Gənc şair və qəzəlxan Vuqar Bilecerinin bir-birindən gözəl şeir və qəzəllərini sizlər üçün toplayıb ərsəyə gətirdik.
Seir ve qezeller:
- “Ana” şeiri
- “Üzün gülür, gülər üzlüm, üzündə güllər açıb” şeiri
- “Gəldi” qəzəli
- #4
- 1 İyun uşaqlara aid şeirlər
- “Aldanma” şeiri
- “Gözləmir” şeiri
- “Əziz” qəzəli
- “Getdi” şeiri
- “Olaydım” şeiri
- “Sənsiz” qəzəli
- Bənzər mövzular:
“Ana” şeiri
Ey könül mülkümüzün sərvəri, sultanı ana,
Sənin uğrunda fəda eyləyərik canı, ana.
Zövqü-cənnətdi mübarək üzüvün seyri mənə,
Neynirəm gülşəni, gülzarı, gülüstanı ana.
Gələ dünya üzünə hər nə qədər nazlı gözəl,
Atılan dırnağıvın min biri qurbanı ana.
Nurlu simana nəzər etmək ibadətdəndi,
Ey cahan mülkünün ən mötəbər insanı ana.
Sponsor Linklər
Mənim uğrumda ağartdın saçıvın qarələrin,
Qurban ağ tellərivə ömrümün hər anı, ana.
Ana bir zatı-müqəddəsdi, mələk xislətdi,
Qədəmiylə bəzəyər cənnəti-rizvanı, ana.
Sənə bu şeiri Vüqar yazdı kiçik tövhə kimi,
Ey ömür bağçamın ən ətirli reyhanı, ana.
“Üzün gülür, gülər üzlüm, üzündə güllər açıb” şeiri
Tərcümə edən: Hüseyn Cəlilov
Üzün gülür, gülər üzlüm, üzündə güllər açıb,
Gözün gülür, qara gözlüm, gözündə güllər açıb.
Dizin-dizin, könül, ol vadeyi-məhəbbətdə,
Sürünmüsən o qədər ki, dizində güllər açıb.
Xəlil[1] üçün odu döndərdi Xuda gülzarə,
Təəccüb eylədi Nəmrud, közündə güllər açıb.[2]
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
O Kərbəladı ki, torpağı ətri-qəm qoxuyur,
Çölündə qanlar axıbdır, düzündə güllər açıb.
Vərəqdi hər açılan gül kitabi-hüsnündən,
Nə qədri sirri-nihani özündə güllər açıb.[3]
Gəl, ey gül üzlülərin şahı, yolların bəzənib,
Ayağın öpməyə xatir izində güllər açıb.
O lalə üzlü qış ilhamına bahar gətirib,
Vüqar, səbəb budu, sözsüz sözündə güllər açıb.
“Gəldi” qəzəli
İki qəm gördü məni qaçdı uzaqdan gəldi,
Biri soldan hücüm etdi, biri sağdan gəldi.
Üzbəüz dağ ilə durdum, elədim dərdimi faş,
“Buna insan dözə bilməz” sesi dağdan gəldi.
Yar olan səmtə əsən bir yelə qoşdum ruhu,
Qoxlayıb zülfün, öpüb lalə yanaqdan gəldi.
#4
Apardı bir qərib xəyal
Yaman məni uzaqlara.
Yadımda ən şirin qalan
O günlərə, o çağlara.
Mən olmasam da, sənlədir
Xəyalım hər qədəm başı.
Məzarım üstə gəlmədin,
Darıxdı sinəmin daşı.
Sənə əmanət eylədim
Gözümdən hər düşən yaşı.
Nəvaziş ilə davran, o
Yetim qalan uşaqlara.
Qəmin yanımda saxlaram
Bir ömür yadigar ola.
O səndən etibarlıdır,
Çətin bietibar ola.
Sənə heyifdi göz yaşım,
Əlimdə ixtiyar ola.
Sıxıb gözümdə saxlaram,
Dağıtmaram yanaqlara.
Əsiri-dami-dərd olun,
Vəfa yolunda mərd olun.
Vüsala can atanların
Bəla kəsər sağın, solun.
İlahi ayrı salmasın
Sevənlərin ömür yolun.
Oturmasın kədər tozu
Gülüş qonan dodaqlara.
Güli-behiştə naz edər
Saçından aldığım ətir.
Oxunmamış kitab kimi
Maraqlısan sətir-sətir.
Gülümsə, ruhumun gülü,
Gülüşlərinlə yaz gətir.
Gülüşlərin çiçəkləsin
Bahar gələndə bağlara.
Tutar vəfalı yar olan
Əlin vəfalı aşiqin.
Əyilməyən vüqarı var
Düz iddialı aşiqin.
Bu eşq həmin o eşqidir
İki bəlalı aşiqin.
Birin qaçırtdı çöllərə,
Birin çıxartdı dağlara.
1 İyun uşaqlara aid şeirlər
“Aldanma” şeiri
Ey könül, aldanma dünya bivəfa hökmündədir,
İbtidasından xərab olmuş fəna hökmündədir.
Hansı aşiq ki, şəhidi-tiri-qəmzəndir sənin,
Eşqin hökmüylə Şəhidi-Kərbəla hökmündədir.
Qalxa bir insan əgər hökmi-Əlinin ziddinə,
Nütfəsi napakidir, hökmən gəda hökmündədir.
Sübh üzündən çəkdi zülfün mahım, etdi gün tülu,
Gözlərim açdım, namaz gördüm qəza hökmündədir…
Ol güli-Zəhra Həsən səbri, Hüseyn əzmindədir,
Müstəfa xülqündədir, həm Mürtəza hökmündədir.
İtrəti-Xətmi-Rəsulun həqqin inkar eyləyən,
Ən rəzil varlıqdır, itdən bihəya hökmündədir.
“Gözləmir” şeiri
Köçüb qərib qaranquşum, ümid baharı gözləmir,
Fəsillər ardıcıl gəlir, ömür qatarı gözləmir.
Yazıbdı Şahı-Kərbəla səadətin kitabını,
Şərəfli qan möhürləmiş ədalət inqilabını.
Könül, könüllü nuş elə şəhadətin şərabını,
Yad eldə od tutub yanır, şəhid məzarı gözləmir.
Gözüm yaşıyla eyni su nə seldə yox, nə çayda yox,
Cəmali-yar cilvəsi nə gündə yox, nə ayda yox.
Lal olsa xoş, kor olsa xoş, görüb danışsa, fayda yox,
O dil ki yarı səsləmir, o göz ki yarı gözləmir.
Yanımdan, ey ömür, keçib küləklə bahəm ötmüsən,
Könül, cəfaya səbr edib, əcəb vüsala yetmisən.
Məkani-yara getmisən, yenə nə tufan etmisən,
Nə yaxşı bəxtəvər səni ölüm qərarı gözləmir.
Ətirli saçlarında kaş bitim bənövşələr kimi,
Ölüm bənövşələr kimi, itim bənövşələr kimi.
Könül, nə qəmli durmusan yetim bənövşələr kimi,
Dur, ey zavallı sərnişin, ümid qatarı gözləmir.
Kimin ki, bəxti qarədi, səadət anlamır nədi,
Kimin ki, qəlbi daşdısa, məhəbbət anlamır nədi.
Təəssüf, hər mələkliqa səadət anlamır nədi,
Heç at vəfası saxlamır, it etibarı gözləmir.
Əsiri-hicr olanların bəlalı çöldü məskəni,
Payız gətirdi həsrətin, saraldı vəsl gülşəni.
Əcəldən əvvəl ayrılıq cəfası öldürür məni,
Ölüm də gözləyir, heyif, o gül Vüqarı gözləmir.
“Əziz” qəzəli
Bir səbəb var qoruyub saxlamışam canı əziz,
Ki gərək saxlaya ev sahibi mehmanı əziz.
Ey fələk, rəhmə gəlib Allahın altında nola,
Yar çeşmində qılaydın məni-nalanı əziz.
Bizə meyxanədə canan ilə saqi bəsdir,
Zahida, sən yeri tut huriyi-qılmanı əziz.
Əql zindanına sal nəfsi əsir et, könlüm,
Nəfsi xar etmək edib Yusifi-Kənanı əziz.
Bəşəri xəlq edib, “əhsən” demiş Allah özünə,
Tutmaz insan özü Allah qədər insanı əziz.
Belə baxsan qara daşlardan hörülmüş Kəbə,
Yar təşrifi qılıb kǝbeyi-zişanı əziz.
Tutsa kim qafi-qənaətdə məkan ǝnqatǝk,
Tutmaz o, mur qədər Mülki-Süleymanı əziz.
Vüqar, aqil kişilərdən götür ibrət, uca ol,
Tutdu aqil kəsi, el tutmadı nadanı əziz.
“Getdi” şeiri
Kim içib bir qədər hikmət dənizindən getdi,
Ətri eşqin nə çölündən, nə düzündən getdi.
Güldən artıq nə dedi yarə ki, aşiq qaragün,
İnciyib, etdi acıq hansı sözündən getdi.
Saqi, ol gözləri şəhla, güli-rəna kim idi,
Od salıb sinəmə məstanə gözündən getdi.
Vadiyi-qəmdə süründürdü fələk Məcnuni,
Lalələr oldu xəcil, qanlı dizindən getdi.
Kim tutub qaldı bu viranə dağılmış mülki,
Hamı bir gün ya gecindən, ya tezindən getdi.
Atəşi-eşq yanır, boş yerə yanmır ona da,
Cismimin sıçradı bir parça közündən getdi.
Üzlü-üzlü dedi zahid ki, haramdır badə,
İnan Allaha ki, lap zəhləm üzündən getdi.
Pərdeyi-qeybidən ol mah özün göstərdi,
Çox özündən deyən aşiqlər özündən getdi.
Ey Vüqar, cəhd elə, bir iz qoy özündən sonra,
Bəlkə, bir gün cavan aşiqlər izindən getdi.
“Olaydım” şeiri
Səni bir də sevmək üçün təzədən cavan olaydım,
Qara tüstüdən çıxaydım, dönüb ağ duman olaydım.
Cana can verəydin, ey can, canımız gələydi canə,
Canı canan istəyəndə çan içində can olaydım.
Məni saldın abi-rudən, el içində xar qıldın,
Sənə sirr açanda, ey gül, dili-ağzı qan olaydım.
Gül üzün gözəlliyindən bir ömür şəfa tapaydım,
Əbədi bahar içində güli-cavidan olaydım.
Qara donlu kölgələrtək sürünəydim hey dalınca,
Fəqət iz buraxmayaydım, elə binişan olaydım.
Analıq ümidi ölmüş qadına ümid doğaydım,
İtirəndə on gümanın ona son güman olaydım.
Ana qəlbi dağlayınca qara haylı sübhülərtək,
Gecə pərdəsin çəkəydim üzümə nihan olaydım.
“Sənsiz” qəzəli
Sən gedib məndən alandan məni qaldım sənsiz,
Gəlmədin, gözləri yollarda qocaldım sənsiz.
Bir qərib şam işığı, bir həzin hicran otagi,
Sənlə birlikdə keçən günlərə daldım sənsiz.
Eşq bazarına getdim, belə sevda etdim,
Fərəhi, nəşəni satdım, kədər aldım sənsiz.
Getmisən, badeyi-hicran içirəm, ey daşürək,
Vəsl peymanəsini daşlara çaldım sənsiz.
Hicr döndərdi könül mülkünü qəm vadisinə,
Neçə qəmlə dolu karvan yola saldım sənsiz.
Taleyim qarə, günüm qarədi, bəxtim qarə,
Məni hər gün qara basdıqca qaraldım sənsiz.
Ayrılıq bağçalarından sarı güllər dərdim,
Sarı güllər kimi həsrətdə saraldım sənsiz.
İntizarında nələr çəkdi Vüqar bəxtiqara,
Səni hər qəmli küləkdən xəbər aldım sənsiz.
Bənzər mövzular:
Axtarış sözləri: vuqar bileceri seirleri,vüqar biləcəri şeirləri yazılı,vüqar biləcəri qəzəlləri,vüqar biləcəri sevgi şeirləri
Vüqar Biləcərinin daha çox şeir və qəzəlləri üçün “Qərib xəyal” kitabını yükləyə bilərsiz.