Baba Vəziroğlunun bir-birindən gözəl 8 şeiri
“Çıx qatar yoluna” şeiri
Çıx qatar yoluna bahar gələndə,
Mən sənə çiçəkli bahar göndərim.
Vüsal meyvəsindən dada bilmədik,
Sənə hər meyvədən nübar göndərim…
Çıx qatar yoluna payız olanda,
Uçan durnalarla salam yetirim.
Çıx qatar yoluna qaş qaralanda,
O qərib axşami , qəmi itirim…
Çıx qatar yoluna külək əsəndə,
Dağılan saçını darayım sənin.
Çıx qatar yoluna, səni itirsəm,
Bilim ki, mən harda arayım səni…
Çıx qatar yoluna yağış yağanda
Başının üstündə çətir tutaram.
Çıx qatar yoluna, elə özüm də
Mənzilə yetməyən qərib qataram…
Sponsor Linklər
Çıx qatar yoluna hər axşam, səhər,
Çıx qatar yoluna, məni qarşıla.
Bəlkə bir ömürlük çəkdi bu səfər,
Mən gələ bilmədim, məni bağışla…
“Hava haqqında…” şeiri
Havadan danışır bir gözəl xanım.
“Yağış yağacaqdır, qar yağacaqdır.
Gah günəş çıxacaq, gah ay doğacaq,
Havalar tutulub, açılacaqdır”.
Mənim Günəşim də, Ayım da sənsən.
Onu sinoptiklər nə bilir axı?
Sən bir az qıyqacı baxanda mənə
Mənim gözlərimdə ildırım çaxır.
Bir güllü-çiçəkli bahar günündə
Soyuq baxışınla qış gəlir sənin.
Mənim taleyimə yağışlar yağır,
Elə ki, gözünə yaş gəlir sənin.
Söz var, dolu kimi yağır başıma,
Söz var, duman olub yolumu kəsir.
Məndən inciyəndə, məndən küsəndə,
Qəlbimdə sop-soyuq küləklər əsir.
Səni gözləyirəm, hələ bilmirəm
Yağış yağacaqmı, qar yağacaqmı…
Mənim bu eşqimin səmalarında
Havalar tutulub-açılacaqmı?
Havadan danışır bir gözəl xanım.
Hardasa qar tökür, ya yağış yağır,
Hardasa ay batır, ya günəş çıxır.
Mənim Günəşim də, Ayım da sənsən,
Onu sinoptiklər nə bilir axı?!
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
“Xatirədir” şeiri
Niyə yanır bu ocaq,
Yanıb, külü qalacaq.
Bilmirəm nə olacaq,
Olanı xatirədir…
Qar yağır narın-narın,
Üzü gülür dağların.
Bu yaşıl yarpaqların
Solanı xatirədir…
Ay çəmənin çiçəyi,
Niyə soldu ləçəyin?
Bu dünyanın gerçəyi,
Yalanı xatirədir…
Niyə çıxdıq yola biz,
Coşub-daşır bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı xatirədir…
Xəyaldı, yoxsa yalan,
Gəlib keçdi nə zaman?
Sevginin ömrü bir an,
Qalanı xatirədir…
“Cənab Ali Baş Komandan!” şeiri
Sənin kimi fatehi zaman yetirməz bir də,
Haqq-ədalət carçısı, tarix yazan sərkərdə.
Səndən ilham, güc alır zabit, əsgər səngərdə,
Hərb və sülh meydanında qələbə çalan adam –
Cənab Ali Baş Komandan!
Düşmənimiz baş əyir sən and içən bayrağa,
Sənin azad etdiyin hər bir qarış torpağa.
Anamız Azərbaycan qovuşur Qarabağa,
Qalmayacaq qisassız hər damla tökülən qan –
Cənab Ali Baş Komandan!
Getdiyin bu şanlı yol – Ulu Öndər yoludur,
Sənin ordun yenilməz, sənin xalqın uludur.
“Yaşasın Azərbaycan!” – arzun, amalın budur,
Milyon-milyon ağızdan səslənir xeyir-duan –
Cənab Ali Baş Komandan!
Sən yalnız, tək deyilsən, dağ kimi millətin var,
Sabaha addımlayan müstəqil dövlətin var.
Bircə sözün, əmrinlə bu xalq ayağa qalxar,
Səninlə Azərbaycan – bir könüldə iki can –
Cənab Ali baş Komandan!
Baba Vəziroğlu şeirləri
“Yox” deyəndə mən” şeiri
Qəlbimdən asılan bir daş imiş, daş!
Sən “getmə” deyəndə gözlərində yaş.
Dinə bilməyəydim, lal olaydım kaş,
Dilim quruyaydı “yox” deyəndə mən.
Adım yaman oldu, dillərə düşdüm,
Dərddən havalandım, çöllərə düşdüm,
Bilsən sənsiz necə günlərə düşdüm.
Dilim quruyaydı “yox” deyəndə mən.
Artıq gecikmişəm, getdi o qatar.
Daha “hə” deməyin nə mənası var?
İndi gücüm bircə qarğışa çatar:
Dilim quruyaydı “yox” deyəndə mən.
Mən indi bilirəm neyləməliydim,
“Sənsiz nə günüm var?!” söyləməliydim.
Ömrümdə bircə yol “hə” deməliydim,
Dilim quruyaydı “yox” deyəndə mən!
“Məndən bir də olmayacaq!” şeiri
Var olacaq, yox olacaq,
Məndən birdə olmayacaq!
Gözəl qızlar çox olacaq,
Məndən bir də olmayacaq!
Gecə-gündüz çıraqla sən
Hələ məni gəzəcəksən,
Axtarmaqdan bezəcəksən,
Məndən bir də olmayacaq!
Yollara gül ələsən də,
Səhər-axşam diləsən də,
Başına kül ələsən də,
Məndən bir də olmayacaq!
Başqa yaz, bahar gələcək,
Yağış yağıb, qar gələcək,
Dünya sənə dar gələcək,
Məndən bir də olmayacaq!
Düz qeddini əyəcəksən,
«Hayıf ona» deyəcəksən,
Dizlərinə döyəcəksən,
Məndən bir də olmayacaq!
Yatma belə, hələ oyan,
Getmə belə, hələ dayan,
Səni sevən, səni duyan
Məndən bir də olmayacaq!
“Bağışladım…” şeiri
Olan oldu, keçdi deyib,
Səni yenə bagışladım.
Sevdim səni bircə kərə,
Dönə-dönə bağışladım…
Bağışladım səni yenə,
Bağışladım dönə-dönə.
Tanrı səni verən günə,
Sevən günə bağışladım…
Səninlə bir keçdiyimiz,
Dilləndi hər cığır, hər iz.
Bir yerdə and içdiyimiz,
Aya-günə bağışladım…
Doğma əziz bir küçəyə,
Sənsiz ötən hər gecəyə.
Boynu bükük bir çiçəyə,
Solan gülə bağışladım…
Bu dünyada onu bil ki,
Sən eşqimin sonu, ilki.
Səndən başqa kimim var ki?
Səni sənə bağışladım…
“Sevgi ayrılıqdan güclüdü, vallah” şeiri
Mən uzaq səfərə yol alan gəmi,
Səni tərk edirəm bir liman kimi.
Qorxma ayrılıqdan, burax əlimi,
Sevgi ayrılıqdan güclüdü, vallah.
Dünyada nə qədər sevgi var bil ki,
Sən mənim dilimin əzəli, ilki.
Qorxma ayrılıqdan ölüm deyilki
Sevgi ayrılıqdan güclüdü, vallah.
Sən hələ bilmirsən ayrılıq nədir
Hər səfər könlünü sıxır inlədir.
Ayrılan cisimdir, ruh səninlədir
Sevgi ayrılıqdan güclüdü, vallah.
Sənsiz həyat deyil ömür gün mənə,
Tək sənsən ürəkdən yanan sən mənə.
Qorxma ayrılıqdan, inan sən mənə,
Sevgi ayrılıqdan güclüdü vallah.
Qorxu, intizar var ağlar gözündə
Neçə yalvarış var bircə sözündə
Bir gün biləcəysən elə özün də
Sevgi ayrılıqdan güclüdü, vallah.
Nə fərqi yaxınam yada uzağam
Hələki səninəm nə qədər sağam.
Ölsəm o dünyadan qayıdacağam
Sevgi ayrılıqdan güclüdü, vallah.
Göz yaşı əbəsdi çıxıb gedəcəm
Könlümü odlara yaxıb gedəcəm.
Mən sənə, hamıya sübut edəcəm
Sevgi ayrılıqdan güclüdü, vallah.
Bənzər mövzular:
Axtarış sözləri: baba veziroglu seirler,baba veziroglu xatiredir,şair baba veziroglu sevgi ayriliqdan gucludu,baba veziroglu cix qatar yoluna,baba veziroglu bagisladim,baba veziroglu hava haqqinda,baba vəziroğlu şeirlər,baba vəziroğlu poeziyası,baba vəziroğlu sözləri,baba vəziroğlu məndən bir də olmayacaq,baba vəziroğlu sevgi şeirləri