Qubadlı haqqında şeirlər

qubadlı haqqında şeirlər,qubadlı haqqında şeirlər,qubadliya aid seirler,qubadlıya aid şeir, qubadlı şeiri qubadlım
5
(5)

Qubadlı haqqında təsirli və gözəl şeirlər


“Qubadlıya gedirik” şeiri

Müəllif: Elbrus Qayalı

Güvənib ordumuza Qubadlıya gedirik
Ərənlər Yurdumuza, Qubadlıya gedirik
Dilə gəlir dağ, dərə, gəl-gəl deyir ellərə
Son qoyduq nəs illərə, Qubadlıya gedirik

Bir sevinc var üzümdə, dünya gülür gözümdə
Həqiqət var sözümdə, Qubadlıya gedirik
Təbrik edib dostları, gedirik yurda sarı
Ay Elman köklə sazı Qubadlıya gedirik

Getdiyin izin aydın, hər kəlmən, sözün aydın
Elbrus gözün aydın, Qubadlıya gedirik
Qubadlıya gedirik…


“Qubadlı” şeiri

Müəllif: Anonim

Könül sözlərimi dinlə, anla sən
Tarix öz səhifəni yaz Qubadlıda
Uzun ağacları, sıx meşələri
Nə gözəl açılır yaz Qubadlıda

Hərtizi almalı-armudlu bağı
Adlanır ağ qarlı qocaman dağı
Varlının-yoxsulun yanan ocağı
Mirlər adlı kəndi var Qubadlıda

Çərəli adlanır Atamın yurdu
Fələk hər insana bir kələk qurdu
Tarix unudarmı heç belə yurdu
Ölməz oğlanlar da var Qubadlıda

Dərin dərələri, hündür dağları
Abdalanlı kəndini də tanıyır hamı
Hanı şirin kişi, mərd oğulları
Belə bir xatirə var Qubadlıda

Günəş erkən çıxır o gözəl yerdə
Düz deyir atalar, igiddə, bildə
İşdəsən çörək var, yabada beldə
Geniş göz zəmilər var Qubadlıda

Qızıl balıqların ölməz yatağı
Bərgüşad çayını göstərir hamı
Çoxların aparıb torpağa Tanrı
Nəbinin elləri var Qubadlıda


“Dərdlər Kükrəyəndə” şeiri

Müəllif: Ədalət Nicat

Dərdlər kükrəyəndə aşanda bəndin
Dərdi dərman kimi, dər Qubadlıda.
Torpağı o qədər mübarəkdi ki,
Yatır xıx deməmiş nər Qubadlıda.

Həsrət duman üstə sürünər dağa,
Külək pıçıldayır dərdin yarpağa,
Mərdlik milyon ildi hopub torpağa,
Gör necə qalıbdı tər Qubadlıda.

Çoxdu çözülməyən dünyanın sirri,
Saysızdı o yerin ocağı, piri,
Kənar yerdə gəzmə incini, dürü,
Gövhər Qubadlıda, zər Qubadlıda.

Nişanlı daşların barmağı xına,
Sevgi cansızları gətirər cana,
Dosluq eyləyəndə əvvəlcə sına,
Özün gör nə çoxdu ər Qubadlıda.

Xəzan yeli çapır ömür bağına,
Arzular dırmaşır xəyal dağına,
Ədalət, gələndə dost qabağına
Könlünü palaztək sər Qubadlıda.


Qubadlı haqqında şeirlər

Qubadlı ” şeiri

Müəllif: Qasım Qasımzadə

Səndən ayrılanda, dağlar, cavandım,
İndi görüşünə qoca gəlmişəm.
Qayğılar üstümə düşdü – talandım,
Üzümə üz tutub borca gəlmişəm.

Diləyim çoxsa da, gəl əsirgəmə,
Nə arzu eləsəm, yoxumdur demə.
Qaytar sən bu dəmdən məni o dəmə,
Düşmüşəm yamanca suça, gəlmişəm.

sponsor 3

Mehribandır obaların, ellərin,
Şəfalıdır çiçəklərin, güllərin,
Məlhəm olsun deyə sərin yellərin
Sinəmi mən aça-aça gəlmişəm.

Xatirəmin güllərini üzməyə,
Cığır örtən otlarını əzməyə,
Haraylayıb gəncliyimi gəzməyə,
Yollarını quca-quca gəlmişəm.

Zəri alçı duran bəxtə-naxışa,
Möhkəmcə yaddaşa, möhkəmcə huşa,
Cağbacağ dişlərə – üyüdən daşa,
Yapdığım küt gedir, saca gəlmişəm.

Baxışda tüğyana gələn dənizə,
Qırışsız alına, gözlüksüz gözə,
Çəliksiz əllərə, əsməyən dizə,
Bükülməyən qola-qıça gəlmişəm.

Yanaqda közərən laləyə, gülə,
İlanı yuvadan çıxaran dilə,
Dayı dedirtməyən qapqara telə,
Hələ dən düşməyən saça gəlmişəm.

Damaqdan getməyən dada-ləzzətə,
Qızlar bəyəndiyi boya-qamətə,
İti, şux yerişə, taba-taqətə
Möhtac qalıb, uça-uça gəlmişəm.

Tövşümək bilməyən odlu nəfəsə…
Durnanı havada saxlayan səsə,
Tükənməz nəşəyə, bitməz həvəsə,
Hünərə, qüdrətə, taca gəlmişəm.

Ömrün zinətini illər alıbdı,
Mahir oğru kimi bir-bir çalıbdı.
Bircə sən verdiyin vüqar qalıbdı,
Hüzuruna başı uca gəlmişəm!


“Qubadlı” şeiri

Müəllif: Anonim

30 il qoynunda mən yuva saldım
30 il üzünə mən həsrət qaldım.
Həzin-həzin yad edib o çağları
Qərib eldə için-için sızladım.

Yenə al qoynuna bizi Qubadlı
Aman vermə yad ellərə bir daha
Şəhidlərin qanı axan o torpaq
Düşmən tapdağında qalmasın daha.

Al qoynuna bizi ey doğma diyar.
Görüşünə çox tələsən elim var.
Ağbirçək analar, gəlin bacılar
Qəlbi yurd eşqiylə coşan oğullar.


Bənzər mövzular:

Axtarış sözləri: qubadlı haqqında şeirlər,qubadlı haqqında şeirlər,qubadliya aid seirler,qubadlıya aid şeir, qubadlı şeiri qubadlım

YAZIYA QİYMƏT VER!😉

Ortalama 5 / 5. Səs sayı: 5

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir