Məmməd Əmin Rəsulzadəyə həsr olunmuş bir-birindən gözəl 4 şeir
Şeirlər:
“Vətən boyda Vətənsən” şeiri
Müəllif: Arif Gürşadoğlu
Məhəmməd Əmin babam,
Adına dil uzadanın, adı yoxdu!
Adına yığışmışıq!
Bu millətə daddırdığın Azadlığın,
Dadına yığışmışıq!
Yürüyürük yürüdüyün yolun ilə,
Bu yol bizim haqq yolumuz!
71 il qandallandı- bundan sonra,
Qandal götürməz qolumuz!
Vətənində ucalmayıb nə heykəlin,
Nə də büstün!
Vətən boyda ucalmısan,
Nə olar ki, bundan üstün!?
Rahat uyu, məzarında,
Vətən bizik, Vətən sən,
Əbədi yaşayacaqsan,
Vətən boyda Vətənsən!
Sponsor Linklər
“Bayraq Adam” şeiri
(Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş şeir)
Müəllif: Nəcibə Bağırzadə
Adı Məhəmməd Əmin,
xilaskartək doğulan.
Sən bir daha enməyən
bayrağımı ucaldan.
Vətəndə dövlət qurub
özü qürbətdə qalan.
Dinclik tapa bildinmi,
100 ildi yollardasan.
Qürbət eldə öpdüyüm
məzarı Kəbəm olan.
Uyuduğun yerdə də
Azərbaycan boydasan!
İntizarı bitməyən,
Son sözü Azərbaycan!..
Mən hələ gözü yaşlı,
Sən illər yorğunusan.
Gücüm çatmır sarılıb
səni burdan aparam…
Nə çox çəkdi bu həsrət,
bağışla, Bayraq Adam…
“Ruhunu Göndər” şeiri
(M. Ə. Rəsulzadəyə həsr olunmuşdur)
Müəllif: Dəmir Gədəbəyli.
Son nəfəsdə Azərbaycan söyləyən,
Bir ömrü bu ada qurban eyləyən!
Dahilər dahisi, ey Ulu öndər!
Nə olar,ruhunu Vətənə göndər!
Müqəddəs ruhunu su kimi içək,
Azadlıq yolunda biz candan keçək!
Sönmüş tonqalları şölələndirək,
Birləşib bir birin, canla dindirək!
Üç rəngli bayrağın başımız üstə,
Yenə cərgələnək biz dəstə – dəstə;
Üzü Qarabağa yürüş eyləyək!
Azğın düşmənlərə,sürüş söyləyək!
Böyük Məmmədəmin, ey ulu öndər,
Nə olar, Vətənə ruhunu göndər!
“Kişi” şeiri
(M. Ə. Rəsulzadəyə həsr olunmuşdur)
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Müəllif: Zəlimxan YAQUB
Yetmiş illik ayrılıq axır ki, çatdı sona,
Salam! Rəsul övladı Məhəmməd Əmin kişi!
Yordum uzaq yolları, səsinlə, sorağınla,
Qırdım axır belini həsrətin, qəmin, kişi!
Məzarına baxanın kirpiyində nəm gördüm,
Ağ mərmərin üzündə qara donlu qəm gördüm.
Sənin kimi yarımaz bir qisməti kəm gördüm,
Acıdım taleyinə min bəxti kəmin, kişi!
Sağ olsun məzarını ağ mərmərə tutanlar,
Dilindəki sözləri seçib zərə tutanlar.
Qoy tarixdən utansın səni şərə tutanlar,
Yaman getdi əlindən fürsətin, çəmin, kişi!
Tanrı səni yaratdı, bir də çətin yarada,
Sən qurtuluş istədin, qanlar axdı arada.
Beşiyin Bakıdadır, məzarın Ankarada,
Sənin Vətəndən özgə kimin var, kimin, kişi!
Nələr çəkib başımız, dərdimizdən halıydın,
Yaralı bir nəğmənin unudulmaz xalıydın.
Sən də bizim torpağın Mustafa Kamalıydın,
Heyif! Sünbül tutmamış biçildi zəmin, kişi!
Sizdən sonra gələnlər qara yeltək əsdilər,
Bizi bizdən almağa coşdular, tələsdilər.
Məğrur saraylar yapan düz əlləri kəsdilər,
Daşı düz qoyulmadı özülün, himin, kişi!
Ana öz övladını qoymaz gözündən yana,
Vətənin ölməz oğlu, gedək Azərbaycana.
Millət “İstiqlal!” – deyə yenidən gəlir cana,
Özün çal havasını köklənən simin, kişi!
Kəsilməz xalqın kökü, dərindədir, dərində,
Zaman çəkib oturdar hər kəsi öz yerində.
İllər gəlib keçsə də, sən xalqın nəzərində
Yenə həmin oğulsan, yenə də həmin kişi!
Bu böyük həqiqətə əmin ol, əmin, kişi!
Salam! Rəsul övladı, Məhəmməd Əmin kişi!!!
Bənzər mövzular:
Məmməd Əmin Rəsulzadə şeirləri
Axtarış sözləri: Rəsulzadə haqqında şeir, Memmed Emin Resulzade seirleri, Resulzade haqqinda seir Məmməd Əmin Rəsulzadə şeirləri