“Gül sənin nəyinə gərəkdir, gülüm?” şeiri
Gül sənin nəyinə gərəkdir, gülüm?
Öpən dodağı yox, oxşayan əli
Gəl, gül də, çiçək də özümüz olaq.
Sən bir az ağıllı, mən bir az dəli…
Gül sənin nəyinə gərəkdir, gülüm?
Sənin gülün mənəm, çiçəyin mənəm,
Güllü nağıllara getməsin ağlın.
Sənin həqiqətin, gerçəyin mənəm.
Gül sənin nəyinə gərəkdir, gülüm?
Hüsnün, gözəlliyin dünyada təkdir,
Əgər sən varsansa bu yer üzündə
Dünya başdan-başa güldür, çiçəkdir.
Gül sənin nəyinə gərəkdir, gülüm?
Qoxla nəfəsimi, çiçəyə döndər,
Şairin sözünə yalandır demə,
Bütün yalanları gerçəyə döndər…
“Sual” şeiri
Yuxu şirin, həyat acı,
Yatmısanmı, oyaqsanmı?
Ey ruhumun ehtiyacı,
Gözlərimə çıraqsanmı?
Sponsor Linklər
Yanımda qiymətin, qədrin,
Qəlbimdə hörmətin, xətrin,
Adamı öldürür ətrin,
Çiçək dolu budaqsanmı?
Ömrüm-günüm yaşıl tağdı,
Sevgin sağlam, eşqin sağdı.
Sinən üstü ağdan ağdı,
Yazılmamış varaqsanmı?
İşıqlıdır odun, qorun,
Sevgidədir gücün, zorun.
Yandırırsan korun-korun,
Odu sönməz ocaqsanmı?
Birim, pirim, bircə dənəm,
Sən sevilən, mən sevənəm.
Bu evin sahibi mənəm,
Sən bir qərib qonaqsanmı?
“Gözlərin ” şeiri
Nə sərin bulağı var,
Nə isti ocağı var,
Nə odlu qaynağı var,
Mənə baxan gözlərin!
Bəxtin uğuru billəm,
Gözümün nuru billəm,
Eşqini duru billəm
Mənə baxan gozlərin!
Giləsində inci var,
Dağ boyda sevinci var,
Tanrı qədər gücü var
Mənə baxan gozlərin!
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Həm savabdı, həm günah,
Həm axşamdı, həm sabah.
Sehrinə bax, ay Allah,
Mənə baxan gözlərin!
Sevmişəm ədasını,
İçmişəm badəsini.
Mən alım qadasmı
Mənə baxan gözlərin!
“Biz niyə sevməyək bir-birimizi” şeiri
Yer göyü, dağ dağı, daş daşı sevdi,
Tanrı naxış vurdu, nəqqaşı sevdi.
Göz gözə boylandı, qaş qaşı sevdi,
Biz niyə sevməyək bir-birimizi?
Çəmənlər torpağa xalı çəkirsə,
Xalıda yaşılı, alı çəkirsə,
Arı çiçəklərdən balı çəkirsə,
Biz niyə sevməyək bir-birimizi?
Ulduzlar sayrışıb göz vurur Aya,
Çeşmələr çağlayıb tökülür çaya.
Sevənlər gəlirsə hər gün dünyaya,
Biz niyə sevməyək bir-birimizi?
Gül şehdən güc alır, mamır qayadan,
Köz oddan qızarır, çiçək həyadan,
Süzülüb gəlirsə kökdən, mayadan,
Biz niyə sevməyək bir-birimizi?
Ömür göz qırpımı, fürsət azdısa,
Könül son nəfəsdə sınan sazdısa,
Uçub əlimizdən gedən yazdısa,
Biz niyə sevməyək bir-birimizi?
Ömrün həm sevinci, həm ahı varsa,
Pərvanə yanğısı, şam ahı varsa,
Adəmin cənnətdə tamahı varsa,
Biz niyə sevməyək bir-birimizi?
Yağış gözəllərin öpür üzünü,
Damla pıçıltıyla deyir sözünü.
Şəlalə qayadan atır özünü,
Tufan dağı sevir, dalğa dənizi
Biz niyə sevməyək bir-birimizi?
Yer göyü, dağ dağı, daş daşı sevdi,
Tanrı naxış vurdu, nəqqaşı sevdi.
Göz gözə boylandı, qaş qaşı sevdi,
Biz niyə sevməyək bir-birimizi?
Çəmənlər torpağa xalı çəkirsə,
Xalıda yaşılı, alı çəkirsə,
Arı çiçəklərdən balı çəkirsə,
Biz niyə sevməyək bir-birimizi?
Ulduzlar sayrışıb göz vurur Aya,
Çeşmələr çağlayıb tökülür çaya.
Sevənlər gəlirsə hər gün dünyaya,
Biz niyə sevməyək bir-birimizi?
Gül şehdən güc alır, mamır qayadan,
Köz oddan qızarır, çiçək həyadan,
Süzülüb gəlirsə kökdən, mayadan,
Biz niyə sevməyək bir-birimizi?
Ömür göz qırpımı, fürsət azdısa,
Könül son nəfəsdə sınan sazdısa,
Uçub əlimizdən gedən yazdısa,
Biz niyə sevməyək bir-birimizi?
Ömrün həm sevinci, həm ahı varsa,
Pərvanə yanğısı, şam ahı varsa,
Adəmin cənnətdə tamahı varsa,
Biz niyə sevməyək bir-birimizi?
Yağış gözəllərin öpür üzünü,
Damla pıçıltıyla deyir sözünü.
Şəlalə qayadan atır özünü,
Tufan dağı sevir, dalğa dənizi
Biz niyə sevməyək bir-birimizi?
“Kainat” şeiri
Üzünü sevirəm!
Üzün həyatın özüdü.
Enişli, yoxuşlu,
Dağlı, dərəli,
Yaraşıqlı, mənzərəli!
Gözünü sevirəm!
Gözün həyatın özüdü.
Dənizli, dalğalı,
Tufanlı, ləpəli.
Cənnəti bu dünyada tapmışam,
O gözlərdən öpəli!
Özünü sevirəm,
Sən həyatın özüsən.
Həmişə canlı,
Həmişə hərəkətdə,
İşdə, sevgidə, bərəkətdə.
Üzünə də, gözünə də,
Özünə də qurbanam
Həyat kimi.
Səninlə işıqlıyam
Günəş kimi,
Kainat kimi!
İstək şeiri
Damla da var, dərya da
mənim yaranışımda,
Mən adi bir damlayam,
dəryamı istəyirəm.
Dünya məni böyütdü,
yaşatdı insan kimi,
Mən kiçik bir zərrəyəm,
dünyamı istəyirəm.
Gurlamışam, çaxmışam
şimşəklərin içində,
Zərif ömür sürmüşəm
çiçəklərin içində.
Şipşirin bir arzu var
istəklərin içində,
Mənə “işığım” deyən
anamı istəyirəm.
Nə sözdən, nə nəğmədən,
nə bulaqdan doymadım,
Nə oddan, nə alovdan,
nə ocaqdan doymadım.
Nə ana təbiətdən, nə
torpaqdan doymadım,
Həyat adlı güzgünü,
aynanı istəyirəm.
Bir dahi doğulub gəldi dünyaya şeiri
(Ulu Öndər Heydər Əliyevə həsr olunub)
Naxçıvanda doğuldu
23-ün mayında.
Güllü bahar fəslinin
ən işıqlı ayında.
Anası İzzət xanım,
atası Əlirza
Şükürlər oxudular
onlara oğul verən
Tanrıya, İlahiyə,
bu bahara, bu yaza.
Ata-ana ad qoyub
adına Heydər dedi,
Bu həyatın barını
dərdikcə, heydər, dedi.
O boy atıb böyüdü
gündə bir darı boyda,
Ona layla çalanın
xoş arzuları boyda.
Hər anla, hər saatla,
hər fəsillə böyüdü.
Damar-damar bərkidi,
pillə-pillə böyüdü.
Zəlimxan Yaqub şeirləri
“Axar Su” şeiri
Göy üzündə buludları silkələr,
Dağ döşündən dərələrə axar su.
Şeh içində çimizdirər gülləri,
Zirvələrdən çökəklərə baxar su.
Qış gələndə əl-ayağı dondurar,
Yaz gələndə ümid nuru yandırar.
Qayaların inadını sındırar,
Damla-damla göz yaşını sıxar su.
Ruhu pakdı, təmizlərdən təmizdi,
Adı bizə əzizlərdən əzizdi.
Hara baxsan çaydı, göldü, dənizd i,
Yer altından yer üzünə çıxar su.
Gələn gedir bu dünyada qalan yox,
Sular kimi boşalan yox, dolan yox.
Dağ desə ki, məndən güclü olan yox,
Güc eləsə dağları da yıxar su.
Nəğməsidir hər açılan yarpağın,
Dərmanıdır hər bağçanın, hər bağın.
Ay Zəlimxan, şah damarı torpağın,
Axar südü, axar südü, axar su.
Gəlirəm şeiri
Duyğuların zirvəsinə baş vurub,
Uca sözün ucasından gəlirəm.
Gör nələr var üçcə hərfin canında,
“Söz”ün bircə hecasından gəlirəm.
Ömür üzən, gün qocaldan, yaş yoran,
Dincəlməyə aman verə, kaş, yoran.
Sualların saç ağardan, baş yoran,
“Neyçün”ündən, “necə”sindən gəlirəm.
Danışdırdım hər pərdəni, hər simi,
Dərk eylədim avandımı, tərsimi.
Məktəb açdı, Tanrı verdi dərsimi,
Ustadından, xocasından gəlirəm.
Tilsim ömrün, qıfıl ömrün, sirr ömrün,
Hünərin var qapısından gir ömrün.
Yuxusuna haram qatmış bir ömrün,
Min yuxusuz gecəsindən gəlirəm.
Süzülmüşəm tarixlərin ruhundan,
Od almışam yananların ahından.
İnsanların Adəmindən, Nuhundan,
Cavanından, qocasından gəlirəm.
• Qorxusu yox nə amanın, nə ahın,
Günəşi var hər açılan sabahın.
Qapısında xidmətçiyəm Allahın,
Qapısından, bacasından gəlirəm.
“O günü gözləyirəm” şeiri
Şuşada bir doyunca
Könlümdən gəzmək keçir,
o günü gözləyirəm.
Qalxıb Cıdır düzünə
Gülümü dərmək keçir,
o günü gözləyirəm.
Coşa İsa bulağı,
Qəlbə süzülə, axa.
Ovcum nur ilə dola,
Gözüm gözünə baxa,
o günü gözləyirəm.
Məni Şuşada görə,
Düşmən baxa xar ola.
Daşaltının hər daşı
Düşmənə məzar ola,
o günü gözləyirəm.
Öz gülüm, öz çiçəyim
Öz əlimlə dərilə.
Görə bu xoş günləri,
Şəhidlərim dirilə,
o günü gözləyirəm.
Qarabağ deyiləndə
Torpaq qalxa ayağa.
Ehtiyacı olmaya
Bir səddə, bir dayağa,
o günü gözləyirəm.
Şuşasız varlığımda
Nə ürək var, nə də can.
Ağ atın üstə gələ
Ulu dədəm Pənah xan,
o günü gözləyirəm.
Hanı Şuşa torpağı,
Gülü kəfənim olsun.
Mənimdir, mənimkidir,
Həmişə mənim olsun.
o günü gözləyirəm.
Mənim ağ paltarımda,
Hələ qara yamaq var.
Şuşasız yaşamaq yox,
Şuşalı yaşamaq var,
o günü gözləyirəm.
Tarixi düz yazıla,
Şuşa Şuşamız ola.
Bu dünyaya sığmayan
Bir tamaşamız ola,
o günü gözləyirəm.
Bənzər mövzular:
- Bir-birindən gözəl 10 sevgi şeiri
- Vətənə Aid Şeirlər
- Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şeirlər
“Torpaq ol yaşa” şeiri
Sükutdan qaç,
Qəlbini aç,
Nurunu saç,
Ocaq ol yaşa!
Sevsinlər boyunu,
Çalsınlar toyunu,
İçsinlər suyunu,
Bulaq ol yaşa!
Təhqir-töhmətdən,
Yersiz xiffətdən,
Kin-küdurətdən,
Uzaq ol yaşa!
Süfrəni bol aç,
Sevgiyə qol aç,
Yolsuza yol aç,
Çıraq ol yaşa!
Yaşat dünyanı,
Yaşat cahanı,
Yaşat insanı,
Torpaq ol yaşa!
“Yaşa” şeiri
Fəsillərin ruhuna dön,
Yazında, qışında yaşa.
Qədrini bil bu torpağın,
Hər bir qarışında yaşa.
Halallıq var mayasında,
Həm toyunda, həm yasında.
Çiçəyə dön qayasında,
Mamır ol daşında yaşa.
Dağıt başından dumanı,
Dağıt şübhəni, gümanı.
Öt dövranı, keç zamanı,
Dünyanın yaşında yaşa.
“Tarix kimi” şeiri
Yaşın ilə təzə tarix,
təzə dövran başlana,
Eşqin ilə qoca dünya
cavanlana, yaşlana.
Adın ilə yer üzünün
şeytanları daşlana,
Çevriləsən könüllərdə
çiçəyə sən, gülə sən,
Tarix kimi doğulasan,
tarix kimi yaşayasan,
tarix kimi öləsən!
Sevənlərə, duyanlara
göz günəş könül çıraq,
Nurun ilə işıqlana
hər kitabda şah varaq,
Min il sonra söz düşəndə
səndən gələ səs-soraq.
Yaddaşlara, ürəklərə
möcüzətək gələsən,
Tarix kimi doğulasan,
tarix kimi yaşayasan,
tarix kimi öləsən!
İnadınla sərt qayalar
varaqlana, çapıla,
İnamınla cəmiyyətin
itənləri tapıla.
Ziyarətin daşı kimi
yanağından öpülə,
Zaman görə sən böyüksən,
nə qulsan, nə köləsən,
Tarix kimi doğulasan,
tarix kimi yaşayasan,
tarix kimi öləsən!
Ucalardan ucalara
qalxasan fələk kimi,
Buludların qanadında
uçasan mələk kimi.
Nurlandırıb könüllərə
çatasan şimşək kimi,
Cahilliyi, nadanlığı
yer üzündən siləsən,
Tarix kimi doğulasan,
tarix kimi yaşayasan,
tarix kimi öləsən!
Yaşayasan insaf kimi,
iman kimi, din kimi,
Torpaq səni qəbul edə
göydən gələn ün kimi.
Ölümün də tarix ola
doğulduğun gün kimi,
Öz ömrünü zərrə-zərrə
insanlarla böləsən,
Tarix kimi doğulasan,
tarix kimi yaşayasan,
tarix kimi öləsən!
Axtarış sözləri: zelimxan yaqub veten seirleri,zelimxan yaqub heyder eliyev haqqinda seir,heyder eliyev haqqinda seirler zelimxan yaqub,zelimxan yaqub seirleri,zelimxan yaqub seir,zelimxan yaqubun seirleri,zelimxan yaqub serleri,zəlimxan yaqub heydər əliyev haqqında şeirləri,zəlimxan yaqubun sevgi şerləri,zəlimxan yaqub şerləri,zəlimxan yaqub şeirləri