Sevgiyə Aid Mənalı Şeirlər

Sevgiyə Aid Mənalı Şeirlər
3.9
(11)

Rəssam, sevgilimin rəsmini gəl çək

Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy onun nazını mən özüm çəkim…

Çək onun qaradan qara telini
Çək, rəssam çək onun incə belini
Gözünə çatanda saxla əlini
Can alan gözünü mən özüm çəkim

Çək Tanrı verdiyi gözəl qulunu
Çək dörd bir yanını, sağı solunu
Çək onun keçdiyi həyat yolunu
Qoy ayaq izini mən özüm çəkim
Müəllif:Ömər Xəyyam

Yaylığını yel aparır – Ramiz Rövşən
Saçların dağılıb tamam,
Yaylığını yel aparır.
Qaçıram, tuta bilmirəm,
Qoyma məni tər aparır.

Yuyundum, tərdə yuyundum,
Axır yoruldum oturdum,
Qayıtdım, gördüm toyundur,
Gördüm səni ər aparır.

Saçına güllər taxırsan,
Ovcuna xına yaxırsan,
Sən orda göyə baxırsan,
Burda məni yer aparır…

Əllərin nə yaman soyuqdur gülüm – Nüsrət Kəsəmənli
Əllərin nə yaman soyuqdur, gülüm,
Əllərin elə bil qar çiçəyidir.
Ay aman, əlində dondu ki əlim,
Əllərin əlimin buz əlcəyidir.
Biz ki cənubluyuq,
bu soyuq hardan?
Gərək külümüz də soyuq olmasın.
Gözümüz dünyada ən qaynar bulaq,
Gərək əlimiz də soyuq olmasın.
Oddan yoğrulmuşuq, atəşik axı,
Qəlbimiz duyğular tonqalı kimi.
Yanağın elə bil alov dilmi,
İllərin bir taxta yonqarı kimi…
Əllərin nə yaman soyuqdur, gülüm,
Niyə bu soyuğu indi duymuşam?
Bir ömrün məhəbbət taleyini mən
O soyuq əllərə necə qıymışam?!
Ay üzübaharlı,
əli qış sonam,
Gileyim gülməli gəlməsin mənim.
Qorxuram
sevgidə soyumağın da
Əlindən başlaya,
əlindən sənin;
Əllərin nə yaman soyuqdur, gülüm…

SEVGİ AYRILIQDAN GÜCLÜDÜ VALLAH – BABA VƏZİROĞLU

Mən uzaq səfərə yol alan gəmi,
Səni tərk edirəm bir liman kimi.
Qorxma ayrılıqdan burax əlimi,
Sevgi ayrılıqdan güclüdü vallah.

Dünyada nə qədər sevgi var bil ki,
Sən mənim dilimin əzəli, ilki.
Qorxma ayrılıqdan ölüm deyilki
Sevgi ayrılıqdan güclüdü vallah.

Sən hələ bilmirsən ayrılıq nədir
Hər səfər könlünü sıxır inlədir.
Ayrılan cisimdir, ruh səninlədir
Sevgi ayrılıqdan güclüdü vallah.

Sənsiz həyat deyil ömür gün mənə,
Tək sənsən ürəkdən yanan sən mənə.
Qorxma ayrılıqdan inan sən mənə,
Sevgi ayrılıqdan güclüdü vallah.

Qorxu intizar var ağlar gözündə
Neçə yalvarış var bircə sözündə.
Bir gün biləcəysən elə özün də
Sevgi ayrılıqdan güclüdü vallah.

Nə fərqi yaxınam yada uzağam
Hələki səninəm nə qədər sağam.
Ölsəm o dünyadan qayıdacağam
Sevgi ayrılıqdan güclüdü vallah.

Göz yaşı əbəsdi çıxıb gedəcəm
Könlümü odlara yaxıb gedəcəm.
Mən sənə, hamıya sübut edəcəm
Sevgi ayrılıqdan güclüdü vallah.

PALID – Məmməd Araz
Sevgilim, o qoca palıda bir bax,
Yenə puçurlayıb onun budağı.
Yadına gəlirmi iki il qabaq
O ilk görüşümüz, o bahar çağı?

Durmuşduq dibində o palıdın biz,
Ətrafda min rəngli çiçək var idi.
Çırpınan, titrəyən bizim qəlbimiz,
Bir də o palıdın yarpaqlarıydı.

Görüb neçə bahar, qış havasını,
Durur qoca palıd bir xatirə tək.
Min yol dəyişsə də, o libasını,
Bizim ilk sevgimiz dəyişməyəcək!

YAMAN DARIXMIŞAM – Bəxtiyar Vahabzadə
Yaman darıxmışam səninçin, yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan,
Sevgini gizlətmək mahalmış, demə!

Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı, bu necə haydı?
Öhdəmdən gələrdim… Gözüm üzünə,
Qulağım səsinə darıxmasaydı…

sponsor 3

Elə bil hər yerdən üzülüb əlim…
Mən azıb qalmışam qəm dərəsində.
Dirilib yaşanır sənli günlərim
Sənsiz günlərimin xatirəsində.

Yaman darıxmışam… Bu nədir yenə
Ağlım sağa baxır, ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.

Yaman darıxmışam… Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı, mən darıxmağı
Zamana ən uzun ölçü sanardım.

Yuxuma gəlmişdin…
Qısıldıq küncə.
Danışdıq…
Yel əsdi…
Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,
Səni görüncə
Sənin işığında yox oldu kölgəm.

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.9 / 5. Səs sayı: 11

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir