Yel çərşənbəsinə aid şeirlər, bayatılar və atalar sözləri

Yel çərşənbəsinə aid şeirlər, bayatılar və atalar sözləri
2
(3)

Yel çərşənbəsinə aid şeirlər toplusu

“Bahar nəğməsi” şeirindən parça

Müəllif: Mirmehdi Seyidzadə.

Tütəklərin incə səsi,
Küləklərin şən nəğməsi,
Bulaqların zümzüməsi
Dedi: – Gözəl bahar gəlir!

Uçan bulud, çaxan şimşək,
Yağan yağış, əsən külək,
Təbiəti duyan ürək
Dedi: – Gözəl bahar gəlir!


“Yel baba” şeiri

Müəllif: Əhməd Cavad

Yel baba, dağıt çəni,
Qov dumanı çöllərdən.
Apar qarı, şaxtanı,
Bu soyuğu ellərdən.
Buludları parçala,
Qoy göy üzü görünsün.
Qışı çıxart dağ başına,
Qoy quzeyə sürünsün.
Günəş daim gülsün bizə,
Camalından nur tökülsün!
Dan ulduzu işıq saçsın,
Fəcir aydın, qoy sökülsün!
Gündüz günə boyansın,
Yer altında qarışqalar,
çöldə quşlar oynasın.
Qoy açılsın bulaqların
Buz bağlamış göz qapağı.
Şırıldasın axan sular;
Qoy ərisin buz da, qar da.
Otlar çıxsın qar altından
Hər mahalda, hər diyarda.
Yer tərləsin, buğlar qalxsın
Topa-topa bulud kimi!
Səhər mehi sığal çəksin
Arzu kimi, umud kimi!
Çöl çağırsın, düz səsləsin
Körpələri qucağına.
Qoca Nənəm kösöv qoysun
Həyətdəki ocağına.
A Yel Baba, a Yel Baba,
Qoy çağlasın su-sel, Baba!


“İlk bahar” şeirindən bir parça

Müəllif: Abdulla Şaiq

Əs, ey ətirli dan yeli,
Könülaçan bahar gəlir.
Bənövşə, yan dara teli,
Bağa sevimli yar gəlir.


“Bahar” şeirindən parça

Müəllif: Səməd Vurğun

Bahar, qoy suların gurhagur axsın,
Sinəmin üstündən keçsin sellərin.
Başımın üstündə şimşək də çaxsın,
Qoy tufan qoparsın əsən yellərin.


Yelə aid bayatılar

A yel baba, dur gedək,
Madyanını sür gedək.
Bir qapının qıfılın,
Min qapıya vur gedək.


Dağ başında yel əsər,
Düşər üzə, tel əsər.
Doğru söz tez kar eylər,
Qılıncdan iti kəsər.


Yel əssin yelə dəysin,
Meh əssin telə dəysin.
Tək əldən nə çıxar,
Əl gərək ələ dəysin.


Tufan gələr, dağ əsər,
Yel vurarda bağ əsər.
Yar yadıma düşəndə,
Ürəyim zağ-zağ əsər.


Tufan gələr, dağ əsər,
Yel vurarda bağ əsər.
Yar yadıma düşəndə,
Ürəyim zağ-zağ əsər.


Aşiqəm, gül əsəndə,
Darışıb güləsən də,
Bülbülün bağrı çatlar
Yel dəyib gül əsəndə.


Yel haqqında Atalar sözləri

El tikəni yel yıxa bilməz.

El gücü, yel gücü, sel gücü.

El el ilə, dəyirman yel ilə…

Yel gətirəni yel də aparar.

Yel əsməsə, budaq tərpənməz.

Yiyəsiz mal, ya elə gedər, ya yelə.

sponsor 3

Yel ilə gələn, sel ilə gedər.

Qarlı dağdan aşsaq yel bizə neylər?

Yel aparan yelinki, Yerdə qalan mənimki.

Düyün əl ilə, xırman yel ilə olur.

Yel qayadan nə aparar?

Yüngülü yel alar, ağır yerində qalar.

Yelə qayadan pay düşməz.

Hər külək dağı yerindən tərpədə bilməz.

Aparanda: – El aparar, yel aparar, sel aparar.

Dağı-daşı yel pozar, adam arasını dil pozar. 

Alçaqda yatma – sel aparar, ucada yatma – yel aparar.

Gətirəndə el gətirir, yel gətirir, sel gətirir. aparanda el aparır, sel aparır, yel aparır.

Yel çərşənbəsinə aid şeirlər, bayatılar və atalar sözləri


Bənzər mövzular:

Axtarış sözləri: Yel çərşənbəsinə aid şeirlər,yel çərşənbəsi şeirləri, yel cersenbesi haqqinda seirler, bayatilar yel haqqinda

YAZIYA QİYMƏT VER!😉

Ortalama 2 / 5. Səs sayı: 3

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir