Uşaq şeirləri balaca uşaqların təlim-tərbiyyəsinə xidmət edərək, onlara həyatı daha yaxşı qavramalarına yardım edir.
1 İyun Uşaqlar gününə aid şeirlər 👧👦,
3 yaşlı uşaqlar üçün şeirlər
Pişik şeiri
Müəllif: Mirmehdi Seyidzadə.
Pişik ala boyundur,
İşi tamam oyundur.
Əlin asta basandır,
Bucaqları pusandır.
Əl-üzünü yuyandır,
Səs-səmiri duyandır.
~~♡~~
Sponsor Linklər
Balaca günəş şeiri
Müəllif: Mina Rəşid.
Yuxudan duran kimi
Hamıya gülümsəyir:
-Ata, sabahın xeyir,
-Ana, sabahın xeyir!
Yeddi yaşlı Günəşdən
Qəm qorxur, qüssə qaçır.
O, balaca günəştək
Ətrafına nur saçır.
~~♡~~
“Din, Dan” şeiri
Müəllif: Teymur Elçin.
Səhər məni
Oyat sən,
Saat, sən!
Din, dan,
Din, dan,
Din, dan.
Bax sən yatma,
Oyaq qal;
Oxu, çal.
Din, dan,
Din, dan,
Din, dan.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Mən bərk yatsam,
Zəngi vur,
Səslə: dur!
Din, dan,
Din, dan,
Din, dan
~~♡~~
“Gəlin öyrənək” şeiri
Müəllif: Ağasəfa.
Hər axşamçağı
Bacım Firuzə
Rəqs eləməyi
Öyrədir bizə.
Gəlin öyrənək
Biz oynamağı,
Bayram şənliyi
Olacaq axı?!
~~♡~~
“Xoruz” şeiri
Müəllif: Abdulla Şaiq.
Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz!
Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan,
Qoymayırsan yatmağa
Ay canım məstan xoruz!
~~♡~~
5 uşaqlar üçün şeirlər
“Ən gözəl yer” şeiri
Müəllif: Rafiq Yusifoğlu.
Təbiətə baxaraq
Belə sual verdim mən:
Ən gözəl yer haradır
Bu dünyada, görəsən?
Ağac dedi: – Torpaqdır.
Quzu dedi: – Çəməndir.
Yarpaq dedi: – Budaqdır.
İnsan dedi: – Vətəndir.
~~♡~~
“Nəzakətli qız” şeiri
Müəllif: Sevinc Nuruqızı.
Kimsə söz soruşanda
“Bəli”, “Xeyir” deyirəm.
Kiməsə toxunanda
Tez üzr istəyirəm.
Səhv edəndə “bağışla”
Deməyi bacarıram.
Çətinliyə düşənə
Köməyi bacarıram.
Nəzakətlə danışıb
Nəzakətlə dinirəm.
Bu sehrli sözləri
Artıq əzbər bilirəm.
~~♡~~
Uşaq Şeirləri
“İşığın dili” şeiri
Müəllif: Ələsgər Əlioğlu.
Çıxıb təkcə gəzməyi,
Bacarıram şəhərdə.
Maşınlardan qorxmuram,
Heç vədə küçələrdə…
Qırmızı işıq deyir:
Keçiddə ayaq saxla!
Sarı deyir:
Hazırlaş!
Yaşıl deyir:
Di adla!
Çox yaxşı öyrənmişəm,
Keçməyi hər keçiddən.
İndi başa düşürəm
İşığın dilini mən
Sevinc Nuruqızı. Ailəm
Evimiz də var
Eyvanımız da.
Xorhaxor yatan
Məstanımız da.
Gözəl nənəm var
Saçı gümüşü.
“can” söyləməkdir
Nənəmin işi.
Bax, bu babamdır
Əlində əsa.
Sözü uzatmaz
Söyləyər qısa.
Anamla atam
Çalışır mənim.
Bacımla başım
Qarışır mənim.
Beş yaşında mən
Bacım yaş yarım.
Bir də varımdır
Oyuncaqlarım.
Bir əmim bir də
İki dayım var.
Filim, maşınım,
Dələm, ayım var
Tofiq Mahmud. Kənd uşaqları
- Gəl, gəl-deyir çəmən-düz,
Yamaclara tutub üz.
Dərələri, dağları
Dolaşır gecə-gündüz
Bizim kənd uşaqları.
Yetişəndə gilənar,
Alma, armud, heyva, nar
Baxçaları, bağları
Gizli-gizli dolanar
Bizim kənd uşaqları.
Tofiq Mütəllibov. Mənim oyuncaqlarım
Mənim oyuncaqlarım
Bir-birindən qəşəngdir.
Bax bu yaşıl maşındır,
Bu da xallı pələngdir.
Bir qırmızı topum var,
Heç düşməyir əlimdən
Səhər-axşam sevinclə
Oynadıram onu mən.
Məxmərdəndir dərisi
Mənim qəşəng ayımın
Ona ev də tikmişəm
Yanında çarpayımın.
Çoxlu oyuncaq alır
Mənə atamla anam
Niyə də almasınlar
Axı, yaxşı oğlanam.
Rafiq Yusifoğlu. Ağacın təşəkkürü
Ağacın dibindəki
Torpağa bax, çat-çatdır.
Nə yaxşı ki tez gördüm,
Onun hayına çatdım.
Bir vedrə su apardım,
Tökdüm, ləzzətlə içdi.
Budağından almalar
Qopub vedrəmə düşdü.
Necə gözəldir ətri,
Necə şirindir dadı.
Pay apardığım qabı
Ağac boş qaytarmadı.
1-ci siniflər üçün şeirlər
Gülzar İbrahimova. Mənim ağıllı balam
Mən saymağı bilirəm,
Hərfləri tanıyıram
Mənim də var məktəb çantam,
Sabah məktəbə gedirəm!
Müəllimə desə «A» yaz
Mən tez «ana» yazacağam,
Desə ki, 10-a qədər say,
100-ə qədər sayacağam!
Çoxlu-çoxlu oxuyub,
Savadlı olacağam
Mənə deyəcək anam,
«Mənim ağıllı balam»!
Biz məktəbə hazırıq! şeiri
Müəllif: Həqiqət Rzayeva
Məktəbə gedəcəyik,
Bizdə səhərdən.
Ayrılmarıq bircə an,
Kitab-dəftərdən.
Ana Vətən yazırıq
Biz məktəbə hazırıq!
İncitmirik heç kəsi,
Dostumuzdur uşaqlar.
Uğurlu yol söyləyir,
Sevimli oyuncaqlar.
Ana Vətən yazırıq,
Biz məktəbə hazırıq!
Sevəcəyik məktəbi,
Sevəcəyik bağça tək.
Bizə ümid bəsləyir,
Vətən böyük gələcək.
Ana Vətən yazırıq,
Biz məktəbə hazırıq!
Zahid Xəlil. Kitabların anası
Əlifba kitabıdır,
Kitabların anası.
Hər hərf bir göyərçin,
Hər hərf su sonası.
Nə çox səs var dünyada
Adam səsi, quş səsi.
Təbiətin dili var,
Düşündürür hər kəsi.
Səslərdən söz yaranır,
Sözdən gözəl cümlələr.
Sözə ―qızıl deyibdi,
Söz qədrini bilənlər.
Böcəyin də səsi var,
Küləyin də səsi var,
Hər səsin də yazıda
Bir cür işarəsi var.
Səs yazılsa vərəqə
Çönüb hərf olacaq.
Qanaq çalıb havada
Dəftərimə dolacaq.
A- da ana deyirəm,
V- da vətən kəlməsi.
Vətən ulu babamdır,
Vətən atamın səsi.
Əlifba xəzinədir,
Onda min inci yatır.
Hər şirin kəlməsində,
Uşaq sevinci yatır.
Gəlin heç tələsməyək,
Öyrənək Əlifba-nı.
Bu dünyada onun tək
Əziz bir kitab hanı?!
Bəxtiyar Vahabzadə. İlk dərs
Bu gün yeni dərs ili
Başlanır… səhər-səhər
Məktəblərə yollanır
Al yanaqlı körpələr.
O dalında çantası
Gedən uşağa bax bir
O da, görəsən, belə
Məktəbəmi tələsir?
Sevinc sığışmır onun
Bugünkü hər anına.
Bu gün ayaq basacaq
Məktəb pilləkanına.
Bəli, bəli gör necə.
Sevimlidir, o bu gün.
Həyatında ilk dəfə
Gedir bir məqsəd üçün.
Pillələri aramla
Qalxır tək-tək yuxarı.
Həyatda da o belə
Yüksələcək yuxarı.
Bu qədəm ilk qədəmdir.
Arzular üçün ona.
Bu qədəm son qədəmdir
Şıltaq uşaqlığına.
Zəng çalınır… uşaqlar,
Bir-bir dolur sinifə.
Bu qəribə zil səsi
O eşidir ilk dəfə.
Bu səs onu çağırır
Düşünməyə, duymağa.
Bu səs onu aparır
Səadətli bir bağa.
Bu səs gör bir nə deyir:
“qədrini bil hər günün”
Bu gün gördüyü hər şey,
Yenidir onun üçün.
Dərs qutarır, dağılır
Evlərinə uşaqlar.
O da gedir, üzündə
Yeni bir nəşə çağlar.
Sən bu gün “A” səsini
Öyrənmisən a bala,
Onu sev, sən onunla
Yetəcəksən kamala.
Müqəddəsdir, əzizdir
Sən sev bu “A” səsini.
Bu səslə yazacaqsan
Sən “ana” kəlməsini.
Biz ilk qələm tutanda
Bu kəlməni yazırıq.
“ana vətən” deyərək
Ölməyə də hazırıq.
Bizim ilk dərsimiz də
Ana ilə başlanır.
Son dərsimiz ananın
əlilə alqışlanır.
Ana, vətən deməkdir
Quzum, sev bu vətəni.
Vətəndir məktəb açıb
Bu gün oxudan səni.
1 İyun uşaqlara aid şeirlər 👧👦, Uşaqlar gününə aid şeirlər
Uşaqlar haqqında aforizmlər
Gozel serlerdi
Qesey şeirler at de maraxlı olsun