bahara aid seirler bahar seiri bahar fesli yaz seir
3.4
(14)

Bahar fəslinə aid bir-birindən gözəl şeirlər toplusu.
Bildiyiniz bahar şeiri varsa şərhlərdə bizlərlə paylaşın.

Bahar nəğməsi şeiri

Müəllif: Mirmehdi Seyidzadə.

Bir quş uçdu bizim bağa,
Səhər-səhər оxumağa.
Qоndu yaşıl bir budağa,
Dedi: – Gözəl bahar gəlir!

Günəş güldü,əridi qar,
Yerdən göyə qalxdı buxar.
Cоşan sellər, daşan çaylar
Dedi: – Gözəl bahar gəlir!

Çiçəkləndi hər dağ, meşə,
Qızıl lalə qоndu döşə,
Pıçıldayıb göy bənövşə
Dedi: – Gözəl bahar gəlir!

Çоban qalxdı bir yaylağa,
Sürüsünü yaydı dağa,
Baxdı sоla, baxdı sağa,
Dedi: – Gözəl bahar gəlir!

Tütəklərin incə səsi,
Küləklərin şən nəğməsi,
Bulaqların zümzüməsi
Dedi: – Gözəl bahar gəlir!

Uçan bulud, çaxan şimşək,
Yağan yağış, əsən külək,
Təbiəti duyan ürək
Dedi: – Gözəl bahar gəlir!


Bahar mənəm şeiri

Müəllif: Nəbi Xəzri

bahar şeiri

Yaşıllaşır düz, yoxuş
Söylədi:- Bahar mənəm.
Uçub gəldi qaranquş
Söylədi:- Bahar mənəm.

Çəmənə nur səpdi ay,
Ağ bulud keçdi lay-lay.
Köpüklənib daşdı çay
Söylədi:- Bahar mənəm.


Bahar gəlir ellərə şeiri

Müəllif: Faiq Hüseynbəyli

Bahar gəlir ellərə,
Yaşıllaşır dağ-dərə.
Açılıb Novruzgülü,
Heyran edir bülbülü.
Baş qaldırır Yasəmən,
Gözəlləşir çöl-çəmən.
Laləyə bax, Laləyə,
Batıb şehə, jaləyə.
Açılıb min bir çiçək,
Gülləri ləçək-ləçək.
Düşüb fəqanə quşlar,
Yağır isti yağışlar.
Qar əriyir dağlarda,
Bülbül ötür bağlarda.
Gün yayılır hər yerə,
Bahar gəlir ellərə.


Bahar bayramı şeiri

Müəllif: Mirvarid Dilbazi.

Günəş doğdu, yayıldı,
Yatan ellər ayıldı.
Açdı çiçəkli güllər,
Dilə gəldi bülbüllər.

Qar, çovğun gözdən itdi,
Dağlarda lalə bitdi.
Qanadlandı buludlar,
Yerdəki əlvan otlar.

Cücərib boy atdılar,
Aləmə naz satdılar.
Artdı suların səsi,
Sevindirdi hər kəsi.


Bahar şərqisi şeiri

Müəllif: Səməd Vurğun.

Gəldi martın doqquzu,
Bayram etdik novruzu.
Qar əridi, yox oldu,
Çaylarda su çox oldu.

Dağlar, çöllər dişərdi
Novruzgülü göyərdi.
Gecə-gündüz tənləşir
Hava hərdən çənləşir.

Dağa qalxır dumanlar,
Tez-tez yağır leysanlar.
Yüngül, sərin meh əsir.
Yağnuru birdən kəsir.

Aralanır bulutlar,
Təravətlənir otlar.
Düşür günün ziyası,
Artır yazın səfası.

sponsor 3

Göy üzündə bir qəşəng
Tağ görünür yeddi rəng
Gözəl qövsi-quzehlər,
Qəlbə verir fərəhlər.

Quşlar ötür çöllərdə,
Ördək üzür göllərdə.
Əsir isti küləklər,
Uçur qazlar, ördəklər.

Yarpaqlanır ağaclar,
Yaşıllanır yamaclar.
Seyrə çıxır uşaqlar,
Göy çəməndə oynaqlar.


Gələn bahara kimi şeiri

Müəllif: Rafiq Yusifoğlu

Dimdiyində çöp tutub,
Havada uçurdu quş.
Bir yarpaqsız ağaca
Qonub yuva qurdu quş.
Ağac yaman kövrəldi,
Qüvvət duydu dizində.
Yaş tumurcuq-tumurcuq
Gilələndi gözündə.
Sevindi, sevincindən
Ürəyi dağa döndü.
Açıldı tumurcuqlar
Yaşıl yarpağa döndü.
O yarpaqlar yuvanı
Gözdən iraq saxladı.
Aradan xeyli keçdi,
Yuva da yarpaqladı.
Yazıq ağac az qala
Sevincindən uçurdu.
Yumurta qönçələrdən
Qanad yarpaq açıldı.
Bir azdan körpə quşlar
Qanadlanıb uçdular.
Yarpaqlar da onların
Arxasınca düşdülər.
Yuva ilə ağacın
Matı-qutu qurudu.
Dərdli-dərdli hönkürdü
Kövrək payız buludu.
Ağac dinmək istədi,
Yuva dinmək istədi.
Peşman olan yarpaqlar
Geri dönmək istədi.
Ancaq bunlar əbəsdi,
Payız küləyi əsdi.
Yarpaqların budağa,
Qanadların yuvaya
Dönən yolunu kəsdi.
O ağacla o yuva
Mat qalıbdır gör necə?! –
Gələn bahara kimi
Susacaqlar beləcə…


Bahar şeiri

Müəllif: Səməd Vurğun

Bahar, istəklimsən başdan-binadan,
Ən gözəl qızısan sən təbiətin.
Xoşbəxt yaranmısan xoşbəxt anadan,
Gözünün odusan şeirin, sənətin,
Ən gözəl qızısan sən təbiətin.

Mənim də şair tək qanım qaynardır,
Yerdə arzularım gül açır rəng-rəng.
Başımda daima fikirlər vardır,
Daima döyünür sinəmdə ürək,
Yerdə arzularım gül açır rəng-rəng.

Sükuta düşmənsən əzəldən sən də,
Nə yatır, nə də bir sakit olursan.
Çöllərə min yaşıl xalı sərsən də,
Çarpışıb yağışla, boranla, qarla,
Qışın son nəfəsi qasırğalarla
Sən də döyüşlərdə yaşa dolursan,
Nə yatır, nə də bir sakit olursan.

Buludlar qoynunda çaxan şimşəyin,
Sivri qılınc kimi sıyrılır qından.
Tufan da qoparır bəzən küləyin,
Dağlara səs düşür qışqırığından.

Bahar, qoy suların gurhagur axsın,
Sinəmin üstündən keçsin sellərin.
Başımın üstündə şimşək də çaxsın,
Qoy tufan qoparsın əsən yellərin.

Doyunca çarpışıb qasırğalarla,
Göydə qartal kimi yorulum mən də.
Sonra qoşa yatıb dostum baharla,
Baş-başa dincəlim bir göy çəməndə.

Dən olub səpilək gəl səninlə mən,
Göyərək torpaqda sünbüllər kimi.
Qızlar gülab çəksin qoy ətrimizdən,
Baharın zinəti al güllər kimi.

Qoşa çinar olub bitək yol üstə,
Göylərə boy ataq öz ölkəmizdə.
Yayın istisində Muğanda, Mildə,
Yolçular dincəlsin qoy kölgəmizdə.

Ya da dağ döşündə qoşa qaynayan,
Ürək sərinlədən çeşmələr olaq.
Yerdə bulud-bulud axıb oynayan,
Sərin çaylar kimi axdıqca dolaq,
Ürək sərinlədən çeşmələr olaq.

Yer qazaq, su çəkək boz səhralara,
Daş yonaq, söz yazaq iti əl kimi,
Göyləri şimşək tək biz yara-yara,
Gəzək yer üzünü bir əməl kimi.

Bir cüt ala gözlü göyərçin olub,
Gəl, Yer kürəsinin çiyninə qonaq.
Şeir tək dillənib, nəğmə tək ötüb,
Dildən-dilə düşək, əzbər oxunaq.

Bir cüt məşəl olsun ürəklərimiz,
Bir cüt ulduz kimi baş-başa yanaq.
Sülhün, səadətin keşiyində biz
Gəl qoşa dayanaq, qoşa da yanaq.

Min il ömür sürək səninlə qoşa,
Bir canda döyünən iki ürək tək.
Min il nəfəs verək torpağa, daşa,
Nəsildən-nəsilə təzələşərək.


Bahar bayramı şeiri

Müəllif: Mirvarid Dilbazi.

Salamladıq bülbülü,
Açıldı novruzgülü.
Bağlarda quşlar ötdü,
Nərgiz, bənövşə bitdi.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.

Günəş öpdü çəməni,
Evdə qoyduq səməni.
Qarşıladıq Novruzu,
Şamlar sarı, qırmızı.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.

Süfrələr bər-bəzəkli,
Üstü şirin çörəkli….
Nimçələrdə yer-yemiş,
Şəkərçörəyi, kişmiş.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.

Pıçıldaşdı bülbüllər,
Bəzədi bağı güllər.
Saldı zoğal və alça
Yerə çiçəkdən xalça.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.

Novruz bayramına aid şeirlər


bahara aid seirler,yaz şeiri,bahar qızı şeiri,bahar bayrami seiri,bahar seiri,bahar şeiri,yaz fəslinə aid şeirlər,yaza aid şeirlər,bahara aid şeirlər,bahar haqqında şeir,bahar haqqinda seir,şeirlər bahara aid seirler ,bahara aid seir,şeirlər bahara aid seirler

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.4 / 5. Səs sayı: 14

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir