
Gəlişiniz qələm çəkdi dincliyimə,
Gəlişiniz nöqtə qoydu gəncliyimə.
Siz gəldiniz, öz-özümü unutdum mən,
Siz gəldiniz, “mən” sözünü unutdum mən.
Hara getsəm indi sizi düşünürəm,
Hələ xırda, hələ qısa ömrünüzü düşünürəm.
Hara getsəm sizin üçün dən yığıram,
Nə dən yığsam üçünüzə tən yığıram.
Düşünürəm bu Müşfiqin, bu Vüqarın, bu
Mirzənin,
Bircə kərə demirəm ki, bu da mənim.
Anam deyir: -Heç özünə baxmayırsan, oğul, tamam,
Vallah, sənə özüm paltar alasıyam.
Nə eləsin axı anam,
Onlar mənim balamdırsa,
Mən də onun balasıyam.
Çiçəksiniz, həyatımla bitirmişəm,
Bu dünyaya mən üç insan gətirmişəm,
Milyonların qabağında cavabdehəm
onlar üçün,
İstəyirəm şer deyəm onlar üçün.
Oxusunlar ağılları kəsən zaman,
Öz oğlundan, öz qızından küsən zaman.
Salam mənim Mirzələrim, Vüqarlarım,
Müşfiqlərim,
Evimizin çıraqları – işıqlarım.
Siz ölməzlik abidəsi,
Əsrlərə gedib çatan ata səsi.
Sizin üçün gündüz əsib, gecə əsib,
Soyuqları, istiləri dilim ilə yalamışam.
Sözlərimin mən boyundan min yol kəsib,
Sizin xırda boyunuza calamışam.
Arzularım, əməllərim,
Mənə oxşar diri sözlü, diri gözlü
heykəllərim.
Yuxunuzdan duran zaman gecələri
İtirirəm sətirləri, hecaları,
dil-dil ötən ilhamım da dildən düşür,
Qoca nənə, cavan ana əldən düşür.
Mirzə, Vüqar qoymur məni ürəyimə qulaq asam,
Kiçik Müşfiq istəmir ki, şer yazam,
Kim deyim bu dərdimi,
Böyük Müşfiq sağ olsaydı bu halıma dözərdimi?!
Sizin üçün qənd alaram, bal alaram,
Min arzumu, istəyimi qanadaram.
Sizi, əziz balalarım,
Sətir-sətir böyüdürəm,
Misra-misra yaradıram.
Sevinclərim, əzablarım,
Yüz-yüz susan, yazılmayan şerlərə cavablarım.
Vaxt olub ki, dediyimdən dönməmişəm –
sizin üçün!
Vaxt olub ki, vəzifəli bir alçağın
Qabağında dinməmişəm sizin üçün!
Bax, bu ata əllərimlə toyunuzu edəcəyəm,
Bu dünyaya verib sizi,
Sonra sakit,
Sonra rahat, bu dünyadan gedəcəyəm.
Belə ömür mənə xoşdur.
Öz səhvini görməyənlər,
Heç nə yaza bilməyənlər
Məndən sonra desələr ki, az yazmışdır,
Onda çıxın ortalığa,
Ömrüm boyu yaratdığım şerlərim –
işıqlarım.
Onda çıxın ortalığa,
Mirzələrim, Vüqarlarım, Müşfiqlərim!
“Özünü qoru, xalqım” şeiri
Müqəddəs, ulu xalqım,
Gözümün nuru, xalqım,
Ən qorxulu zamandır,
Özünü qoru, xalqım.
Bir tora ilişmisən,
Çaynaqları dərində.
Bir oyuna düşmüsən,
Oyuncaqlar əlində.
Üzərində əsirlər
Qara yellər görürəm.
Sənə quyu qazırlar,
Mənfur əllər görürəm.
Sənə quyu qazırlar,
Mənfur əllər görürm.
Təklənmisən yenə də,
Əyilməz, ulu xalqım.
Oğul, sözüm sənədir,
Özünü qoru, xalqım.
Kimin bəd əməli var,
Tarix özü söyləsin.
Burda şeytan əli var,
Burda iblis hiyləsi.
Döyür torpaqlarını,
Yenə dəmir çəkmələr.
Müstəmləkə qanunu,
Böl, parçala, hökm elə.
Bölürlər bilə-bilə,
Dağ çəkirlər sinənə,
Beləcə bölə-bölə,
İstəyirlər bu yurdu,
Yer üzündən silələr,
Yalvarıram, amandır,
Allah sözü dilimdə,
Sən belə dar məqamda,
İçəridən bölünmə,
İçəridən talanma.
Bizim, sizin elliyə,
Əqrəbaya, yerliyə,
Amandır, parçalanma.
Ayırmayaq bu yurdu,
Doğma, ögey kəslərə.
Ən betəri odur ki,
Xalq özünə qəsd edə.
Özünün əli ilə
Öz-özünü öldürə.
Yetər, bizim bu eli,
Tayfalara böldülər,
Mahallara böldülər,
Ostanlara böldülər,
Küçələrə böldülər,
Dalanlara böldülər…
Bu yağıya köməkdir,
Özümüzə xəyanət.
Bizə birlik gərəkdir,
Ay el-oba, camaat.
Qüdrətimsən, gücümsən,
Çağlayırsan qanımda.
Amma sayca kiçiksən
Böyüklərin yanında.
İllərlə səni, xalqım,
Söküb talan ediblər.
Balaca səsin qalxıb,
Gülləbaran ediblər.
Yüz cür fərman yazıblar,
Min cür fəndlər gəziblər.
O sahildə kəsiblər…
Amma ki, iradəni,
Sındıra bilməyiblər.
Heç ölümlə də səni.
Öldürə bilməyiblər.
Yenə göylər dumandır,
Qəhrəman, ulu xalqım.
Ən dəhşətli zamandır,
Özünü qoru, xalqım!
“Sağlığında qiymət verin insanlara” şeiri
Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsil qiymətini bilər onda,
Bu sözlərim düz olmasa töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə…
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə, aslan deyin aslanlara.
Sağlığında qiymət verin insanlara…
Hər kəs bilsin öz yerini necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır…
Bu nədəndir ölən kimi,
qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır…
Çirkinlər də təmiz olur ölən kimi…
Yadlar belə əziz olur ölən kimi…
Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?
Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir…
Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm…
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm…
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara, qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…
Axtarış sözləri: Cabir Novruz şeirləri,cabir novruz mən bizim anaları,cabir novruz ana seiri,cabir novruzun seirleri,cabir novruz ana,cabir novruz sagliginda qiymet verin,cabir novruz sağlığında qiymet verin insanlara