[quads id=7]

Xurşidbanu Natəvan haqqında məlumat

Xurşidbanu Natəvan haqqında məlumat
0
(0)

Xurşidbanu Natəvan kimdir?

Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə yurdumuzun dilbər guşəsi, qədim mədəniyyət mərkəzi olan Şuşada anadan olmuşdur. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sonuncu vərəsəsi idi. Natəvanın dünyaya gəlişi ailəsinə və Şuşa camaatına Tanrının sanki bir lütfü idi. Atası Mehdiqulu xan qızına öz anasının adını verir. Xurşidbanu ailənin yeganə övladı, Qarabağ xanlığının sonuncu vərəsəsi idi. Sarayda onu “Dürrü yekta” (yəni tək inci), el arasında isə “Xan qızı” çağırmışlar.    

Xan qızı ilk tərbiyəni xan sarayının mürəbbiyələrindən alır.  Xuşidbanu ilk təhsilini isə dövrünün alim və sənətkarlarından almışdır. O, həmçinin “Quran” ayələri və dünyəvi elmlərlə yaxından tanış olmuşdur. Natəvan, doğma dili ilə yanaşı ərəb, fars dillərini mükəmməl öyrənmiş, klassik şeir qayda-qanunlarının dərinliklərinə yiyələnmişdi. Bütün bunlarla yanaşı o, çox diqqətli, fitri yaddaşa malik olmuşdur. Mütaliə isə onun sevimli məşğuliyyəti idi. Nadir kitablar, qiymətli əlyazmalar Xurşidbanunun dünyagörüşünün bədii zövqünün formalaşmasında rol oynamışlar. O, nəinki Azərbaycan ədəbiyyatında, mədəniyyətində, hətta ictimai həyatında da dərin izlər salmışdı. Natəvan iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanını daşıyırdı. Xurşidbanun fitri istedadının üzə çıxmasında Şuşa ədəbi mühiti böyük rol oynamışdı. Natəvan şairliklə yanaşı, istedadlı rəssam da olmuşdu. Onun bədii tikmələri “Gül dəftəri” buna sübutdur. O rəssamlıqla məşğul olmuş, nəfis əl işləri, müxtəlif janrda tikmələr bacarağına da yiyələnmişdi. Natəvan, naturadan çəkməyə, obyekti birbaşa təsvirə üstünlük verir, real rəssamlıq nümunələri yaradırdı. Onun çəkdiyi “Gül”, “Ağac”, “Budaq”, “Üzüm salxımı”, “Ev”, “Çiçək” rəsmləri təbii, inandırıcı və lirikdir.    


Xurşidbanu Natəvan Xeyriyyəçi kimi

Natəvan öz xeyriyyəçiliyi və xeyirxahlığı ilə Şuşa əhalisinin qəlbinə yol tapmışdı.    
1973-cü ildə Şuşaya su kəməri çəkdirmiş, bu kəmər “Xan qızı bulağı” adı ilə məşhur olmuşdu. O, hətta Araz çayından Mil düzünə su çəkmək təşəbbüsünü irəli sürmüşdür. Deyilənlərə görə, Natəvandan kömək istəyən heç bir insanın əlini boş qaytarmamışdır. Köməksizlərin həmişə köməyi olmuşdur. Ona görə Şuşa əhli onu ürəkdən sevmiş və dərin hörmət bəsləmişdi.    


Xurşidbanu Natəvanın yaradıcılığı

   O, yaradıcılığa 1850-ci illərdən ənənəvi şərq mövzusu və şeirlərlə başlamışdı. İlk şeirlərini təxəllüssüz, öz adıya yazır. Bu əsərlər günümüzə gəlib çıxmayıb.  Qəzəllərində məhəbbət, insani gözəlliklər, təbiət gözəllikləri əsas yer tutur. Füzuli yaradıcılığından bəhrələnən şairə insani keyfiyyətləri hər şeydən uca tutmuş, bu dünyanın fani olmasına inanmışdı. Natəvan yaradıcılığı boyu Füzulinin poetik cazibəsindən uzaqlaşa bilməmişdi. 

   Klassik şeirlə yanaşı, aşıq yaradıcılığı da Natəvan irsində özünəməxsus yer tutur. XVI əsrdə yaşayıb-yaradan Qurbanidən bu günə qədər bir çox şairlər, ustadlar baharın elçisi olan bənövşə gülü haqqında şeirlər yazmışlar. Ətirli, zərif olduğu qədər də vəfalı, sevimli olan bu çiçək nakamlıq rəmzi kimi də tanınır. Səma rəngli bu gülün çöldə, qayaların, kolların dibində bitməsi gülşəndən küskünlük kimi mənalandırılır. Bənövşə boynu bükükdür, çünki aşiqi vəfasızdır. Bənövşə ətirlidir. Ətri yarın zülfünün ətrini xatırladır.  

   Xurşidbanu Qarabağda fəaliyyət göstərən ədəbi məclis – məclisin yaradıcıları Mirzə Rəhim Fəna və Hacı Abbas Ağəh olmuşdur. Məclis 1972-ci ilə qədər adsız fəaliyyət göstərmişdir. Həmin ildən ədəbi məclisə Xurşidbanu Natəvan rəhbərlik etmiş və məclis öz fəaliyyətini Qarabağ xanının sarayına köçürərək, davam etdirmişdir. “Məclisi-üns” – dostluq-ünsiyyət məclisi mənasını ifadə edir. Məclisin yığıncaqlarında şairlərlə yanaşı, musiqi xadimləri də iştirak etmişdir. Musiqi məclisi daha da canlandırmış, müzakirələrin məzmununa ciddi təsir göstərmişdir. Rəvayətlərə görə Xurşidbanu Natəvan narı dənələtdirib buzxanaya tökər və əmələ gələn narlı buz parçalarını “Məclisi-üns” yığıncaqlarında süfrəyə verdirərmiş, buz parçasındakı nar dənələri şam işıqları altında yaqut kimi parlarmış. Bu da məclisə daha da gözəlləşdirirmiş. Məclisdə Şuşa ziyalıları Natəvanın başına toplaşıb, əlaqəli ədəbi-elmi söhbətlər, fikirlər mübadilələri aparmışlar. Bu dövrdə məclisin 30-dan artıq üzvü olmuşdur. Təxminən iyirmi ilə qədər Xurşidbanu məclisə rəhbərlik etmişdi. “Məclisi-üns” ədəbi məclisində yaranan əsərlər Azərbaycan, fars və cığatay dillərini əhatə etmişdi. Məclisdə Şərq şeirinin poetik özəllikləri öyrənilmiş, Nizami, Xəqani Şirvani, Qətran Təbrizi, Füzuli, Nəsimi, Xətai kimi klassiklərdən tərcümələr edilmiş, onlardan bəhrələnmişlər. Məclisdə deyişmələr və bu deyişmələrin özünəməxsusluğu diqqəti cəlb edir.    

   Qızı Xanbikə xanım da anasının yolunu davam etdirmiş, qəzəllər və rübailər yazmışdı. Xanbikə xanımın bir neçə qəzəli Vasif Quliyevin “Dünənə uzanan cığır” kitabında çap olunmuşdu. O, həmçinin “Məclisi-üns”ün üzvlərindən biri olmuşdur.    


Ailə həyatı

Xurşidbanu 18 yaşında dağıstanlı knyaz Xasay xan Usmiyevlə ailə qurur.   Öz gözəlliyi ilə dillər əzbəri olan Xurşidbanu həyatda öz istədiyi xoşbəxtliyini tapa bilməmişdi. Xurşidbanu özünə “Natəvan” sözünü (yəni kimsəsiz, köməksiz) təxəllüs götürmüşdü. Tale onu qəribə sınaqlarla üz-üzə qoymuşdu.  

Bəzi ehtimallara görə, evliliyə səbəb xarici və daxili siyasətdəki gərginlik olmuşdu. 

 Bəzilərinə görə isə Vorontsovun şəxsi yavəri Xasay bəy Tiflisdə onlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşidbanuya evlənmək təklifi etmişdir. 1850-ci ildə Xasay bəy Şuşaya gəlib toy etmiş, sonra isə Xurşidbanunu Dağıstana doğma kəndinə, oradan da Tiflisə aparmışdır. 18 yaşlı Natəvan həyatının çiçək açdığı bir dövrdə vətənindən uzaqda yaşamağa məcbur olmuş, çox vaxt tək qaldığı üçün sıxılmış, qəriblik çəkmişdi. Tiflisdə keçən gənclik illəri onun gələcək şairə taleyində xüsusi rol oynayır. Bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinə qoşulur, üç dildə sərbəst danışması ilə elit cəmiyyətlərdə özünə qarşı maraq oyandırır. Ümumiyyətlə, o, Usmiyevlə birlikdə xeyli səyahətlərə çıxır və bu səfərlər onun dünyagörüşünü genişləndirir. 1858-ci ildə Xan qızı Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşüb. Xasay xanın mükəmməl fransız dili bilgisi nəticəsində onlar dostlaşmışdılar. A.Dümanın “Qafqaza səyahət” əsərində bu görüş haqqında da yazılıb.  

xursidbanu natevan haqqinda melumat 2
Xurşidbanu Natəvan haqqında məlumat

Gənc ailənin bir müddət övladları olmamışdı. Bu da Natəvana bir dərd idi. Deyilənlərə görə, Natəvan müqəddəs ocaqlara ziyarətə getdikdən sonra (1854-cü il Bakının Şıx kəndindəki Bibixanım məscidi) 5 il tamamında onun bir oğlu dünyaya gəlir. Adını Mehdiqulu qoyurlar (1855). Sonra isə qızı Xanbikə (1856) dünyaya gəlir. Amma Xasayın Natəvanla bu ailə münasibəti çox uzun çəkmir. Natəvan xəstələndiyi üçün Şuşaya gəlir, bir müddət orada yaşayır. 1861-ci ildən Natəvanın anası Bədircahan bəyim vəfat edir. Ailənin bütün ağırlığı şairənin üzərində cəmləşir. O, xanlığın ixtiyarında olan kəndləri, yaylaq yerlərini zavod və dəyirmanlarını təkbaşına idarə etməli olur. Bütün bu ağırlıq zəif bir qadın çiynində yüklənir.

1864-cü ildə əri Xasay ailəsini Şuşada qoyub, vətəninə qayıdır, 1866-cı ildə isə özünü orada öldürür. Bədxah insanlar bu hadisədən sonra Natəvan haqqında mənasız, yersiz söz-söhbətlər, heç bir əsası olmayan böhtanlar danışırlar, hətta onun xeyirxah əməllərinə dodaq büzürlər. Şairəni ləkələmək, el arasında gözdən-nüfuzdan salmaq istəyirlər. Gənc və gözəl Natəvan bütün bunları özünə dərd etsə də, xeyirxah əməllərinin – körpü, yolların salınması, məktəb və məscidlərin tikilməsi, köhnə binaların təmiri kimi xeyirxah işlərini davam etdirir. Başı nə qədər bu işlərə qarışsa da, bütün bu haqsızlıqlar bir qadın qəlbini incidir, bu ağrılar göz yaşına çevrilib, yanağı boyunca süzülürdü. Bütün bu söz-söhbətlərə son qoymaq üçün 1869-cu ildə Natəvan Seyid Hüseyn adlı kasıb bir Şuşalıya ərə gedir. Hüseyn diribaşlığı, əməksevərliyi, mədəni davranışı ilə bir çox cavanlardan seçilirdi. Bütün bu müsbət keyfiyyətləri ilə o, Natəvanın qəlbinə yol tapa bilir. Evləndikdən sonra təsərrüfat işlərinin bir çoxunu öz üzərinə götürür. Natəvanın bü evlilikdən – Mirabbas adlı oğlu dünyaya gəlir. Amma təəssüf ki, o ağır xəstələnir, 17 yaşında vəfat edir. Övladının vaxtsız ölümü, onsuzda dərin iztirablar, mənəvi böhranlar keçirən anaya ağır bir dərd olur. Şairə “Ağlar”, “Əfsus”, “Getmə” rədifli qəzəllərini oğlunun ölümünə həsr etmişdi. O, bu dərdən xəstələnərək yatağa düşür. Səhhəti bir qədər yaxşılaşdıqdan sonra Tiflisə gedir, orada müalicə olunur. 1888-ci ildə Natəvan yenidən müalicə almaq üçün Tiflisə gedir. Bir il orada qalıb, yenidən Şuşaya qayıdır. Amma səhhəti get-gedə daha da pisləşir, günlərlə, hətta həftələrlə xəstə yatır. 1891-ci ildə isə həyatın daha amansız bir zərbəsi ona dəyir. Əri vəfat edir. Bu onun səhhətinə daha da pis təsir edir, çətin vəziyyətini daha da ağırlaşdırır. Elə bu illərdə evində xeyirxah məqsədlər üçün ayırdığı bir sandıq qızıl pul və qiymətli əşyaları oğurlanır. Bu hadisə Natəvanın Arazdan Mil düzünə çəkdirməyə başladığı arxın Kənkərli məntəqəsində yarımçıq qalmasına səbəb olur. Həyatının son illəri daha ağırlı və qüssəli keçmişdi. Yararlı torpaqları, yaylaqları əlindən çıxmış, borca düşmüşdü. Deyilənlərə görə maddi çətinlik üzündən ev əşyalarını, evini, mülklərini, bağını, zinət əşyalarını satışa çıxarmışdı. 


Vəfatı

      Natəvan 1897-ci il oktyabrın 1-də Şuşada vəfat etmişdir. Şuşa camaatı hörmət əlaməti olaraq şairənin cənazəsini Şuşadan Ağdama qədər çiyinlərində aparmış, Ağdamda “İmarət” deyilən ailə qəbristanlığında dəfn olunmuşdu. Onun ölümü ziyalıların, şairlərin, ədiblərin kədərlənməsinə səbəb olmuş, Məhəmməd ağa Müştəri, Mirzə Rəhim Fəna və başqaları Natəvanın ölümü münasibəti ilə mərsiyələr yazmışlar.    

   İllər keçsə də Azərbaycan xalqı onu unutmamış, adına küçə, kitabxana. məktəblər vermişlər. Bakıda heykəli, Şuşada büstü, Ağdamda isə qəbirüstü abidəsi qoyulub. Natəvanın Şuşadakı büstü ermənilər tərəfindən vəhşicəsinə güllələnib və tullantı metal kimi satılıb. Azərbaycan dövlətinin səyləri ilə  həmin büst aşkar edilərək Bakıya gətirilib.  Hazırda  İncəsənət Muzeyində açıq səma altında nümayiş etdirilir. 

 Xan qızının əlyazmaları, şəxsi geyimləri, əşyaları arxiv və muzeylərdə saxlanılır. Azərbaycan Prezidenti İlham Əliyev “Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyinin keçirilməsi haqqında” 3 aprel 2012-ci il tarixli Sərəncam imzalayıb. Bu il şairənin 192 illik yubileyi olacaq.   

Bənzər mövzular:

Axtarış sözləri: xurşidbanu natəvan haqqında məlumat, xurşidbanu natavan haqqinda melumat

Mənbələr:

YAZIYA QİYMƏT VER!😉

Ortalama 0 / 5. Səs sayı: 0

İlk səs verən sən ol!

sponsor 3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir